BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında BMT Baş Assambleyasının “Yüksək Səviyyəli Həftə”si çərçivəsində Azərbaycanın COP29 sədrliyinin ev sahibliyi ilə “İqlim, sülh və insan mobilliyi” mövzusunda yüksək səviyyəli dəyirmi masa təşkil olunub.
Görüş COP29-un prezidenti kimi Azərbaycanın və Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) birgə təşkilatçılığı ilə baş tutub. Sessiyaya BMT-yə üzv dövlətlərin təmsilçiləri, BMT agentliklərinin nümayəndələri, səfirlər və diplomatlar qatılıb.
Sessiyada Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) baş direktoru Emi Pop, COP29 sədrliyinin danışıqlar qrupunun müşaviri, XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov, İtaliyanın İqlim Dəyişikliyi üzrə xüsusi elçisi Françesko Korvaro və Misirin Münaqişələrin həlli, Sülhməramlı və Sülh Quruculuğu üzrə Qahirə Beynəlxalq Mərkəzinin (CCPA) baş direktoru Əhməd Əbdül-Lətif çıxış edib.
Səfir E.İskəndərov çıxışında bildirib ki, Azərbaycanın COP29 sədrliyi zamanı prioritetlərindən biri beynəlxalq sülh və təhlükəsizliyə töhfə verməkdir. Məhz buna görə COP29 ərəfəsində atəşkəs çağırışı üzərində beynəlxalq tərəfdaşlarla iş aparılır. E. İskəndərov dünya əhalisinin artımı müşahidə olunduğu ərazilərin həm iqlim dəyişikliyindən, həm də münaqişələrdən əziyyət çəkdiyini, bu baxımdan da Azərbaycanın COP29 prezidenti qismində BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında təşkil etdiyi tədbirin dünya ölkələri üçün praktiki dəstəyin təmin olunması məqsədi daşıdığını vurğulayıb. Diplomat qeyd edib ki, Azərbaycanın təşəbbüsü ilə 15 noyabr “Sülhə Yardım Günü” kimi müəyyən olunub və həmin tarixlərdə sülh mövzusunda Bakıda bir çok silsilə təbirlər baş tutacaq. Bununla yanaşı Azərbaycan COP29 çərçivəsində “Bakı, İqlim və Sülh mərkəzi” təsis ediləcək ki, bu da iqlim dəyişiklikləri və sülh mövzusunda dünya ölkələrinə gələcəkdə öz töhfəsini verəcək.
Sessiyada çıxış edən IOM-in baş direktoru Emi Pop Azərbaycanın sədrliyi ilə COP prosesində sülh gündəliyinin irəli sürülməsini yüksək qiymətləndirib və COP29 çərçivəsində bu məsələ ilə bağlı konkret nəticələr əldə olunacağından əminliyini bildirib. E.Pop xüsusilə həssas kateqoriyalardan olan dünya əhalisinə beynəlxalq yardımın vacibliyindən, iqlim dəyişikliyinin gələcəkdə təmiz su, hava və münbit torpaqlar uğrunda münaqişələrə yol açmaması üçün qabaqlayıcı tədbirlərin görülməsinin önəmindən danışıblar. Onun sözlərinə görə Dünya Bankının məlumatlarında qeyd olunur ki, əgər qabaqlayıcı tədbirlər görülməzsə, bir çox bölgələrdə davam edən iqlim dəyişiklərinin nəticəsi olaraq 2050-ci ilə qədər 60 milyon insan məcburi köçə məruz hala və iqlim miqrantı olaraq öz yaşadığı bölgələri tərk edə bilər. E.Pop bu göstərici ciddi həyəcan siqnalı çaldığını qeyd edib.
Görüşdə su qıtlığı, ərzaq təhlükəsizliyi və torpaqların deqradasiyası kimi iqlimlə əlaqəli yerdəyişmənin kritik səbəblərini ortaya çıxaran problemlərlə bağlı mühüm müzakirələr aparılıb. Panel iştirakçıları cari çağırışlar haqqında fikirlər səsləndirib və tövsiyələr təklif ediblər. Sessiyada əsas nəticəsi iqlim və sülh təşəbbüsləri arasında boşluqların doldurulması, birgə fəaliyyətlər vasitəsilə əlaqələrin gücləndirilməsi üçün platformanın tədqiqi ilə bağlı fikir mübadiləsi aparılıb. Müzakirələrdə Azərbaycanın COP29-a hazırlığı, Bakının ev sahibliyi edəcəyi beynəlxaq tədbirdə müzakirə oluncaq iqlim, sülh və insan mobilliyi mövzusunda iqlimin müxtəlif ölçüləri ilə kəsişən kritik qlobal problemlərin həllində ortaya qoyulacaq nəticələrlə bağlı fikir mübadiləsi aparılıb.//Report