İlham Əliyevin Fransanın və digər ölkələrin Ermənistanı silahlandırmasının fəsadları barədə fikirləri Paşinyanı da, erməni xalqını da ciddi şəkildə düşündürməlidir

0

Suverenliyimizin tam bərpasından sonra ilk dəfə bütün ölkə ərazisində keçirilən 1 sentyabr növbədənkənar parlament seçkilərinin nəticələrinin Konstitusiya Məhkəməsinin plenumunda təsdiqinin ardınca baş tutan VII çağırış Milli Məclisin açılış iclasında Prezident İlham Əliyevin geniş və məzmunlu çıxışı yaxın gələcəyimiz üçün əsas istiqamətverici proqram rolunu oynayacaq. Çıxışında ölkə və qlobal əhəmiyyətli məsələlərə toxunan dövlətimizin başçısı istər yeni parlamentimizin, istərsə də bütövlükdə ölkəmizin qarşısında duran prioritet vəzifələri açıqladı.

Prezident İlham Əliyevin parlamentdə çıxışında bəyan etdiyi əsas prioritet olacaq istiqamətlərdən bəzilərini ayrıca olaraq ictimaiyyətin diqqətinə çatdırmaq vacibdir. Çünki həmin məqamlar həm də bütün anti-Azərbaycan qüvvələrə, eləcə də sülhdən yayınan, sürətlə silahlanma yolunu tutaraq revanşizmə meyllənən Ermənistana və onun havadarlarına da açıq ismarıc xarakteri daşıyır.

Cənab Prezident çıxışının əvvəlində qeyd etdi ki, builki prezident və parlament seçkiləri müstəqil ölkəmizin tarixində ilk dəfə olaraq ölkəmizin bütün ərazisində keçirildi. Bu, ölkəmiz və xalqımız üçün həqiqətən də mühüm tarixi hadisədir: “İkinci Qarabağ müharibəsi və suverenliyimizin tam bərpa edilməsi dünya miqyasında tarixi hadisədir. Azərbaycan xalqı güclü iradə, birlik göstərərək 30 il davam edən işğala son qoydu. Azərbaycan dövləti öz gücünü göstərdi, xalqımız isə bütün dünyaya öz əyilməz ruhunu göstərmişdir. Ona görə əminəm ki, 2024-cü il bu baxımdan tarixdə qalan il olacaq. Çünki prezident və parlament seçkiləri bütün ərazilərdə keçirilərək bir daha Azərbaycan xalqı öz iradəsini ortaya qoydu”.

Ölkə qarşısında duran mühüm vəzifələr haqqında öz fikirlərimi parlamentarilərlə və Azərbaycan xalqı ilə bölüşən Prezident İlham Əliyev vurğuladı ki, bəli, bu gün ölkə qarşısında ilk növbədə Qarabağı və Şərqi Zəngəzuru bərpa etmək vəzifəsi dayanır. Lakin bu vəzifənin öhdəsindən müvəffəqiyyətlə gəlməyimizin yolu isə hərbi gücümüzün daha da artırılmasından keçir. Əgər biz hərbi sahəyə diqqətimizi azaltsaq və oraya ayrılan vəsaiti lazımi səviyyədə təmin etməsək, gələcəkdə bir sıra ekzistensial təhlükələrlə üzləşə bilərik. Ona görə də bu gün birinci dərəcəli vəzifə kimi hərbi gücümüzün artırılması əsas prioritetimiz olmalıdır.

Dövlət başçısı hərbi gücümüzün artırılmasının vacibliyini ilk növbədə dünyada gedən təlatümlü geosiyasi proseslər və eyni zamanda, Ermənistanda revanşizm meyllərinin artması ilə əlaqələndirdi: “Birinci nömrəli vəzifə hərbi gücümüzün artırılmasıdır. Baxmayaraq ki, İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı arxada qaldı, həm dünyada gedən proseslər, yeni münaqişə, müharibə ocaqlarının yaradılması və ətrafımızda gərginliyin artması, eyni zamanda, Ermənistanda revanşizm meyilləri bizi bu sahəyə daim diqqət göstərməyə vadar edir. Hərbi gücümüz olmasa, biz heç bir müstəvidə – nə iqtisadi, nə siyasi müstəvidə uğur qazana bilmərik. Hesab edirəm ki, müstəqil Azərbaycanın tarixi, o cümlədən 30 illik işğal bunu əyani şəkildə göstərir. Bizim hərbi imkanımız, gücümüz olmasaydı, heç vaxt torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. İndi dünyada nəinki siyasətlə məşğul olanlar, hesab edirəm ki, bütün insanlar görürlər ki, beynəlxalq hüquq anlayışı tamamilə sarsılıb. İkinci Dünya müharibəsindən sonra formalaşmış təhlükəsizlik arxitekturası artıq mövcud deyil, “Kim güclüdür, o da haqlıdır” prinsipi üstünlük təşkil edir”.

Beynəlxalq hüququn iflasa uğraması, böyük dövlətlərin öz xarici siyasətlərini “kim güclüdür, o da haqlıdır” kimi cəngəllik prinsipinin üzərində qurması və onların bu kontekstdə Cənubi Qafqazda yeni hərbi eskalasiyaya rəvac verməsi Azərbaycanı istər-istəməz öz hərbi potensialının artırılmasına, ordusunun gücləndirilməsinə vadar edir. Azərbaycan Fransa, ABŞ və Avropa İttifaqının Avropa Sülh Fondunun “çətir”i altında Ermənistanı silahlandırmasına və revanşizmə sürükləməsinə seyrçi qala bilməz. Bu gün Ermənistanda revanşist qüvvələr baş qaldırır. Söhbət təkcə Ermənistan müxalifətindən və terrorçu-marginal qüvvələrdən yox, həm də hazırkı Ermənistan hakimiyyətindən gedir. Paşinyan və onun komanda üzvləri üzdə sülhdən danışsalar da, lakin gerçəklikdə onlar da revanşist xülyalarla yaşayır. Ermənistan iqtidarı və müxalifəti İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələri ilə barışmaq istəmir. Bu baxımdan, biz onların üzdə sülhdən dəm vurmalarına inana bilmərik. Çünki onların realda yürütdükləri siyasətləri, addımları tamamilə sülhün əksinə olan bir mənzərə yaradır.

Ermənistan məqsədyönlü şəkildə sülh prosesini pozur. Sülh sazişi layihəsi ilə bağlı Ermənistanın son cavabının 70 gün sonra Azərbaycana təqdim olunması da bundan xəbər verir. Son vaxtlar həm Ermənistanda, həm də Ermənistana havadarlıq edən ölkələrin parlamentlərində, siyasi dairələrində “Dağlıq Qarabağ” ifadəsinin yenidən tez-tez səsləndirilməyə başlanması, Paşinyan və Mirzoyanın Azərbaycanın Qarabağda antiterror əməliyyatları aparmasının ildönümündə mifik “etnik təmizləmə”dən bəhs etməsi, Ermənistanın Azərbaycanla şərti sərhəddə atəşkəsi tez-tez pozması, ABŞ və Fransa zabitlərinin Ermənistan ordusunda təlimlər keçirməsi, Ermənistan hakimiyyətinin konstitusiyası dəyişdirməkdən imtina etməsi, eləcə də İrəvanın Minsk qrupunun ləğvi ilə bağlı təklifimizə müsbət cavab verməkdən yayınması və sülh sazişi layihəsi ilə bağlı Azərbaycanın son şərhlərinə Ermənistanın cavabının qəsdən yubadılaraq 70 gün sonra təqdim olunması kimi hallar Ermənistan tərəfinin sülhə yox, müharibəyə hazırlaşdığını göstərir. Rəsmi İrəvan bu kimi məsuliyyətsiz addımları ilə məqsədyönlü şəkildə vaxtı uzadır.

Cənab Prezident də bu məqamlara toxunaraq bildirdi ki, Ermənistan vaxtı uzatmaq və bu vaxtdan istifadə edərək xarici himayədarlarının dəstəyi ilə ordusunu silahlandırmaq, Azərbaycanı yeni münaqişəyə cəlb etmək istəyir. Ermənistanın Minsk qrupunun ləğvindən müxtəlif bəhanələrlə imtina etməsi və COP29-a qədər Azərbaycanla sülh müqaviləsinin imzalanmasına heç bir təşəbbüs göstərməməsi, eləcə Ermənistanın himayədarlarının bizə qarşı yenidən Qarabağ mövzusunu ortaya atması onu deməyə əsas verir ki, qarşı tərəf revanşist planlarından əl çəkməyə hazırlaşmır.

Prezident İlham Əliyev parlamentdəki çıxışında artıq çoxdan amorf təsisata çevrilmiş Minsk qrupunun bu günə qədər saxlanılmasının da məhz revanşist planlarla bağlı olduğunu vurğuladı: “Bu günə qədər heç bir funksional mahiyyət daşımayan Minsk qrupunun formal olaraq saxlanması da məhz buna dəlalət edir. Hər kəs yaxşı bilir Minsk qrupu nə üçün yaradılmışdır – Qarabağ münaqişəsinin həlli üçün. Qarabağ münaqişəsi həll olunub, tam və birdəfəlik. Ermənistanın rəsmi dairələri də öz bəyanatları ilə sanki bunu etiraf edirlər. Amma bununla paralel olaraq, bizim bütün təkidlərimizə rəğmən, Minsk qrupunu yenə də formal olaraq saxlamaq ancaq bir məqsədi güdə bilər ki, yenidən bizə qarşı ərazi iddiaları baş qaldırsın. Ermənistanın arxasında dayanan ölkələr, onların fəaliyyəti, onların qəbul etdikləri qərarlar, qətnamələr, açıqlamalar – bütün bunlar onu göstərir ki, bizə qarşı bu çirkin oyun hələ bitməyib. Bizim Qələbəmizi həzm edə bilməyən xarici dairələr bizə qarşı yeni planlar hazırlayır”.

Bir sözlə, Azərbaycan mümkün qədər tez bir şəkildə sülh müqaviləsini imzalamağa səy göstərsə də, İrəvanın süni surətdə vaxtı uzatması və sürətlə silahlanma kursunu seçməsi Azərbaycan üçün öz hərbi gücünü artırmaqdan başqa bir yol qoymur. Ona görə də dövlətimizin başçısı çıxışında qeyd etdi ki, indi bir nömrəli vəzifə hərbi gücümüzün artırılmasıdır və biz bunu edirik: “İkinci Qarabağ müharibəsindən keçən dövr ərzində öz hərbi gücümüzü böyük dərəcədə artırmışıq, yeni silahlı birləşmələr yaradıldı, Xüsusi Təyinatlı Qüvvələrin say tərkibi bir neçə dəfə artırıldı. Yeni Xüsusi Təyinatlı Qüvvələr, Komando qüvvələri yaradıldı və onların da say tərkibi ildən-ilə artır və artacaq. Digər xüsusi təyinatlı silahlı birləşmələr yaradılmışdır və gecə-gündüz təlim işləri aparılır. Ordumuzun döyüş qabiliyyəti artır, texnika ilə təchizat lazımi səviyyədə təmin edilir və təmin ediləcəkdir. Ermənistan və onun arxasında duran istənilən ölkə bilməlidir ki, bizimlə şantaj və ultimatum dili ilə danışmaq mümkün olmayacaq. İstənilən cavabı verməyə hazırıq, buna qadirik və hər zaman buna hazır olmalıyıq”.

Prezident həmçinin bütün bunlarla paralel olaraq, yerli hərbi-sənaye kompleksimizi də daha sürətlə inkişaf etdirməli olduğumuzu bildirdi və bu il bu məqsədlə böyük vəsait ayrıldığını, gələn il də xeyli vəsait ayrılacağını nəzərə çatdırdı. Bəs yerli hərbi-sənaye kompleksimizin sürətli inkişafı nəyə görə vacibdir, bunu zəruri edən səbəblər nədir? Dövlətimizin başçısı bunu ilk növbədə bizim xarici mənbələrdən daha az asılılığa nail olmağımızın vacibliyi ilə izah etdi və bildirdi ki, indi bizim bütün hərbi zavodlarımızda genişmiqyaslı modernləşdirmə işləri aparılır, yeni istehsalat sahələri yaradılır: “Bizim bütün hərbi zavodlarımızda genişmiqyaslı modernləşmə işləri aparılır. Deməli, yeni avadanlıq, texnika, silah-sursat istehsal olunur. Bir neçə xarici tərəfdaşla yeni istehsalat sahələrinin yaradılması artıq praktik müstəviyə keçibdir. Yəqin ki, növbəti bir-iki il ərzində bizim hərbi sənaye kompleksimiz daha böyük olacaqdır, həm çeşidlərin sayına, həm də ki, istehsal olunacaq məhsulların keyfiyyətinə görə. Burada bir neçə məqsəd güdülür. İlk növbədə, yerli hərbi sənaye kompleksinin yaradılması hər bir ölkənin ümumi gücünü və inkişafını göstərir. İkincisi, biz xarici mənbələrdən daha az asılı olmalıyıq. Təbii ki, bu asılılığı tam aradan qaldırmaq mümkün olmayacaq. Bunu da biz bilməliyik. Amma maksimum dərəcədə özümüzü yerli istehsalla təmin etməliyik. Bu sahədə, xüsusilə müasir dövrdə tətbiq olunan texnoloji yeniliklər bizim ümumi intellektual potensialımızı gücləndirəcək. Çünki bu sahədə çalışan kadrlar, öz işlərini tamamilə yeni, texnoloji və metodoloji əsaslar üzərində qururlar və quracaqlar. Minlərlə yeni iş yeri yaradılacaq. Artıq bütün bunlar bizim təkcə planlarımız deyil, həyata keçirilən layihələrdir”.

Prezident qonşularımızla sərhədlərimizin möhkəmləndirilməsi barədə danışarkən də ilk növbədə Ermənistanla sərhədboyu yerləşən hərbi mövqelərimizin möhkəmləndirilməsinin vacib şərtlərdən biri olduğunu vurğuladı. O, qeyd etdi ki, biz hal-hazırda şərti sərhəddə möhkəmlənirik, çünki hər an Ermənistandan istənilən təxribat gözləmək olar. Dövlətimizin başçısı diqqəti həm də böyük dövlətlərin Ermənistanla hərbi təlimlər keçirməsinə və onu silahlandırmasına yönəltdi. Bu təlimləri niyə keçirlər? Onların Ermənistanı sürətləndirməkdə məqsədləri nədir? Onlar bunu erməni xalqının mənafeyinə görəmi edirlər? Prezident İlham Əliyevin bütün bu sualları cavablandıran açıqlaması Ermənistanın havadarlarını ifşa edir: “Ermənistana Qərb ölkələrindən silah, sursat göndərilir. Bəzi hallarda açıq – necə ki, Fransa-Ermənistan hərbi əməkdaşlığı açıq-aşkar aparılır – bəzi hallarda isə məxfi formada. Ancaq biz indi hər şeyi bilməliyik və bilirik, kimlər nəyi Ermənistana nə vaxt ötürür, hansı hərbi yük təyyarələri Ermənistan hava limanlarına enir və o yük təyyarələrində hansı hərbi məhsullar Ermənistana daşınır. Yəni, Ermənistanı bizə qarşı yönəltmək üçün bəzi Qərb dövlətlərinin planları göz qabağındadır. Təbii ki, onları erməni xalqı maraqlandırmır. Erməni xalqı, sadəcə, onlar üçün bir alətdir, bir vasitədir ki, Azərbaycanı daim təzyiq altında saxlasın, Ermənistan ərazisindən istifadə edərək Azərbaycan üçün və Ermənistanın digər qonşuları üçün təhdid mənbələri yaratsın və beləliklə, öz maraqlarını təmin etsin. Yəni, bu metodologiya kifayət qədər bəsitdir. Ancaq onu da bilməlidirlər ki, biz buna imkan verməyəcəyik. Mən artıq demişəm ki, əgər biz real təhdid görsək, o təhdidi istənilən ərazidə məhv etmək bizim üçün böyük çətinlik yaratmayacaq. Onu hər kəs bilsin. Sərhədlərin mühafizəsi isə həm vizual, həm infrastruktur, həm texnoloji vasitələrlə təşkil edilir və edilməlidir. Ancaq biz hamımız bilməliyik ki, bu, çox böyük, genişmiqyaslı bir işdir”.

İlham Əliyevin Fransanın və digərlərinin Ermənistanı silahlandırmasının fəsadları barədə fikirləri Paşinyanı da, erməni xalqını da ciddi şəkildə düşündürməlidir. Tanınmış rusiyalı ekspert Maksim Şevçenkonun qeyd etdiyi kimi, əslində, Azərbaycan xalqı ilə erməni xalqı arasında sülh mümkündür, lakin nə qədər ki Ermənistan həqiqi azad, suveren dövlət deyil və nə qədər ki, Ermənistan hakimiyyəti Paris, Vaşinqton, Moskva və Tehrana bel bağlayıb öz problemlərinin həllini qıraqda axtaracaq, heç bir sülh müqaviləsi olmayacaq. Böyük dövlətlərin Ermənistanı silahlandırması erməni xalqına xoşbəxtlik yox, fəlakət vəd edir. Onlara Amerikadan indi 250 milyon dollar pul verilir. Eləcə də dırnaqarası “Avropa Sülh Fondu” görünməmiş riyakarlığa yol verib Ermənistanın silahlanması üçün pul ayırır. Həmçinin Fransa da bu ölkəyə pulsuz silah göndərir. Görünən budur ki, Qərb Ermənistanı Cənubi Qafqazın silah cəbbəxanasına çevirir. Ancaq son nəticədə bunun bədəlini yenə də erməni xalqı ödəməli olacaq. Yerablur məzarlığında əsgər qəbirlərinin sayı daha da artacaq.

Dövlətimizin başçısı parlamentarilər qarşısında çıxışında digər vacib vəzifələrimizin ideoloji təhlükəsizliklə bağlı olduğunu diqqətə çatdırdı. O, bildirdi ki, burada da biz daim diqqətli olmalıyıq, çünki bizə qarşı ideoloji təxribatlar davam edir. Düzdür, onların bu günə qədər heç bir nəticəsi olmayıb, çünki bunların qarşısında xalqımızın güclü iradəsi və milli ruhumuz dayanır. Cəmiyyətimizdə xarici ideoloji təxribatlara qarşı kifayət qədər güclü immunitet var. Bu baxımdan ölkəmizdə hər hansı bir ideoloji təxribatın dərin kök salması qeyri-mümkündür. Lakin İlham Əliyevin də vurğuladığı kimi bu, bizi əsla sakitləşdirməməlidir və biz istənilən təxribatlara qarşı daim hazır olmalıyıq, ideoloji təhlükəsizlik məsələləri daim diqqət mərkəzində olmalıdır, həm dövlət qurumlarının, həm qanunvericilik orqanının, həm də ictimai fəalların: “Bizə qarşı aparılan çirkin oyunları ifşa etməliyik, necə ki, edirik, həm rəsmi surətdə, həm ictimai məkanda, həm də media məkanında. Hesab edirəm ki, Azərbaycan xalqı bu gün hər şeyi yaxşı görür, hər şeyi yaxşı bilir – bizim dostumuz kimdir, düşmənimiz kimdir. Əsas meyar ölkələrin bizim suverenliyimizin bərpasına olan münasibətidir, daha başqa uzağa getmək lazım deyil. Bizi kim dəstəkləyib, suverenliyimizin bərpa edilməsində kim təbrik edib? Bu, bizim dostlarımızdır. Buna qarşı kim çıxıb və kim çıxır? Bunlar bizə dost ola bilməzlər. İşğal dövründə bu, o qədər də aydın deyildi”.

Bəli, dövlət başçısının da qeyd etdiyi kimi işğal dövründə bizə qarşı bu qədər açıq, təxribat xarakterli addımlar olmamışdı. Həmin dövrdə böyük dövlətlər, xüsusən ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri əsl niyyətlərini pərdələməyi bacarırdılar. Və bizim torpaqlarımızın işğal altında qalması onları tam qane edirdi. Cənab Prezidentin vurğuladığı kimi onların məqsədi buydu ki, Azərbaycan dövləti daim təzyiq altında olsun, daim hansısa vasitəçilərə möhtac olsun, daim xalqımız mənəvi əzab çəksin, qaçqınlıq əzabı. Lakin torpaqlarımızı işğaldan azad etməyimiz və bizim bu bəladan canımızı qurtarmağımız bizə qarşı olan anti-Azərbaycan qüvvələrin maskalarını dərhal yırtdı və 44 günlük İkinci Qarabağ savaşından sonra onlar Azərbaycana qarşı açıq ideoloji savaşa, informasiya müharibəsinə start verdilər. Lokal antiterror əməliyyatından sonra isə bu hücumlar daha da güclənib. Ona görə də ideoloji təhlükəsizlik məsələlərini, ölkəmizə qarşı dezinformasiya kampaniyalarını daim diqqət mərkəzində saxlamağımız və buna müvafiq addımlar atmağımız vacibdir.

44 günlük savaşın və lokal antiterror tədbirlərinin nəticələrinin düşmənlərimizin iç üzünü açıb ortaya qoyması bizdən bundan sonra daha da ayıq-sayıq olmağımızı tələb edir. Biz dostlarımızla düşmənlərimizi dəqiq ayırd etməyi bacarmalıyıq. Bu çox vacib məsələdir və Prezidentin qeyd etdiyi kimi bunun çox sadə meyarlar var: “Kim bizimlə Qarabağın Azərbaycana qaytarılmasına sevinirsə, o, bizim dostumuzdur, qardaşımızdır. Kim bundan məyus olub və kim bu gün yenidən separatçılara ürək-dirək vermək istəyir, kim onları xarici ölkələrə dəvət edir, kim onlara vizalar verir, kim bizə qarşı müxtəlif alətlər vasitəsilə qarayaxma kampaniyası aparır, o, necə bizim dostumuz ola bilər? Ona görə hər şeyin, necə deyərlər, açıq-aydın görünməsi bu gün daha aydındır”.

Bəs, separatçıları xarici tədbirlərə dəvət edən, onlara vizalar verən, bizə qarşı müxtəlif alətlər vasitəsilə qarayaxma kampaniyası aparanlar hansı qüvvələr, hansı ölkələrdir? Söhbət təbii ki, ilk növbədə Fransadan, ABŞ-dan, Kanadadan, Niderlanddan və s. ölkələrdən gedir. Bu günlərdə ABŞ konqremenlərinin keçirdiyi bir tədbirə erməni separatçılarının da dəvət olunması buna əyani misaldır. Və yaxud, Kanadanın xarici işlər naziri Melani Colinin sentyabrın 22-də növbəti ermənipərəst bəyanatla çıxış etməsi də ölkəmizə qarşı informasiya hücumlarının tərkib hissəsidir.

Ölkə başçısı Milli Məclisdəki çıxışında bir neçə gün əvvəl (20 Sentyabr – Dövlət Suverenliyi Günündə) Xankəndidə Qarabağ Universitetinin açılışı zamanı səsləndirdiyi digər bir mühüm məsələyə də toxundu. Söhbət gənc nəslin milli-vətənpərvərlik ruhunda tərbiyəsindən gedir. Cənab Prezident haqlı olaraq qeyd etdi ki, məsələnin vacibliyi bunu diktə edir ki, gənc nəslin milli ruhda böyüməsi sadəcə olaraq sözlər deyil. Bu, Azərbaycanın gələcək inkişafının əsas təminatçısıdır. Ona görə də bu məsələ daim diqqət mərkəzində olmalıdır. Dövlətimizin başçısı bununla bağlı deputatlara da tövsiyyə verdi ki, onlar da öz seçiciləri ilə görüşlər əsnasında bu məsələni daim diqqətdə saxlasınlar.

20 Sentyabr – suverenliyimizin tam bərpa edilməsi günü isə ermənilər tərəfindən heç vaxt unudulmamalıdır. Şanlı Ordumuzun 23 saat ərzində həyata keçirdiyi ildırımsürətli lokal antiterror tədbirlər separatçılığa və revanşizmə meylli ermənilərə həmişəlik dərs olmalıdır. Onlar başa düşməlidirlər ki, Qərbin himayədarlığı onlara heçnə qazandırmayacaq. İkinci Dünya müharibəsindən sonra faşist Almaniyasına sülh müqaviləsi təklif etməyən və Almaniyanı bir neçə yerə bölən, onun rərhbərlərinə, alman generallarına Nürnberqdə məhkəmə quran və beləliklə faşizmi beşiyində cəzalandıran Qərb liderlərinin bu gün erməni faşizmini cəzalandırmaq əvəzinə, Ermənistanın dirçəlməsinə və silahlandırılmasına çalışması insanlığa qarşı cinayətdir. Fransa və ABŞ bu cinayətin bədəlini nə vaxtsa ödəyəcəklər. Ermənistan üçünsə ən yaxşı yol sülh haqqında düşünməkdir. Prezidentimizin qeyd etdiyi kimi, Ermənistanla normallaşma əgər onlara lazım deyilsə, deməli, bizə də heç lazım olmayacaq. Biz öz mövqeyimizdən bir addım geri atmayacağıq.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Leave A Reply

Your email address will not be published.

Tərcümə »