Antiterror tədbirləri Fransa kimi məkrli güclərin anti-Azərbaycan planlarını alt-üst etdi

0

Bu gün xalqımız üçün şərəfli və müqəddəs günlərdən biridir. Hərb tariximizə lokal antiterror əməliyyatı kimi düşən Qarabağımız uğrunda, ərazi bütövlüyümüz və suverenliyimizin tam bərpa olunması uğrunda sonuncu böyük döyüşdən bir il ötür. 19-20 sentyabr 2023-cü ildə rəşadətli Azərbaycan Silahlı Qüvvələri Qarabağda yuva salan və tez-tez mülki sakinlərimizə, ərazidəki polis və hərbçilərimizə qarşı terror və təxribatlar törədən erməni separatçılarına, xaricdən gətirilmiş muzdlu erməni silahlılarına və Ermənistan ordusunun qalıqlarına qarşı ildırımsürətli əməliyyat həyata keçirdi. Azərbaycanın Qarabağ bölgəsindəki qeyri-qanuni erməni silahlı birləşmələrinin Şanlı Ordumuzun şiddətli zərbəsi, dəmir yumruğu qarşısında cəmi 23 saat 43 dəqiqə duruş gətirməyə gücü çatdı.

Beləliklə, sözügedən lokal antiterror əməliyyatı zamanı hərbi hissələrimiz böyük şücaət göstərdi. Bu əməliyyat Ordumuzun döyüş gücünü və peşəkarlığını bir daha təsdiqlədi. Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı Ermənistan silahlı qüvvələrinin törtöküntülərinə və separatçılara ağır zərbələr vuruldu. “Blitskriq” taktikası ilə həyata keçirilən bu antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusunun qalıqları və qondarma separatçı rejimin silahlı quldur dəstələri tam şəkildə tərksilah edildi, separatçıların əsas rəhbərləri isə mükəmməl axtarış-izləmə planı əsasında ələ keçirilərək Bakıya gətirildi. Antiterror tədbirlərinin uğurla başa çatması nəticəsində Azərbaycan öz suverenliyini tam olaraq bərpa etdi.

Bəs, antiterror əməliyyatının keçirilməsi zəruri idimi? Bəli, bu, qeyd-şərtsiz zəruri idi. Daha doğrusu, bu əməliyyatın keçirilməsi qaçılmaz idi. Çünki separatçı rejimin Azərbaycanın Qarabağ iqtisadi rayonunda törətdiyi genişmiqyaslı təxribatlarının qarşısının alınması belə bir əməliyyatın keçirilməsini mütləq zərurətə çevirmişdi. Eyni zamanda, Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması və Qarabağ və Şərqi Zəngəzurun bütün məntəqələrində Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsinin vacibliyi bizim üçün başqa yol qoymurdu.

Üstəlik, erməni separatizminə son qoyan lokal antiterror tədbirlərinin başlaması ərəfəsində erməni kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları şəhid olmuşdular. Eyni zamanda Ordumuzun bölmələri minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutulmuşdu. Bir sözlə, antiterror əməliyyatını zəruri edən amillər çox idi. Bütün bunlar separatçı rejimin və Ermənistanın törətdiyi terror və təxribatlara son qoymaq üçün antiterror əməliyyatının keçirilməsini labüd etdi.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük savaşda qazanılan Qarabağ Zəfərinin davamı olaraq, 2023-cü ilin sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağ iqtisadi rayonunda Ermənistan silahlı qüvvələrinin qalıqlarına və qanunsuz erməni silahlı qruplarına qarşı həyata keçirdiyi birgünlük lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkənin həm ərazi bütövlüyü, həm də suverenliyi tamamilə bərpa edildi. Cəmi bir gün davam edən antiterror tədbirləri sentyabrın 20-də, saat 13:00-da əldə olunan razılığa əsasən dayandırıldı. Həmin razılığa əsasən, Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri silahı yerə qoydu və Azərbaycan ərazilərindən çıxdı, separatçı erməni silahlı dəstələri döyüş mövqelərindən və hərbi postlardan çıxdı və buraxıldı, eləcə də bütün silah-sursat Azərbaycana təhvil verildi. Antiterror əməliyyatı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsindəki şanlı Zəfərini taclandırdı.

Beləliklə, Ordumuz növbəti dəfə Ermənistan silahlı qüvvələrini darmadağın edərək, onları tam olaraq ərazilərimizdən çıxarmağa nail oldu, separatçı rejimi isə kapitulyasiyaya imza atmağa və özünü buraxmağa məcbur etdi. Azərbaycan Ordusunun gerçəkləşdirdiyi bu uğurlu əməliyyat həm hərbçilərimizin döyüş potensialını, həm də dövlətimizin qüdrətini bütün dünyaya əyani nümayiş etdirdi. Azərbaycanın dostları da, düşmənləri də bir daha əmin oldular ki, Ordumuz, Xalqımız və Dövlətimizin birliyi qarşısında heç bir işğalçı, separatçı, terrorçu qüvvə dayana bilməz. Bu əməliyyat Azərbaycanı bütün dünyaya özünü qorumaq gücünə qadir olan ölkə kimi tanıtdı. Erməni təxribatlarına cavab olaraq həyata keçirilən antiterror tədbirləri Fransa kimi məkrli güclərin də anti-Azərbaycan planlarını alt-üst etdi.

Sentyabrın 20-də Ali Baş Komandanımız İlham Əliyev xalqa müraciət etdi. Qalib Liderimiz həmin müraciətində bəyan etdi ki, antiterror tədbirləri nəticəsində bizim hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstəriblər. Ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, bizim hərbçilərimiz qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə ediblər. Beləliklə, 19 sentyabr 2023-cü il tarixində antiterror tədbirlərinin başlanması və uğurla başa çatması nəticəsində Azərbaycan öz suverenliyini bərpa etdi.

Bu əməliyyatın nəticəsi olaraq 2023-cü il sentyabrın 28-də Azərbaycanın Qarabağ bölgəsindəki qondarma qurum özünü buraxdığını elan etdi. Qondarma quruma rəhbərlik etmiş Samvel Şahramanyanın imzaladığı sonuncu qərarla qondarma “Dağlıq Qarabağ respublikası”nın mövcudluğuna həmişəlik son verildi. Bununla da Azərbaycan ərazilərində erməni separatizmi səhifəsi qapandı, tarixə çevrildi. Laçında, Kəlbəcərdə, Şuşada, Qubadlıda, Ağdamda, Cəbrayılda, Zəngilanda, Füzulidə olduğu kimi Xankəndidə, Xocalıda, Xocavənddə, Əsgəranda da üçrəngli bayrağımız dövlətimizin başçısı tərəfindən ucaldıldı. 2023-cü il noyabrın 8-də isə Xankəndi şəhərində Zəfər paradı keçirildi.

Bu gün Böyük Qayıdış Proqramına uyğun olaraq azərbaycanlılar Xankəndidəki evlərinə qayıdırlar. Bu tarixi şəhərimizdə fəaliyyətə başlayan Qarabağ Universiteti bu il ilk tədris ilinə start verdi. Bütün bunlar sanki bizə bir yuxu, bir möcüzə kimi görünür. Lakin yuxularımız, arzularımız, həsrətimiz 30-32 ildən sonra gerçəyə çevrildi. Bununçün əziz şəhidlərimizə də böyük vəfa borcumuz var. Onlar öz canlarını Vətənimizin bütövlüyü uğrunda fəda etdilər. Xalqımız birgünlük antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə yüksələn qəhrəmanlarımızı dərin minnətdarlıq hissilə yad edir. Hər birimiz şəhidlərimizin ruhu qarşısında baş əyirik. Qəhrəman əsgər və zabitlərimizlə də qürur duyuruq. Onlar öz şücaətləri ilə tarix yazdılar. Ən yeni tariximizin parlaq səhifələrindən biri olan antiterror əməliyyatının birinci ildönümü münasibətilə Ali Baş Komandanımızı və Ordumuzu təbrik edirik! Müstəqilliyimiz dönməz, bütövlüyümüz əbədidir!

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Leave A Reply

Your email address will not be published.

Tərcümə »