Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov parlamentdəki müzakirələrdə ABŞ konqresmenlərinin Azərbaycan əleyhinə fəaliyyətinə etirazını bildirib.
İctimai Rəy xəbər verir ki, Musavat.com-un məlumatına görə, Ə.Əhmədov Azərbaycana qarşı sanksiya tətbiq etmək cəhdlərinin əvvəllər də olduğuna diqqət çəkib.
Qeyd edib ki, Azərbaycana qarşı sanksiya tətbiq etmək cəhdləri bizim üçün yeni deyil:
“ABŞ 90-cı illərdə də Azərbaycanın əl-qolunu bağlamaq məqsədilə bu addımı atıb. Amma bu, Azərbaycana mane olmadı. Azərbaycan gücləndi, qüvvətləndi, öz torpaqlarını işğaldan azad etdi. O vaxt 907-ci düzəliş Azərbaycana təsir etmədisə, indi öz torpaqlarını azad etmiş, güclü Azərbaycanı hər hansı sanksiya ilə yolundan döndürmək mümkün deyil. Azərbaycan bütün dövlətlərlə sülh içərisində fəaliyyət göstərmək modeli tətbiq edir. İnanıram ki, bu günə qədər Prezident İlham Əliyevin yürütdüyü siyasət qalib gəldiyi kimi, bundan sonra da qalib gələcək. Azərbaycanı hər hansı sanksiya ilə yolundan döndərmək mümkün deyil”.
Əli Əhmədov bildirib ki, əgər 90-cı ildə ölkəmizə qarşı tətbiq edilən sanksiya bizi sarsıda bilmədisə, əksinə, daha da qüvvətləndiksə, bu gün güclü Azərbaycana tətbiq edilən sanksiyaların heç bir nəticəsi olmayacaq:
“Hesab edirəm ki, son tarix, qazandığımız zəfər Ermənistan üçün ağıllı dərs olmayıb. Azərbaycan bütün dövlətlərlə sülh modelində çalışmaq niyyətindədir. Azərbaycanı nə sanksiya, nə də hansısa təhdidlərlə yolundan döndərmək mümkün olacaq”.