Əcəba, siyasi dialoqun aqibəti bu prosesdə iştirak etməyənləri niyə narahat etsin ki?
Parlament seçkilərinin əsas və hərəkətli hissəsi artıq tamamlandı. Hazırda bəzi namizədlərin şikayətlərinə baxılması və nəticələrinin müvafiq qanunvericiliyə uyğun rəsmiləşdirilməsi mərhələsi davam etməkdədir. MSK-ya edilmiş şikayətlərin sayının ötən seçkilərlə müqayisə olunmaz dərəcədə az olduğunu nəzərə alsaq, sözügedən mərhələnin qısa müddətdə tamamlanacağını ehtimal edə bilərik. Şikayətlərin sayının azalması faktı özü-özlüyündə pozitiv haldır. Ümid edirik ki, bizim müvafiq elmi və analitik mərkəzlərimiz keçirilmiş parlament seçkilərini təhlil edəcək, habelə araşdırmaların nəticələri geniş ictimaiyyətə təqdim olunacaq. Əks halda, keçirilmiş seçkilər haqqında gələcək nəsillərin təsəvvürlərinin yalnız sosial şəbəkələrdə yaşanan “vəhşi demokratiyanın” təzahürləri əsasında formalaşa biləcəyi faktını gözardı etmiş olarıq.
Mövcud yazıda isə qısaca olaraq keçirilmiş seçkilərin yalnız bəzi əlamətdar xüsusiyyətlərini qeyd edək. Açıq-aydın görünürdü ki, iqtidar (Yeni Azərbaycan Partiyası) seçkilərdə malik olduğu geniş resurslarından istifadə etmədi. Hakim komanda malik olduğu inzibati və maliyyə resurslarından istifadə etmiş olsaydı, biz seçkilər zamanı iqtidar lehinə müxtəlif xarakterli kütləvi tədbirlərə şahidlik etmiş olardıq. Ədalət naminə vurğulamalıyıq ki, sözügedən təkzibolunmaz fakt namizədlər arasında rəqabətlilik potensialının bərabərləşdirilməsinə xidmət edib. Digər sözlərlə, iqtidarın bu cür siyasi “jesti” sayəsində “maliyyə fərqliliyi” amilinin təsiri minimuma çatdırılmışdır.
Digər önəmli qənaət ondan ibarətdir ki, artıq ölkənin siyasi proseslərində siyasi texnologiyalar mövcuddur.
Xarici ölkələrin təcrübəsini nəzərə alaraq onu da əlavə etməliyik ki, siyasi texnologiyaların mövcudluğu siyasi münasibətlərdə bilavasitə peşəkarlıq amilinin çəkisinin artmasından xəbər verir. Bəzi namizədlərin (hətta cəmiyyətdə bir o qədər də tanınmayan şəxslər) seçki texnologiyalarından istifadə etməsi nəticəsində onların rəqabət aparmaq potensialı əsaslı şəkildə artmışdır. Mətbuatda öz əksini tapmış məlumatlara əsasən, hətta bəzi seçki məntəqələrinin nəticələri belə ləğv olunub. Qeyd olunan amil bir daha onu göstərir ki, siyasi şivənlərin bütün qərəzli demaqogiyalarına rəğmən seçkilərdə rəqabət aparmaq mümkündür. Beləcə, biz bir daha ona əmin olduq ki, onların “boykot” oyunları sadəcə müxtəlif təxribatlara yol açan metoddur.
Ölkənin demək olar bütün regionlarında aktiv seçki kampaniyalarının keçirilməsi ondan xəbər verir ki, Azərbaycanda yeni siyasətçilər nəsli yetişir. Yeni simaların və müasir yanaşmaların siyasi proseslərdə iştirakı birmənalı olaraq demokratik münasibətlərin dərinləşməsinə xidmət edən təcrübədir. Əlbəttə ki, burada keçirilmiş seçkilərin bir çox digər demokratik təzahür formalarından geniş danışmaq olar. Ancaq, düşünürük ki, sözügedən vəzifə daha çox bizim elmi və analitik mərkəzlərimizin yaxın gələcəyinin işidir.
Odur ki, çalışaq vətəndaşı düşündürən başqa bir maraqlı sualın cavabını tapmağa çalışaq: “Axı niyə siyasi dialoqun aqibəti sözügedən prosesdə müxtəlif bəhanələrlə iştirak etməkdən boyun qaçan demaqoqları bu qədər çox narahat edir? Onların məsələ ilə bağlı ucuz və bilavasitə manipulyasiya xarakterli demaqogiyalarının məzmununa diqqət yetirin: “Dialoqda iştirak edən bir sıra partiyalar parlamentdən kənarda qalıblar. Bundan sonra “iqtidar- müxalifət” dialoqu hansı formatda davam edəcək?”
Əlbəttə ki, onların bu cür ritorikası bilavasitə manipulyasiya xarakterlidir. Sözügedən metoddan istifadə isə sahib olduqları siyasi əxlaqın məzmunundan (məzmunsuzluğundan) xəbər verir. Əslində, bu onların şəxsi problemidir. 30 il siyasətlə “məşğul” olasan və bu müddət ərzində siyasətə demaqogiya, habelə təxribat və boşboğazlıqdan başqa heç nə gətirməyəsən?! Bu əslində siyasətçi kimi şəxsi faciənin və tükənmişliyin təzahürüdür.
Yaşanan bəzi hadisələr və bizim bəlalı radikallarımızın davranışı növbəti dəfə göstərir ki, sahib olduqları radikal təfəkkür tərzi hələ də cəmiyyət üçün təhdid yaradan əsas problemlərdəndir və onların siyasətdə mövcudluğu “alverçi” mahiyyətlidir. “Vətənpərvərlik”, “səmimiyyət” və “peşəkarlıq” məfhumlarının “siyasi alver” məfhumu ilə bir arada olması sadəcə mümkünsüzdür. Radikalçılığın siyasi riyakarlığı həm də ondadır ki, bu düşüncə tərzi şəxsi maraq və mənfəət naminə obyektiv həqiqəti nəinki inkar edir, hətta onu qərəzli şəkildə təhrif edir.
Məhz radikal təfəkkürün mahiyyətini biləndən sonra bizə aydın olur ki, niyə siyasi dialoqun aqibəti demaqoqları bu qədər çox “narahat” edir. Siyasi dialoq mühiti və sağlam münasibətlər radikalçılığı boğur və onların manipulyasiya imkanlarını əsaslı şəkildə məhdudlaşdırır. Dialoq mühiti cəmiyyətin radikalçılığa qarşı təbii immunitetidir.
Məhz bina görə həmrəylik mühiti hər zaman radikal siyasətin hədəfindədir. Sağlam və yaradıcı siyasət dialoqdan kənar aparıla bilməz. Qeyd olunan təsbit siyasi aksiomdur. Buna görə də ucuz demaqoqlar iqtidar-müxalifət dialoqunun aqibəti ilə bağlı qərəzli sual və şərhlər verirlər. AXCP yeganə partiyadır ki, siyasi dialoqdan qaçır, yeganə partiyadır ki, seçkilərdə iştirak etməyib, yeganə partiyadır ki, konkret sahələrin inkişafı ilə bağlı öz konseptual təkliflərini cəmiyyətə və hökumətə təqdim etməyib və yeganə partiyadır ki, həmrəyliyi inkar edir. Odur ki, bütün mənalarda özünü sağlam siyasi proseslərdən məhrum etmiş və təklənmiş partiyanın siyasi dialoqu inkar etməsinin səbəbləri də tam olaraq aydındır.
Lüzumsuz polemikadan uzaq dayanaraq onu əlavə edək ki, siyasi dialoq mühiti ölkəmizdə aktiv şəkildə təşviq olduğu üçün seçkilər xarici qüvvələrin açıq müdaxiləsi olmadan keçib, ölkədə fəaliyyət göstərən 26 siyasi partiyadan 25-i seçki marafonuna qatılıb, seçkilərdə yeni simalar üzə çıxıb, müxtəlif seçki dairələrində namizədlər tərəfindən siyasi texnologiyalar vasitəsilə fəal təbliğat kampaniyalar aparılıb, rəqabət mühitini dəstəkləmək üçün Yeni Azərbaycan Partiyası və iqtidar inzibati resurslardan istifadə etməyib (bunu təsdiq edən fakt seçkilərdə iştirak etmiş seçicilərin statistikasıdır) və digər bu kimi pozitiv təmayüllü təzahürlər artıq ölkəmizin siyasi proseslərinin əsas xarakteristikalarına çevrilib. Odur ki, siyasi dialoq demokratik münasibətlərinin təkamül yolu ilə inkişaf etməsinin əsas işlək mexanizmlərindən biridir.
politoloq Asif Adil