İdeoloji vurğular

0

Müxtəlif münaqişə və transformasiya prosesləri ilə səciyyələndirilən müasir dövrdə ideologiya amilinin müstəsna əhəmiyyətinin inkar edilməsi olduqca ağır fəsadlara gətirib çıxara bilər. Bizim üçün heç də uzaq olmayan tarixə müraciət etsək görə bilərik ki, qloballaşma proseslərinin sürətli inkişaf mərhələsi məhz gənc və müstəqil ölkələrdə həyata keçirilən dövlət idarəçilik siyasətində ideoloji amilin payının azalması ilə başlanmışdır. Qeyd olunan təsbit obyektiv həqiqətdir və heç də antiqlobalistlərin mövqeyinin dəstəklənməsinin təzahürü deyil.

AZƏRTAC xəbər verir ki, bu fikirlər politoloq Asif Adilin “İdeoloji vurğular” sərlövhəli məqaləsində yer alıb.

Müəllifin fikrincə, müşahidə olunan proseslər, habelə ciddi analitiklərin araşdırmaları deməyə əsas verir ki, dövlətin və millətin ideoloji sütunlarının “silinməsi” və ya ən azından onların zədələnməsi idarəolunan qloballaşma proseslərinin əsas strateji məqsədlərindəndir. Qloballaşma prosesinin hətta “super güc” ölkələrinin geosiyasi strategiyası olduğunu isbat edən alim və siyasətçilər də var. Təsadüfi deyil ki, uzun illər ərzində qlobal mediada aparılan informasiya manipulyasiyaları vasitəsilə “milli” və “milliyyətçilik” məfhumları arasındakı “sərhədlər” məqsədyönlü şəkildə silinir və mövzu ilə bağlı beynəlxalq ictimaiyyətin siyasi şüurunda neqativ stereotiplər formalaşdırılır. Məhz bu cür manipulyasiyaların nəticəsidir ki, “millətçilik” məfhumu müasir cəmiyyətlərin siyasi şüurunda “radikal siyasi cərəyan” və ya “terror” kimi meyilliliklərlə assosiasiya olunur.

Beynəlxalq münasibətlər sistemində müxtəlif fobiyaların yaranması məhz qeyd olunan qlobal təbliğatın arzuolunmaz fəsadlarından biridir. Heç şübhəsiz ki, bu cür proseslər təsadüfi deyil və artıq onların mərkəzləşdirilmiş şəkildə idarə olunmasına dair hansısa tərəddüd hissi keçirməyə heç bir səbəb qalmayıb. Əgər keçmişdə bəzi ölkələr qlobal mövqeyə öz iddialarını kamuflyaj etməyə çalışırdılarsa, indi isə artıq “psevdodemokratiya” şüarları altında “ekspansiyalarını” aqressiv şəkildə aparırlar.

“Məhz yuxarıda qeyd olunanlar müstəvisində xüsusi olaraq onu xatırlatmaq istərdik ki, Prezident İlham Əliyev öz müsahibə və çıxışlarında yeni dövrdə ideoloji amilin müstəsna əhəmiyyətini dəfələrlə vurğulamışdır. Dövlətimizin başçısı öz müsahibələrinin birində müasir dövrün ideologiyası ilə bağlı təkliflərin ona təqdim olunmasına dair hətta cəmiyyətə açıq şəkildə müraciət də etmişdir.

Prezidentin bu cür müraciəti yeni inkişaf dövrünün ideologiyasının hazırlanmasına dair dövlət sifarişi kimi də qəbul oluna bilər. Ancaq deyəsən bu cür müraciətlər hələ də cavabsız qalıb, ən azından hansısa işləmələr cəmiyyətə təqdim olunmayıb və açıq müzakirələr də aparılmayıb. Halbuki uğur qazanmış və inkişaf etmiş ölkələrin tarixi isə bizlərə açıq şəkildə göstərir ki, yeni ideologiyanın meydana gəlməsi üçün Qələbə universal amildir. Odur ki, bu mənada tarixi Qələbəmizdən faydalanmamağımız qəbahətdir.

Mövcud kontekstdə Prezident İlham Əliyevin sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin tələbələri ilə görüşü zamanı səsləndirdiyi fikirlər, sözün hərfi və əsl mənasında, yeni ideologiyanın müəyyən olunması prosesinin şərti “yol xəritəsidir”. Mülahizələrimizi təsdiq etmək üçün bilavasitə Prezident İlham Əliyevin yuxarıda qeyd olunan çıxışında öz əksini tapmış cəmi bir neçə fikrə müraciət edək. “Amma bilirdim ki, bu ədalətə çatmaq üçün sən gərək onu əldə edəsən, o, göydən düşməz. Sən haqlısan, bütün dünya da sənin haqlı olduğunu etiraf edir, bilir, ancaq nəticə yoxdur. Ona görə gələcək fəaliyyətimiz üçün də bu, əsas olmalıdır” – yeni ideologiya kontekstində dövlətimizin başçısının qeyd olunan sözləri dövlətçilik siyasətinin növbəti ideoloji dəyərlərini müəyyən edir: “haqq”, “səbir” və “güc”. Prezident bu fikirləri ilə bizlərə bildirir ki, dövlət və millət olaraq hədəfimizə nail olmaq üçün mütləq olaraq haqlı, səbirli və güclü olmalıyıq”, – deyə politoloq bildirib.

O qeyd edib ki, əslində, Prezident İlham Əliyevin növbəti fikri qeyd etdiyimiz bu mülahizənin doğruluğunu dolayısilə təsdiqləyir: “Amma bizim xalqımız üçün gələcəkdə öz gücünə güvənmək, güclü olmaq, güclü dövlət qurmaq, heç kimdən asılı olmamaq, heç kimin qarşısında baş əyməmək – bax, bu, əsas hədəflərimizdir”. Bəli, Azərbaycan Prezidenti birmənalı olaraq çəkinmədən açıq şəkildə bildirir ki, güclü olmaq dövlətin əsas hədəfidir. Əlbəttə ki, bu sözlər, eyni zamanda, beynəlxalq ictimaiyyətə də yönəlmiş açıq mesajdır. Prezidentin bu sözləri Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki mövqeyini əks etdirir.

Asif Adilin sözlərinə görə, ideologiya kontekstində mövcud məsələ ilə bağlı prinsipial əhəmiyyət kəsb edən digər bir məqama da xüsusi diqqət yetirilməlidir. Belə ki, Azərbaycan Prezidenti “güc” amilinin əhəmiyyətini kimdənsə üstün olmaqda görmür. Dövlət siyasəti kontekstində “güc” amilinin strateji məzmunu kimlərdənsə asılı olmamaqdadır. Çəkinmədən deməliyik ki, Prezident İlham Əliyevin bu cür fikirləri və sözügedən mövqeyi beynəlxalq münasibətlər sisteminin demokratik əxlaq kodeksinin fəlsəfəsinin əsasını təşkil edə bilər. Sözügedən yanaşma və “güc” amilinin məhz bu cür interpretasiyası beynəlxalq münasibətlər sistemi haqqında təsəvvürləri tamamilə dəyişdirə bilər, habelə dövlətlər arasında etibarlı münasibətlərin bərpasına xidmət edər.

“Təsadüfi deyil ki, dövlət başçısı sözügedən çıxışda gənclərə xitabən xüsusi olaraq növbəti fikri vurğulayır: “Onlar heç kimin təsiri altına düşməməlidirlər”. Yalnız müstəqil düşüncə və güc səbəb ola bilər ki, bizim gənclərimiz heç kimin təsiri altına düşməsin. Razılaşın ki, tərbiyə prosesinin ayrılmaz parçası olan sözügedən amillər bilavasitə ideoloji məzmunludurlar.

İdeologiya kontekstində əvəzolunmaz əhəmiyyət kəsb edən digər amil milli birlik və həmrəylikdir. Dövlət başçısının siyasi ritorikasında qeyd olunan məfhumlar daim öz əksini tapmaqdadır. Prezidentin Qarabağ Universitetindəki çıxışı istisna təşkil etmir: “Cəmiyyətdə birlik olmalıdır, bu da var”. Beləliklə, cənab Prezident “birlik” məfhumunu sabitlik və inkişafı şərtləndirən amil kimi müəyyən edir. Təsadüfi deyil ki, bütün çətinliklərə və müxtəlif maneələrə rəğmən məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə prinsipial və davamlı olaraq siyasi dialoq mühiti təşviq olunur. Nəzərə almalıyıq ki, siyasi dialoq mühiti milli həmrəyliyə aparan demokratik siyasətin bilavasitə davamıdır.

Odur ki, regionda və dünyada cərəyan edən prosesləri, obyektiv tendensiyaları, habelə Qələbəmiz sayəsində formalaşan yeni reallığı nəzərə alacaq yeni inkişaf dövrünün ideologiyasında cənab Prezident tərəfindən müəyyən olunmuş bu cür strateji vurğular mütləq olaraq öz əksini tapmalıdır”, – deyə politoloq vurğulayıb.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »