Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.
Rəsədxanadan bildirilib ki, Günəş fəallığı artıb, 10 santimetrlik dalğa uzunluğunda radioalışmalar qeydə alınıb. Günəşin səthində ləkələrin sayı azalıb. Həftə ərzində Yerə istiqamətlənmiş komponentə malik bir neçə tac kütlə atılması (TKA) qeydə alınıb.
Günəş küləyinin maksimal sürəti saniyədə 623 kilometrədək artıb.
Proqnoz günlərində (16-22 sentyabr) C sinif alışmanın baş verməsi ehtimalı 99 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 55 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 15 faizdir.
Günəş küləyinin sürətinin 13-14 sentyabrda baş vermiş TKA-nın təsiri ilə yüksələcəyi gözlənilir.
TKA-nın və müsbət qütblü yüksəksürətli tac dəliyi axınlarının təsiri ilə növbəti günlərdə G1(zəif) – G3 (güclü) səviyyəli geomaqnit qasırğası gözlənilir.