İlham Əliyevin Qarabağ Universitetindəki çıxışı ermənilərin tarixi saxtalaşdırmaq cəhdlərinə cavab idi

0

Son dörd ildə baş verən tarixi əhəmiyyətli hadisələr nəticəsində ölkəmizin təqvimində yeni ümummilli bayramlar yer almağa başlayıb. 20 sentyabr – Dövlət Suverenliyi Günü və 20 sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü lap son günlərdə təsis edilən belə bayramlarımızdandır. Beləliklə, Prezident İlham Əliyevin 18-19 sentyabr 2024-cü il tarixlərində imzaladığı Sərəncamlarına əsasən, Azərbaycanda 20 sentyabr ilk dəfə Dövlət Suverenliyi Günü kimi və Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd edilir. Bu hər iki möhtəşəm bayram dövlət suverenliyimizin tam bərpası ilə bilavasitə bağlıdır. Çünki ötən ilin 19-20 sentyabrında rəşadətli Ordumuzun həyata keçirdiyi ildırımsürətli lokal antiterror əməliyyatı nəticəsində Qarabağ bölgəsindəki qeyri-qanuni, separatçı rejim ləğv edildi, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində dövlət bayrağımız ucaldıldı, bu tarixi ərazilərimiz 32 illik fasilədən sonra yenidən Azərbaycan dövlətinin suveren nəzarəti altına keçdi.

Beləliklə, biz respublika tarixinin 106-cı ilini dövlət suverenliyimizi tam bərpa etmiş etmiş ölkə və xalq kimi yaşamaq imkanını qazandıq. Dövlətimizin başçısı da öz növbəsində bu tarixi hadisəni əbədiləşdirmək üçün iki yeni bayram – Dövlət Suverenliyi Günü və Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri gününü təsis etdi. Sözsüz ki, hər iki bayram ən yeni tariximizin şərəfli səhifələri sırasında yer alacaq. Cənab Prezident isə sadəcə bu yeni bayram günlərini təsis etməklə kifayətlənmədi. O, ölkəmizdə ilk dəfə qeyd edilən bu yeni bayram günlərində işğaldan azad edilmiş ərazilərə səfər etdi, Ağdam və Xocalı rayonlarında, Xankəndi şəhərində bir sıra müəssisələrin, sənaye obyektləri, mehmanxanalar və məktəblər də daxil olmaqla, xidmət və sosial infrastruktur obyektlərinin açılışında iştirak etdi, həmçinin yeni istehsal, mənzil və sosial infrastruktur obyektlərinin təməlini qoydu, Ağdam şəhərində məşhur “İmarət” stadionunun təməlini qoydu və Şuşada Bayraq Meydanının açılışında iştirak etdi.

Qarabağın baş tacı olan Şuşa şəhərində Bayraq Meydanının açılışı sözsüz ki, hər bir vətəndaşımız tərəfindən böyük qürur hissilə qarşılandı. Dövlət Suverenliyi Günündə – sentyabrın 20-də Prezident İlham Əliyevin Xankəndi şəhərində Qarabağ Universitetinin açılışında iştirak etməsi və tələbə-müəllim heyəti ilə görüşməsi bu bayramın mənəv-siyasi əhəmiyyətini daha da artırdı. Qeyd edək ki, sözügedən ali təhsil müəssisəsi cəmi bir il bundan öncə, 2023-cü ilin sentyabrında Azərbaycanın Qarabağ üzərində nəzarəti tam bərpa edildikdən sonra dövlət başçısının qərarı ilə yaradılıb. Lakin 1 yaşlı bu ali məktəbə ilk tədris ilində (2024/2025-ci illər) artıq 1000 nəfərdən çox tələbə qəbul olunub. Onlar 4 fakültədə 20-dən çox ixtisas üzrə təhsil almağa başlayıblar.

Qarabağ Universitetinin yaradılmasından sonra bu ali məktəbin universitet şəhərciyində tələbələrin və əməkdaşların yaşaması üçün müvafiq binalar da təmir edilib. Prezident İlham Əliyev Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışında iştirak etdi və yataqxanada yaradılan şəraitlə tanış oldu. Bu tədris ilində ölkənin və regionun ehtiyacları, həmçinin beynəlxalq əmək bazarının müasir trendləri nəzərə alınmaqla, ilkin mərhələdə Qarabağ Universitetində kadr hazırlığı 6 fakültədə – Pedaqoji, İncəsənət, Humanitar və sosial elmlər, İqtisadiyyat, Mühəndislik və Turizm fakültələrində aparılacaq. Bu universitetin ilk tələbələri sırasına düşən gənclərimiz özlərini xoşbəxt hiss etməklə yanaşı, böyük tarixi hadisələrin canlı şahidləridir.

Dövlətimizin başçısı da Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşündə çıxışı zamanı bu məqama toxunaraq Qarabağ Universitetinin yaradılmasını tarixi hadisə adlandırdı. Çıxışının əvvəlində universitetin tələbə-müəllim heyətini və bütün Azərbaycan xalqını Dövlət Suverenliyi Günü münasibətilə təbrik edən dövlətimizin başçısı tarixə ekskurs edərək qeyd etdi ki, düz bir il bundan əvvəl qəhrəman Azərbaycan Ordusu dövlət suverenliyini tam bərpa etdi, bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi.

Qəhrəman hərbçilərimizin və şəhidlərimizin fədakarlığını xüsusi olaraq vurğulayan dövlətimizin başçısı qeyd etdi ki, “bu günü bizə bəxş edən qəhrəman hərbçilərimizi hər zaman böyük minnətdarlıqla yad edirik. Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini daim qəlbimizdə saxlayırıq və saxlayacağıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Vətən müharibəsi və antiterror əməliyyatı keçirilərkən bizim 3200-dən çox qəhrəman şəhidimiz şəhadət zirvəsinə ucalmışdır. Onların və digər qəhrəman hərbçilərimizin rəşadəti və vətənpərvərliyi Qələbənin əsas amilləridir. Vətən uğrunda İkinci Qarabağ müharibəsində 90 mindən çox gənc azərbaycanlı iştirak etmişdir”.

Prezident ümid etdiyini bildirdi ki, Qarabağ Universiteti bizim aparıcı ali məktəblərimizdən birinə çevriləcək. Çünki bunu etmək üçün bütün imkanlar var. Universitetdə artıq altı fakültə yaradılıb. Növbəti illərdə Tibb fakültəsi də yaradılacaq, həmçinin Xocalıda Aqrar elmlər fakültəsi, Şuşada isə Turizm fakültəsi fəaliyyət göstərəcək. Bu da o deməkdir ki, Qarabağ Universiteti nəhəng regional ali təhsil mərkəzinə çevriləcək və bir neçə şəhəri birləşdirən universitet olacaq. Dövlət başçısı vurğuladı ki, Qarabağa qayıdacaq keçmiş köçkünlər, onların uşaqları burada oxuyacaq və ölkəmizin hər bir yerindən gənclər buraya gələcəklər.

Dövlət başçısı çıxışında həmçinin Xankəndinin tarixi sahiblik məsələsini də xüsusi olaraq gündəmə gətirdi. O, bildirdi ki, bura bizim tarixi torpağımızdır. Cənab Prezident qeyd etdi ki, dünyada da bunu bilirlər ki, Xankəndi şəhəri qədim Azərbaycan yaşayış yeri olubdur, onun adı da bunu göstərir – Xanın kəndi. Lakin əfsuslar olsun ki, məlum tarixi proseslər üzündən və Azərbaycana, xalqımıza qarşı düşmənçilik siyasəti nəticəsində uzun illər ərzində Xankəndi üzərində bizim nəzarətimiz bəzən ya zəif olub, bəzi hallarda isə, ümumiyyətlə, heç olmayıb.

Azərbaycan Prezidenti tarixi faktlara əsaslanaraq bildirdi ki, məhz XIX əsrin əvvəllərində bağlanmış üç müqavilə – “Kürəkçay”, “Gülüstan” və “Türkmənçay” müqavilələrindən sonra, heç vaxt Qarabağ torpağında yaşamayan ermənilər kütləvi surətdə İrandan və Şərqi Anadoludan buraya köçürülüb. Ancaq Ermənistan və erməni alimləri hər zaman olduğu kimi, tarixi təhrif edərək bu həqiqətləri gizlətməyə və özləri üçün yeni uydurma “tarix” yaratmağa çalışıblar. Onlar xaricdəki öz lobbi şəbəkələri vasitəsilə müəyyən dərəcədə beynəlxalq ictimaiyyəti də çaşdırmağa, uydurma “tarix”lərinə inandırmağa nail olublar. Ancaq indi bizim əsl tarixi həqiqətləri dünyanın diqqətinə çatdırmaq və erməni yalanlarını ifşa etməyimiz üçün unikal imkanlar yaranıb.

Dövlət başçısı XX əsrin əvvəllərində də xalqımıza qarşı düşmənçilik addımları atılmasının davam etdirildiyini görüş iştirakçılarının diqqətinə çatdırdı. Belə ki, o, qeyd etdi ki, 1920-ci ilin noyabr ayında, Azərbaycan Xalq Cümhuriyyəti süqut edəndən bir neçə ay keçəndən sonra Qərbi Zəngəzuru tamamilə əsassız olaraq bizdən alıb Ermənistana birləşdirdilər. Bu, Lenin-Stalinin tandeminin rəhbərlik etdiyi sovet-bolşevik hökumətinin təşəbbüsü ilə həyata keçirilmişdi. Daha sonra isə, 1923-cü ildə heç bir əsas olmadan Azərbaycanın Qarabağ bölgəsində “Dağlıq Qarabağ Muxtar Vilayəti” yaradıldı (sovet Azərbaycanı Respublikasının tərkibində). Beləliklə, bu bölgəni Azərbaycandan ayırmaq üçün növbəti addım atıldı.

“1923-cü ildə isə bizim canımıza növbəti saat bombasını saldılar və ondan sonra burada kütləvi erməniləşmə siyasəti aparılırdı. Müxtəlif yerlərdən, o cümlədən Ermənistandan sovet hökuməti erməniləri buraya şüurlu olaraq doldururdu ki, burada ermənilərin sayı, yəni ovaxtkı muxtar vilayət çərçivəsində daha çox olsun. Eyni zamanda, burada mövcud olan separatizm meyillərinə də düzgün reaksiya verilmirdi. Ancaq Ulu Öndər Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gələndən sonra burada bütün separatçıların yuvaları dağıdıldı və sabitlik yaradıldı”, – deyə, Prezident İlham Əliyev vurğuladı.

Qarabağ Universitetinin müəllim və tələbələri ilə görüşdəki nitqində Cənab Prezident həmçinin işğala məruzqalma tariximizdən də danışdı və bildirdi ki, müstəqillik elan olunandan dörd ay sonra, 1992-ci ilin fevralında Xocalı soyqırımı törədildi, 1992-ci ilin may ayında Şuşa, Laçın işğal olundu, 1993-cü ilin aprelində isə Kəlbəcər işğal edildi. Beləliklə, bütün böyük bir bölgə nəzarətdən çıxdı və faktiki olaraq Ermənistanla Qarabağ bölgəsi arasında coğrafi əlaqə yaradıldı. İlham Əliyevin vurğuladığı kimi, əgər 1993-cü ildə xalqın tələbi ilə Ulu Öndər Heydər Əliyev Azərbaycan rəhbərliyinə gəlməsəydi, ölkəmiz ümumiyyətlə, dünyanın siyasi xəritəsindən silinə bilərdi. Məhz Ulu Öndərin gəlişindən sonra ölkədə sabitlik yaradıldı, inkişafa qədəm qoyuldu və quruculuq işlərinə başlanıldı.

Həmin quruculuq və inkişaf işlərinin məntiqi nəticəsi isə 8 Noyabr – Zəfər Günümüzdür, Şuşanın azad olunmasıdır, Ermənistanın kapitulyasiyasıdır. Ondan sonrakı ən yeni tariximiz isə artıq göz qabağındadır. Fransanın 100 ilə etdiyini (100 illik müharibədən sonra torpaqlarını İngiltərənin əsarətindən azad etməsi) Azərbaycan cəmi üç ildə etdi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi “əgər 2020-ci ilin noyabrından 2023-cü ilin sentyabrına qədər bizim bütün addımlarımızı və gördüyümüz işləri təhlil etsəniz görərsiniz ki, hər bir addım əvvəlki addımın məntiqi davamı idi və hər bir addımın son məqsədi 20 Sentyabr – Dövlət Suverenliyi Günü idi”.

Dövlətimizin başçısı çıxışının sonunda vurğuladı ki, bu gün azad Qarabağda olmaq, yataqxanada, o balkonda tələbələrin gülər üzlərini görmək doğrudan da böyük xoşbəxtlikdir: “Bəlkə də bundan böyük xoşbəxtlik ola bilməz. Müəllimlərə, tələbələrə uğurlar arzulayıram. Yaxşı işləyin, yaxşı oxuyun ki, hər zaman Azərbaycan zəfər çalsın, hər zaman – əgər lazım olarsa, həm döyüş meydanında, həm iqtisadi sahədə, həm siyasi müstəvidə, hər bir yerdə Azərbaycan həmişə zirvələrdə olsun!”.

Son 30 ilin hadisələrinin canlı şahidi kimi Azərbaycan Prezidentinin öz çıxışını tarixə ekskurs üzərində qurması təqdirəlayiq hal olmaqla yanaşı, həm də Ermənistana və onun havadarlarına ciddi mesaj idi. İlham Əliyevin Qarabağ Universitetindəki çıxışı ermənilərin tarixi saxtalaşdırmaq cəhdlərinə cavab idi. Beləliklə, bir daha ermənilərə mesaj verildi ki, tarixi həqiqətləri saxtalaşdırmaq cəhdlərindən və təcavüzkar niyyətlərinizdən əl çəksinlər. Bundan sonra dünya Qarabağın tarixi ilə bağlı əsl həqiqətləri saxta erməni “mənbə”lərindən yox, Azərbaycanın özündən öyrənəcək. Azərbaycan Prezidentinin söylədiyi kimi biz bu tarixi hadisələr haqqında çox şey danışa bilərik, çünki biz bu tarixi yaşamışıq.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Leave A Reply

Your email address will not be published.

Tərcümə »