Separatçıları ədalətli mühakimədən yayındırmağa xidmət edən hərəkətlər Ermənistan rəhbərliyinin və Qərb dairələrinin gerçək simasını ifşa edir

0

Ermənistan baş naziri Nikol Paşinyanın 12 oktyabr tarixində “Sülh qovşağı: təhlükəsizlik və demokratiyanın vəhdəti” adlı forumda çıxışı zamanı istər kommunikasiyaların açılması məsələsi ilə bağlı səsləndirdiyi fikirlər, istərsə də “hərbi əsirlər”in qaytarılmadığını iddia etməsi absurdluğun və siyasi fitnəkarlığın zirvəsidir. Bu adam ənənəvi erməni xislətinə sadiq qalaraq Azərbaycan Respublikasının qərb rayonlarını Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizinin açılması ilə bağlı yenə də dolaşıq, ziddiyətli fikirlər səsləndirib və 10 noyabr tarixli üçtərəfli bəyanatın 9-cu bəndində Ermənistanın kommunikasiyaların açılmasına dair öhdəliyinin yerinə yetirilməsi üçün konkret addımlar atmaqdan növbəti dəfə yayınıb. Hərçənd ki, üçtərəfli bəyanatın 9-cu bəndində Ermənistanın kommunikasiyaların açılması xüsusunda hansı öhdəliklərinin olduğu və nəqliyyat əlaqəsi üzrə nəzarətin hansı formada təşkil olunacağı barədə hər şey aydın şəkildə qeyd olunub. Lakin Paşinyan isə həyasızcasına bütün bunları danır.

“Hərbi əsirlər” məsələsində də eyni həyasızlıq müşahidə olunur. Biz bu “hərbi əsirlər” ifadəsini ona görə dırnaq arasında qeyd edirik ki, çünki əsl həqiqətdə belə bir məsələ yoxdur. Son 4 ildə regionda cərəyan edən prosesləri diqqətlə izləyən hər kəs bilir ki, Azərbaycan tərəfi indiyə qədər bütün hərbi əsirləri Ermənistan tərəfinə təhvil verib. Bu da Azərbaycanın humanizm prinsiplərinə axıra qədər sadiq qalmasının nəticəsidir. Hərbi əsirlərin Ermənistana təhvil verildiyini təsdiqləyən bütün dəlil-sübutlar da ortadadır. Bu mənada Ermənistan baş nazirinin və ona havadarlıq edən ermənipərəst Qərb siyasi dairələrinin 2023-cü ilin 19-20 sentyabr tarixində həyata keçirilmiş lokal antiterror əməliyyatının nəticəsində həbs olunmuş separatçı xunta rejiminin nümayəndələrini və Xocalı qatillərini “hərbi əsir”lər kimi təqdim etməyə çalışması həqiqətən də absurddur.

Həmçinin Niderland Krallığı Parlamenti Nümayəndələr Palatasının qəbul etdiyi anti-Azərbaycan xarakterli iki qətnamə də, Avropa Parlamentinin ermənipərəst deputatı Natali Luazonun jurnalistlərə müsahibəsində Azərbaycana qarşı uydurma və həqiqətdən uzaq “məlumat”larla çıxış etməsi də ölkəmizi əsassız olaraq hədəf alan və Cənubi Qafqaz regionunda real vəziyyəti təhrif edən qərəzli siyasi hərəkətlərdir. Biz bu hərəkətləri qətiyyətlə pisləyir və rədd edirik. COP29-u pozmağa və separatçıları ədalətli mühakimədən yayındırmağa xidmət edən bu cür hərəkətlər Ermənistan rəhbərliyinin də, Qərb dairələrinin də gerçək simasını ifşa edir.

Bu dairələr Azərbaycana qarşı ərazi iddiaları sürən, konstitusion quruluşu dəyişdirməyə cəhd göstərən, ərazilərimizdə quldur dəstələri yaradan, torpaqlarımızı minalayan, insanlarımızı qətlə yetirən keçmiş separatçı rejimin nümayəndələrini və terrorçuları “hərbi əsir” kimi qələmə verərək onların azad olunmasını tələb edirlər. Hazırda Bakıda məhkumluq həyatı yaşayan və haqq etdikləri cəzanı gözləyən erməni separatçıların “hərbi əsir” kimi qələmə verilməsi beynəlxalq hüququn prinsiplərinə ziddir, qanunun aliliyinə hörmətsiz yanaşmadır. Erməni təbliğatının girovuna çevrilmiş bəzi dövlətlərin, beynəlxalq təşkilatların və ayrı-ayrı parlamentarilərin separatçı və terrorçuları “hərbi əsirlər” kimi təqdim etmələri Qərbin mənəvi-siyasi iflasının göstəricisidir. Azərbaycan isə separatçıların hərbi cinayətlərini, insanlıq əleyhinə suçlarını bağışlamaq fikrində deyil. Separatçıları və terrorçuları heç vaxt bağışlamaq olmaz. Ölkəmizə qarşı aparılan qarayaxma kampaniyaları separatçıları məsuliyyətdən xilas edə bilməz.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Leave A Reply

Your email address will not be published.

Tərcümə »