İndi ölkəmizdə elmin inkişafı ilə bağlı yeni dövlət proqramı üzərində ciddi iş gedir

Bu gün paytaxtımızda elm adamlarının toplantısının keçirildiyini eşitdim. Elm və Təhsil Nazirliyinin (ETN) təşəbbüsü ilə Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumu təşkil edilib. Rəqəmsal texnologiyaların, süni intellektin sürətlə dominanta çevrildiyi hazırkı kritik dönəmdə ölkəmizdə belə bir forumun təşkil edilməsi və dünyanın müxtəlif yerlərində yaşayan, fəaliyyət göstərən azərbaycanlı alimlərin Bakıda toplanması şübhəsiz ki, olduqca mühüm hadisədir. ETN-in bu təşəbbüsü təqdirəlayiq hal kimi qiymətləndirilməlidir.

Bu forum Azərbaycan elminin dünyanın elmi yeniliklərinə, qabaqcıl təcrübələrinə inteqrasiya vasitəsilə inkişafına böyük töhfə verəcək. Təsadüfi deyil ki, Prezident İlham Əliyev də Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun iştirakçılarına ünvanladığı müraciətində bu məqamı xüsusi olaraq vurğulayıb və bu cür forumların ölkəmizin qlobal hədəflərə sürətlə yaxınlaşması üçün əhəmiyyətli olduğunu qeyd edib: “Forumun dünyanın müxtəlif ölkələrində məskunlaşmış azərbaycanlı alimlərin şəbəkələşməsi, onların elm və təhsil ocaqlarımızla əlaqələrinin dərinləşməsi, qazanılan müştərək nailiyyətlərdən yararlanmaqla ölkəmizin qlobal hədəflərə sürətlə yaxınlaşması, habelə Azərbaycan elminin dünya elm məkanına inteqrasiyası baxımından son dərəcə səmərəli olacağına əminəm”.

Dövlətimizin başçısı Bakıda təşkil olunan bu Forumun Azərbaycanda elmin dayanıqlı və innovativ inkişafı naminə ətraflı fikir mübadiləsi və dolğun müzakirələr şəraitində keçəcəyinə, eləcə də işğaldan azad edilmiş tarixi ərazilərimizin bərpası prosesinə alimlərimizin öz bilik və təcrübələri ilə töhfə verə bilmələri üçün faydalı əməkdaşlıq yollarını müəyyən edəcəyinə inamını ifadə edib. Cənab Prezident eyni zamanda, xaricdə yaşayan həmvətənlərimizin sıralarında elm xadimlərinin geniş yer tutmasının Azərbaycan diasporunun inkişafı üçün də böyük imkanlar yaratdığını vurğulayıb: “Xaricdə yaşayan həmvətənlərimizin sıralarında elm xadimlərinin geniş yer tutması Azərbaycan diasporunun inkişafına böyük imkanlar yaradır. Diasporumuzun fəaliyyətinin sistemliliyinin təmin edilməsi məqsədilə elm sahəsində çalışan soydaşlarımızla daha sıx münasibətlər qurulması, milli maraqlarımıza xidmət göstərən müxtəlif proqram və layihələrdə onların yaxından iştirakının dəstəklənməsi istiqamətində ötən müddət ərzində təqdirəlayiq işlər görülmüşdür”. Bu fikirlər onu göstərir ki, Azərbaycan Prezidenti ölkəmizin dayanıqlı və innovativ inkişafında alimlərimizin roluna böyük ümidlər bəsləyir.

Yeri gəlmişkən, Forumda dünyanın 23 ölkəsindən 80-dən çox azərbaycanlı alim, ümumilikdə isə 200-dən çox yerli və xarici alim iştirak edir. Onlar müxtəlif elm sahələrini təmsil edirlər. Bu faktın özü də Azərbaycan elminin perspektivləri barədə nikbin düşünməyə imkan verir. Əlbəttə, hazırda elm sahəsində müxtəlif problemlərin mövcud olduğu da sirr deyil. Lakin o da qeyd olunmalıdır ki, indi ölkəmizdə elmin inkişafı ilə bağlı yeni dövlət proqramı üzərində ciddi iş gedir. Aktual elm sahələrinin inkişaf etdirilməsi dövlətimizin əsas prioritetlərindən birinə çevriləcək.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Comments are closed.

Tərcümə »