Kanadalı nazirin bəyanatı bir daha onu göstərir ki, Qərb siyasətçilərinə həqiqət lazım deyil

0

Beynəlxalq hüququn prinsiplərinə hörmət etməyən və ermənipərəstliyi beynəlxalq hüquqdan, ədalətdən üstün tutan ölkələrdən biri də Kanadadır. Bu ölkənin xarici işlər naziri Melani Jolinin sentyabrın 22-də verdiyi növbəti ermənipərəst bəyanat da qeyd etdiyimiz fikri təsdiqləyir. Başdan ayağa manipulyasiya və faktları təhrif etmək üzərində qurulan sözügedən bəyanat Kanada dövlətinin hazırkı mənəvi-siyasi deqradasiya durumunu və nazirin özünün saxtakar, yalançı simasını əyani göstərir.

Ermənistanın ölkəmizə qarşı 30 ilə yaxın davam edən hərbi təcavüzü zamanı azərbaycanlılara qarşı törətdiyi etnik təmizləmə, qırğınlar və vandalizm barədə susan Kanada hökuməti ötən ilin 19-20 sentyabrında keçirilən lokal antiterror əməliyyatı nəticəsində Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyini tam surətdə bərpa etməsi ilə heç cürə barışa bilmir. Kanadalı nazir Dövlət Suverenliyi Günündə Azərbaycanı təbrik etmək əvəzinə, erməni yalanlarının dəstəkçisi kimi çıxış edir, antiterror tədbirlərinin mahiyyətini təhrif edən qərəzli erməni təbliğatına qoşulur.

Kanadalı nazir peşəkar diplomat və vicdanlı insan olsaydı, keçən ilin sentyabrında ermənilərin Azərbaycanın Qarabağ bölgəsini guya məcburi şəkildə tərk etməsi barədə əsassız ittiham irəli sürmək əvəzinə, öncə 44 günlük İkinci Qarabağ müharibəsinin nədən baş verməsinin və lokal antiterror tədbirlərinin hansı zərurətdən keçirilməsinin gerçək səbəblərini öyrənər, 30 illik münaqişənin və son dörd ildəki hadisələrin kökündə bilavasitə Ermənistanın işğalçılıq siyasətinin və Qarabağdakı erməni separatizminin dayandığını etiraf edərdi.

Lakin bütün ermənipərəstlər kimi Melani Joli də ənənəvi yolla hərəkət etməyi seçərək Azərbaycana qarşı qərəz və böhtan dolu bəyanatla çıxış edib. Kanadalı nazirin bəyanatı bir daha onu göstərir ki, Qərb siyasətçilərinə həqiqət lazım deyil. Məhz bunun nəticəsidir ki, Melani Joli heç bir mənəvi narahatlıq hissi keçirmədən, belə asanlıqla Azərbaycanın ərazi bütövlüyünə zidd olan və regionda separatizmi körükləməyə xidmət edən mövqe nümayiş etdirir.

Ermənistanın işğalçı siyasətinin 1 milyon azərbaycanlının məcburi köçkün vəziyyətinə düşməsinə səbəb olmasına və yüz minlərlə Qərbi azərbaycanlının geri qayıdışına imkan verilməməsinə göz yuman Kanadanın baş diplomatı separatçı və terrorçu ermənilərin “vəkil”i rolunda çıxış edir. Bu, Kanadanın qeyri-insani, anti-bəşəri dəyərlərə söykənən ədalətsiz bir dövlət olduğunu göstərir. Beynəlxalq hüququn norma və prinsiplərinə zidd mövqe sərgiləmək və suveren Azərbaycanın ərazi bütövlüyünə hörmət etməmək Kanada üçün rəzalətdir. Erməni lobbisinə xidmət edən Melani Coli Kanadanın maraqlarına zərbə vurur.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Leave A Reply

Your email address will not be published.

Tərcümə »