BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində sentyabrın 25-də Nyu-Yorkda COP29 sədri qismində Azərbaycanın təşəbbüsü ilə “İqlim Şəffaflığı üzrə Yüksək Səviyyəli Forum” keçirilib.
“Report” xəbər verir ki, tədbirdə ümumilikdə 80-ə yaxın ölkə və beynəlxalq təşkilatlardan yüksək səviyyəli rəsmilər iştirak ediblər.
Forumun əsas məqsədi Paris Sazişi çərçivəsində yaradılan Genişləndirilmiş Şəffaflıq Çərçivəsinin (ETF) əsas komponenti olan İkiillik Şəffaflıq Hesabatlarının (BTR) hazırlanma prosesinə dəstək göstərmək, bu istiqamətdə tərəf ölkələr ilə donor təşkilatlar və digər maraqlı tərəflər arasında əməkdaşlığı gücləndirmək olub.
COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev açılış nitqində iqlim şəffaflığının əhəmiyyətinə toxunub, bu sahədə COP29 Sədrliyi tərəfindən görülən işlər və qarşıda duran fəaliyyət planları barədə iştirakçıları məlumatlandırıb. O, bu il ilk dəfə təqdim ediləcək BTR-ların iqlim dəyişmələri sahəsində görülən işlərin obyektiv qiymətləndirilməsində mühüm rol oynadığını bildirib. Bu xüsusda, COP29 Sədrliyi tərəfindən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Katibliyi və digər tərəfdaşlar ilə birlikdə BTR-ların hazırlanması mövzusunda Bakıda və dünyanın müxtəlif regionlarında təşkil edilən təlim seminarlarının əhəmiyyəti vurğulanıb.
Tədbir çərçivəsində COP29-un iqlim şəffaflığı üzrə əsas irsi hesab edilən və tərəf ölkələr arasında etimadın qurulmasına, BTR-ların hazırlanmasında potensialın artırılmasına yönəlmiş “Bakı Qlobal İqlim Şəffaflığı Platforması”nın (BTP) təqdimatı da keçirilib.
COP29-un Baş Danışıqçısı Yalçın Rəfiyev çıxışında BTP-nin qlobal iqlim şəffaflığı prosesində mühüm bir platforma olacağını vurğulayıb. O, BTP-nin əsas məqsədinin tərəf dövlətləri arasında inam və etimad yaratmaq, eləcə də inkişaf etməkdə olan ölkələrə BTR-lərin hazırlanması və yekunlaşdırılmasında dəstək göstərməklə yanaşı, ETF-də universal iştirakı təşviq edərək şəffaflıq gündəliyini COP29-dan sonra da davam etdirmək olduğunu qeyd edib.
Tədbir zamanı həmçinin COP29-un iqlim şəffaflığı üzrə təyin olunmuş yüksək səviyyəli cütlüyü olan Qazaxıstan Respublikası Prezidentinin müşaviri və beynəlxalq ekoloji əməkdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi Zülfiyyə Süleymanova və İtaliyanın İqlim dəyişikliyi üzrə xüsusi elçisi Françesko Korvaro tərəfindən iqlim şəffaflığı və BTR-larla bağlı sədrliyin yol xəritəsi və qarşıda duran fəaliyyət planları təqdim olunub.
Tədbir çərçivəsində baş tutan panel müzakirələri zamanı Yaponiya, Misir, Samoa, ABŞ, Türkiyə, İsveçrə, Almaniya, Fransa, Gürcüstan, Macarıstanın nazir və nazir müavinləri, iqlim üzrə baş danışıqçıları, eləcə də UNFCCC, BMT-nin İnkişaf Proqramı (UNDP), BMT-nin Ətraf Mühit Proqramı (UNEP) və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) yüksək səviyyəli nümayəndələri çıxış edərək iqlim şəffaflığı sahəsində COP29 Sədrliyinin töhfələrinin mühüm əhəmiyyət kəsb etdiyini, eləcə də Bakı Qlobal İqlim Şəffaflığı Platformasına (BTP) dəstəklərini ifadə ediblər.