Hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyası Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımayacaq. Musavat.com xəbər verir ki, bu barədə partiya üzvü Mamuka Mdinaradze öz Facebook səhifəsində yazıb .
“Heç bir tanınma və ya buna bənzər antimilli məsələlər nəzərdən keçirilmir! Bura konfederasiyaya razılığın istisna edilməsi daxildir ki, bu da işğal olunmuş ərazilərin müstəqilliyinin tanınması deməkdir”, – deyə, deputat bildirib.
Sentyabrda hakim “Gürcü Arzusu” partiyasının baş katibi, Tiflis meri Kaxa Kaladze Gürcüstanın Abxaziya və Cənubi Osetiya ilə bağlı səhvlərə yol verdiyini və bu respublikalarla münasibətləri yaxşılaşdırmaq istədiyini bəyan edib. Onun sözlərinə görə, Gürcüstan öz ərazi bütövlüyünü bərpa etmək və sülh şəraitində yaşamaq istəyir.
Yada salaq ki, bu günlərdə hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyası partiyanın təsisçisi Bidzina İvanişvili ölkəni ərazi bütövlüyünün bərpasına imkan verəcək konstitusiya modelinə keçirməyə hazır olduğunu bəyan edib.
“Oktyabrın 26-da səs çoxluğu əldə etsək, “Gürcü arzusu” komandası ölkəni uzun illərin arzusunu – vahid və güclü Gürcüstanı görmək imkanı verəcək konstitusiya modelinə keçməyə hazırdır ” deyə, İvanişvili bildirib. O həmçinin vurğulayıb ki, Gürcüstanın ərazi bütövlüyünün bərpası yalnız “sülh yolu ilə, barışıq və qarşılıqlı bağışlama əsasında” mümkündür.
Həftəsonu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada Abxaziyanın xarici işlər naziri Sergey Şamba və Cənubi Osetiyanın xarici işlər naziri Axsar Djioyev ilə görüşüb. Görüşlər ikitərəfli və üçtərəfli formatda baş tutub.
Sergey Lavrov qondarma Cənubi Osetiyanın “XİN”rəhbəri ilə görüşdə Rusiyanın “2008-ci ilin qərarlarına yenidən baxılmayacağını” bəyan edib.“Biz dostlarımıza ikitərəfli müqavilələrdə nəzərdə tutulduğu kimi təhlükəsizliyin təmin edilməsində, sosial-iqtisadi və digər sahələrin inkişafında, dövlətin möhkəmləndirilməsində köməkliyimizi davam etdirəcəyik. Bizim üçün doğru yeganə yol irəliləməkdir – 2008-ci ilin qərarlarına yenidən baxılmayacaq”, – Lavrov bildirib.
Rusiya XİN rəhbəri Sxinvalidən Ukraynadakı müharibədə Rusiya tərəfindən iştirakına görə minnətdarlığını bildirib. Lavrov təhlükəsizlik və sabitliklə bağlı müzakirələrin Cenevrədən başqa şəhərə keçirilməsi mövzusuna da toxunub.“Biz bu yaxınlara qədər Cenevrədə keçirilən Transqafqaz üzrə məsləhətləşmələr çərçivəsində abxaz dostlarımızla sıx əməkdaşlıq edirik. İndi görəcəyik ki, bu cür görüşü harada təşkil etmək daha əlverişlidir” deyə, Lavrov bildirib.