Şəhidlərimiz öz canları, qanlarıyla bu müharibəni Vətən müharibəsinə çevirdilər

0

Bu gün rəqəmlərin sirrinə, sakrallığına bürünən tarixi günlərimizdən birini yaşayırıq. Vətən müharibəsinin başlanmasından 4 il ötür. Ölkəmizin hər yerində Anım Günü qeyd olunur, şəhidlərimiz dərin hörmət və ehtiramla anılır. Azərbaycan hərb tarixinə qızıl hərflərlə yazılan 44 günlük İkinci Qarabağ müharibəsi şəhidlərimizin qəhrəmanlıq əsəridir. Böyük igidlik nümunəsi göstərən zabit və əsgərlərimiz, qazilərimiz 30 ilə yaxın davam edən yurd, torpaq həsrətimizə son qoymaq üçün öz canlarını qurban veriblər. Elə onların bu fədakarlıqlarına görədir ki, biz İkinci Qarabağ müharibəsinə həm də Vətən müharibəsi deyirik. Bəli, şəhidlərimiz öz canları, qanlarıyla bu müharibəni Vətən müharibəsinə çevirdilər.

Düz 4 il əvvəl, sentyabrın 27-də 44 günlük savaş başladı. Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq ildırımsürətli əks-hücum əməliyyatına start verdi. Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin əmri ilə torpaqlarımızın azadlığı uğrunda mübarizəyə başlayan rəşadətli Azərbaycan Ordusu 30 il işğalda qalan əraziləri sürətlə düşmən tapdağından təmizləməyə başladı. Bu savaş hər bir əsgər və zabitimiz üçün müqəddəs savaş idi. Onlar 30 ilə yaxın davam edən işğala, erməni barbarlığına son qoymaq üçün döyüşürdülər.

Sentyabrın 27-də başlayan və noyabrın 10-na qədər davam edən 44 günlük “Dəmir yumruq” əməliyyatı nəticəsində Azərbaycan Silahlı Qüvvələri Qarabağ və Şərqi Zəngəzurda 5 şəhər, 4 qəsəbə və 286 kəndi düşmən tapdağından azad etdi. Ermənistan ordusu cəmi 44 gün ərzində darmadağın edildi və ermənilərin öz döyüş qabiliyyətləri, məğlubedilməzlikləri haqqında yaratdıqları miflər bir göz qırpımında dağıldı, bütün dünya Ermənistan ordusunun 44 gün ərzində necə acınacaqlı, miskin bir duruma salındığını gördü.

Həmin günlərdə Ermənistanın baş naziri Nikol Paşinyanın rüsvayçı məğlubiyyətin qarşısını almaq üçün telefondan asılı qaldığı, dünya liderlərinə (xüsusən də Rusiya lideri Vladimir Putinə) tez-tez zəng vurub yalvardığı, onları müharibənin dayandırılması üçün Prezident İlham Əliyevdən xahiş etməyə minnətçi salmağa çalışdığı hamıya məlumdur. Lakin Azərbaycan Prezidentinin həmin günlərdə səsləndirdiyi tarixi ifadəni hamımız yaxşı xatırlayırıq: “Şuşasız bizim işimiz yarımçıq qalar”. Bəli, Cənab Prezident anlayırdı ki, Şuşasız bizim qələbəmiz həqiqətən də yarımçıq olardı. Ona görə də dövlətimizin başçısı həmin günlərdə ermənipərəst qüvvələrin, erməni lobbisinin və Ermənistanın havadarlarının böyük təzyiqlərinə baxmayaraq öz prinsipial mövqeyindən bir addım da geri çəkilmədi. Və məhz Şuşanın azad edilməsindən iki gün sonra, noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə Üçtərəfli Bəyanat imzaladılar. Razılaşmaya əsasən, Kəlbəcər, Ağdam və Laçın rayonları isə heç bir döyüş əməliyyatı aparılmadan, itki vermədənAzərbaycana qaytarıldı.

Bu, sözün həqiqi mənasında triumfal Qələbə idi. Ermənistanın kapitulyasiya aktı kimi tarixə düşən Üçtərəfli Bəyanatın əksər müddəaları son dörd ildə Azərbaycanın uğurlu diplomatiyası və hərbi çevikliyi nəticəsində həyata keçirilib. 2023-cü il 19-20 sentyabrda keçirilən lokal antiterror əməliyyatı nəticəsində suverenliyimizin bərpasına tam olaraq nail olunub, Qarabağda separatizmin kökü kəsilib, Ermənistan ordusunun qalıqları da ərazilərimizdən tamamilə çıxarılıb. Vətən müharibəsi zamanı döyüş meydanını qoyub qaçan ermənilərdən ələ keçirilən xeyli sayda hərbi qənimətlər isə hazırda paytaxtımızdakı Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Bunun özü də ermənilərin illərdir təbliğ edib özlərini inandırdıqları “döyüşkən xalq” mifinin miskinliyini bir daha ortaya qoyur.

44 gün davam edən İkinci Qarabağ müharibəsi kimin kim olduğunu bütün dünyaya əyani nümayiş etdirdi. Şanlı Azərbaycan Ordusunun gücünü göstərən, Azərbaycan xalqının və dövlətinin qələbəsi ilə başa çatan bu müharibə təcavüzkar Ermənistan ordusunun darmadağın edilməsi, ədalət və beynəlxalq hüququn bərpa olunması ilə nəticələndi. 44 günlük müharibə həmçinin xalq-ordu-iqtidar birliyinin parlaq təcəssümü kimi tarixə düşdü və bu gün Azərbaycan xalqı, Azərbaycan dövləti qalib xalq kimi, qalib dövlət kimi yaşayır.

30 illik işğala son qoyaraq tarixi Zəfərə imza atan Azərbaycan 44 günlük müharibədən sonra tamamilə fərqli bir ölkəyə çevrildi. Uzunmüddətli münaqişələrdən, işğallardan əziyyət çəkən bir çox xalqlardan fərqli olaraq biz 200 illik problemi 44 günə həll etdik və bununla da bütün xalqlara örnək olduq. Sentyabrın 23-də yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxış edən Prezident İlham Əliyevin vurğuladığı kimi “tarixi Zəfərimizdən sonra bizim beynəlxalq nüfuzumuz bir neçə dəfə artıb. Beynəlxalq mövqelərimiz möhkəmlənib, beynəlxalq ictimaiyyət bizimlədir. Dostlarımızın bütün qitələrdə sayı artır. Biz indi – İkinci Qarabağ müharibəsindən və suverenliyimizi bərpa edəndən sonra daha fəal xarici siyasət aparacağıq”.

Vətən müharibəsində misilsiz igidliklə döyüşən və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban verən əsgər və zabitlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyev 27 sentyabr gününün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı 2020-ci il 2 dekabr tarixində Sərəncam imzalayıb. Artıq dörd ildir ki, ölkəmizdə Anım Günü dövlət səviyyəsində qeyd olunur. Qədirbilən xalqımız da şəhid ruhlarına ehtiramlarını nümayiş etdirmək üçün bu gün şəhid məzarlarını ziyarət edir, şəhidlərimizin doğmalarına mənəvi dəstək olurlar. Biz də böyük Zəfərə aparan yolun başlanğıc günü olan 27 sentyabr – Anım Günündə əziz şəhidlərimizi rəhmət və sayğı ilə anır, onların ruhları qarşısında baş əyirik. Şəhidlər ölməz, Vətən bölünməz!

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Leave A Reply

Your email address will not be published.

Tərcümə »