Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Ofisinin qızılca və məxmərək xəstəliklərinin eliminasiyası üzrə ekspert qrupunun Azərbaycana missiya səfəri baş tutub.
Bu barədə nazirlikdən məlumat verilib.
Missiyanın əsas məqsədi ötən il ölkəmizdə qızılca hadisələri ilə bağlı xəstəliyin alovlanmasının qarşısının alınması sahəsində görülən işlərin qiymətləndirilməsidir. Səfər çərçivəsində beynəlxalq ekspertlər tərəfindən epidemioloji nəzarətə dair monitorinq və xarici qiymətləndirmə işləri həyata keçirilib.
Missiyanın yekununda qızılca alovlanmasına qarşı ölkədə aparılan cavab tədbirləri, laborator imkanların qiymətləndirilməsi, Azərbaycanda qızılca və məxmərək xəstəliklərinin eliminasiya statusunun qorunub saxlanmasına dair fəaliyyətlərin planlaşdırılması məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) struktur rəhbərlərinin və beynəlxalq ekspertlərin iştirakı ilə görüş təşkil olunub.
Görüşdə çıxış edən missiya nümayəndələri qızılca və məxmərək xəstəliklərinin eliminasiyasının ÜST-nin Avropa Regional Bürosunun qarşısında duran prioritet məsələlərdən biri olduğunu vurğulayıblar.