“Sumqayıt”ın yeni baş məşqçisi: “Qazanacağım uğurlarla klubdakı fəaliyyətimin davamlı olmasına çalışacağam”
Qazanacağım uğurlarla klubdakı fəaliyyətimin davamlı olmasına çalışacağam.
Bunu “Report”a açıqlamasında “Sumqayt”ın yeni baş məşqçisi Vaqif Cavadov deyib.
35 yaşlı mütəxəssis təyinatı ilə bağlı fikirlərini bölüşüb:
“Yeni təyinatımla bağlı məni təbrik edənlərə və bu işdə öz güvənini göstərən “Sumqayıt” klubunun rəhbərliyinə təşəkkürümü bildirirəm. Çalışacağam ki, ümidləri doğruldum. Bu, karyeramda ilk böyük addımdır. Daha əvvəl əvəzedicilərdə çalışmışam. Premyer Liqa klubunda ilk böyük sınağım olacaq. Müvəqqəti olaraq “Sumqayıt”ın baş məşqçisi təyin olunmuşam. Qazanacağım uğurlarla klubdakı fəaliyyətimin davamlı olmasına çalışacağam”.
Qeyd edək ki, “Sumqayıt”ı son olaraq Samir Abasov çalışdırıb. “Gənclik şəhəri” təmsilçisi bu gün mütəxəssislə yollarını ayırdığını və baş məşqçi postuna Vaqif Cavadovu gətirdiyini açıqlayıb.