Azərbaycan-İtaliya münasibətlərinin inkişafı dönməz xarakter alıb

0

Prezident İlham Əliyevin İtaliyaya işgüzar səfərinin istər İtaliya mətbuatının, istərsə də dünya KİV-nin diqqət mərkəzində olması Azərbaycan-İtaliya münasibətlərinin ən yüksək səviyyədə olmasının təzahürüdür. Heç kimə sirr deyil ki, İtaliya Avropada Azərbaycanın əsas ticarət tərəfdaşı sayılır. İtaliya Azərbaycanla sıx əməkdaşlığın qurulması istiqamətində əksər Aİ ölkələri kimi Fransa ilə də ciddi rəqabət aparırdı. Lakin Fransa Azərbaycanın bir nömrəli ticarət tərəfdaşına və geosiyasi müttəfiqinə çevrilməsi məsələsində İtaliyaya uduzdu. Bu gün İtaliya Avropa İttifaqı (Aİ) ölkələri arasında Azərbaycanın aparıcı müttəfiqi rolunda çıxış edir.

İkitərəfli əlaqələrimiz bütün aktual istiqamətləri – enerji, ticarət, müdafiə, səhiyyə, təhsil və mədəniyyət sahələrini əhatə edir. Ölkəmiz ilk növbədə İtaliyanın enerji təchizatında mühüm rol oynayır, bu ölkənin qazla təmin olunmasına böyük töhfə verir. İtaliya xam neft və neft məhsullarının ixracında ən iri ticarət tərəfdaşımızdır. İki ölkə arasında enerji sahəsində əməkdaşlığın xüsusi əhəmiyyət kəsb etməsinin nəticəsi kimi TAP layihəsi Avropanın, o cümlədən İtaliyanın enerji təhlükəsizliyində həlledici rola malikdir. TANAP boru kəməri ilə Türkiyə sərhədində birləşən TAP boru kəməri Yunanıstanın şimalına, Albaniyaya, daha sonra Adriatik dənizindən keçərək məhz İtaliyada yekunlaşır.

Beləliklə, Azərbaycanın “Şahdəniz 2” yatağından hasil olunan təbii qazı “köhnə qitəyə” nəql edən Cənub Qaz Dəhlizi layihəsinin Avropa hissəsi olan TAP boru kəməri bir sıra avropalı tərəfdaşlarımız kimi İtaliya üçün də mühüm “təhlükəsizlik yastığı” rolunu oynayır. Bu faktı bu gün Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxışı zamanı Cənab Prezidentimiz də xüsusi olaraq vurğuladı. Belə ki, enerji təchizatının bu gün ölkələrin milli təhlükəsizliyi ilə sıx bağlı olduğunu bildirən Prezident İlham Əliyev Azərbaycandan İtaliyaya uzanan 3500 kilometrlik Cənub Qaz Dəhlizinin hazırda 10 ölkənin enerji təhlükəsizliyini təmin etdiyini vurğuladı: “Bu gün 10 ölkə Azərbaycandan qaz alır və bu ölkələrin yeddisi Avropa İttifaqının üzvüdür. Bu səbəbdən Avropa Komissiyası Azərbaycanı Ümumavropa qaz təchizatçısı və etibarlı tərəfdaşı adlandırır”.

Ancaq Azərbaycanın İtaliya ilə münasibətlərdəki rolu təkcə enerji təchizatı ilə məhdudlaşmır. İki ölkə arasında enerji təchizatı və ticarət əlaqələri ilə yanaşı, yeni geosiyasi çağırışlar fonunda müdafiə, hərbi-texniki əməkdaşlıq sahəsində də əməkdaşlıq getdikcə daha da güclənir. Üç ay əvvəl Prezident İlham Əliyevin Bakıda İtaliyanın müdafiə naziri Quido Krosetto, bu ölkənin xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli ilə görüşdüyünü hamımız xatırlayırıq. Həmin görüş çərçivəsində həmçinin İtaliyanın “Leonardo” şirkəti Silahlı Qüvvələrimizin hərbi-texniki modernləşdirilməsi proqramına uyğun olaraq Azərbaycana “C-27J Spartan” tipli hərbi nəqliyyat təyyarəsi tədarük edib.

Eyni zamanda, təhsil və mədəniyyət sahələrində, humanitar sahədə əməkdaşlıq da ölkələrimiz üçün prioritet təşkil edir. Bakıda yerləşən İtaliya-Azərbaycan Universiteti üzrə əməkdaşlıq çərçivəsində Azərbaycanın ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi – Luiss Guido Carli Universiteti, Romanın Sapienza Universiteti, Turin Politexnik Universiteti, Alma Mater Bolonya Universiteti və Milan Politexnik Universiteti arasında akademik əməkdaşlığa dair sazişlər imzalanıb. Heydər Əliyev Fondu Romada bir sıra məşhur tarixi abidələrin bərpasında fəal iştirak edib. Eləcə də işğaldan azad edilmiş ərazilərimizdə aparılan tikinti-quruculuq, o cümlədən dini və mədəni abidələrin bərpasında bu gün İtaliyadan olan şirkətlər də yaxından iştirak edir. İtaliya-Azərbaycan Ticarət Palatasının prezidenti Manuela Traldi mediaya açıqlamasında deyib ki, “44 günlük müharibə başa çatdıqdan az sonra İtaliya Qarabağa öz missiyasını göndərib. İtaliya Qarabağ məsələsində Azərbaycanı həmişə dəstəkləyib və biz şadıq ki, Qarabağın bərpasında müxtəlif yollarla iştirak edə bilərik. Bu, bizim münasibətlərimizin əsas aspektlərindən biridir”.

İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni Romanın “Chigi” Sarayında Prezident İlham Əliyev ilə keçirdiyi görüş zamanı isə noyabrda Azərbaycanın ev sahibliyi edəcəyi COP29-un çox əhəmiyyətli tədbir olduğunu və İtaliyanın bu beynəlxalq tədbirdə yüksək səviyyəli nümayəndə heyəti ilə təmsil olunacağını diqqətə çatdırıb. Xanım baş nazir COP29-un uğurla keçirilməsi üçün İtaliyanın Azərbaycana bütün lazımi dəstəyi göstərməyə hazır olduğunu bildirib. Prezident İlham Əliyevin Romanın “Quirinale” Sarayında İtaliya Prezidenti Sercio Mattarella ilə görüşündə iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığı və çoxşaxəli əməkdaşlığı ehtiva etdiyi vurğulanıb.

Dövlətimizin başçısının İtaliyada yüksək səviyyədə qarşılanması və aparılan mühüm müzakirələr bir daha onu göstərir ki, Azərbaycan-İtaliya münasibətlərinin inkişafı dönməz xarakter alıb və strateji tərəfdaşlığa əsaslanan münasibətlərimiz bundan sonra daha da möhkəmləndiriləcək. Prezidentin İtaliyaya səfəri ölkələrimiz arasında ikitərəfli əlaqələrin bütün sahələr üzrə inkişaf perspektivlərinin müəyyən olunmasına imkan yaratdı. Müşahidələr onu göstərir ki, Azərbaycan-İtaliya münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Leave A Reply

Your email address will not be published.

Tərcümə »