Reallıq hissini itirən molla rejimi anlamalıdır ki, Zəngəzur dəhlizi İranın əngəlləyə biləcəyi sıradan bir layihə deyil
Sülhsevər ölkənin daim yan-yörəsindəki ölkələrə qarşı aqressiya nümayiş etdirən davakar bir ölkə ilə qonşuluq etməsi elə də asan məsələ deyil. Cənub qonşumuz olan İran İslam Respublikası da məhz belə davakar ölkələrdən biridir. Yaxın və Orta Şərqi özünün proksi-qüvvələri ilə, terror çətələri ilə hörümçək toru kimi sarmış bu sözdə “islam” dövlətinin Azərbaycana qarşı təhdidləri, hədələri də bir an ara vermir. Son günlər Zəngəzur dəhlizi ilə bağlı müzakirələrin intensivləşməsi isə İranın Azərbaycana qarşı aqressiyasının daha da artmasına səbəb olub. Zəngəzur dəhlizinin mühüm geosiyasi rıçaqlardan birinə çevrilməsi rəsmi Tehranı ciddi şəkildə narahat edir.
İranın xarici işlər naziri Abbas Əraqçinin və digər diplomatların, deputatların Zəngəzur dəhlizi əleyhinə ard-arda bəyanatlar verməsi də məhz bu əsassız narahatlıqdan qaynaqlanır. Molla rejiminin sözçüləri hesab edirlər ki, Zəngəzur dəhlizi İranın “qırmızı xətti”dir. Rusiyanın Tehrandakı səfirinin İran XİN-nə çağrılması və ona Zəngəzur dəhlizi ilə bağlı sərt xəbərdarlığın edilməsinin ardınca, İranın Ermənistandakı səfiri Mehdi Sobhani bəyan edib ki, “Zəngəzur dəhlizi” deyilən layihə reallığa çevrilə bilməz və Ermənistanın ərazi bütövlüyü onlar üçün “qırmızı xətt”dir. İranın xarici işlər naziri Abbas Ərakçi də oxşar açıqlama ilə çıxış edib. O, özünün “X” hesabında bildirib ki, qonşu dövlətlərin sərhədlərindəki hər hansı dəyişiklik İran üçün “qırmızı xətt” deməkdir və bu, “tamamilə qəbuledilməzdir”. Həmçinin İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri İbrahim Əzizi də ötən gün Zəngəzur dəhlizini əleyhinə çıxış edib. O, “Mehr” agentliyinə açıqlamasında deyib ki, İslam Respublikası Zəngəzur dəhlizini “qırmızı xətt” hesab edir və sərhəddə hər hansı dəyişikliyə qəti cavab verəcək.
Görünən budur ki, İran Zəngəzur dəhlizinin açılmasına qarşı pozucu mövqeyindən heç cürə əl çəkmək fikrində deyil. Lakin reallıq hissini itirən molla rejimi anlamalıdır ki, Zəngəzur dəhlizi İranın əngəlləyə biləcəyi sıradan bir layihə deyil. Zəngəzur dəhlizi qitələrarası əhəmiyyətə malik olan meqa-layihədir. Bu dəhliz Avropa və Asiya bazarları arasında mühüm ticarət marşrutu kimi böyük potensiala malikdir. Zəngəzur dəhlizi “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Çindən Avropaya böyük həcmdə yüklərin daşınmasına şərait yaradacaq. Çindən və Avropa Birliyindən əlavə, ABŞ və Rusiya kimi qlobal aktorlar da sözügedən dəhlizin açılmasına xüsusi maraq göstərir. Bu mənada iranlı diplomatların və parlamentarilərin isterik açıqlamaları suyu bulandırmaqdan başqa bir şey deyil. İran rəsmiləri “qırmızı xətt”in yerini səhv salıblar. Zəngəzur dəhlizi İranın “qırmızı xətti” ola bilməz. Molla rejiminin süni maneələrinə baxmayaraq Azərbaycan Zəngəzur dəhlizinin açılmasına nail olacaq.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri