Uzun illərdən sonra ilk dəfə Xocalıda, Şuşada, Xankəndidə Milli Məclisə seçkilərin keçirilməsi siyasi iradəmizin nümayişidir
Sentyabrın 1-də keçirilən Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin ən əlamətdar cəhəti onun bütün ölkə ərazisini əhatə etməsidir. Müstəqilliyinin bərpasının 33-cü ilində Azərbaycanın bütün ərazisində, o cümlədən işğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda növbədənkənar parlament seçkilərinin keçirilməsi həqiqətən də tarixi əhəmiyyət kəsb edir. Dinc və təhlükəsiz şəkildə başa çatan bu seçkilərin əvvəlkilərdən ən başlıca fərqi ondadır ki, bu dəfə namizədlərin platformalarında və şüarlarında məğlub ölkənin ümidləri və gözləntiləri yox, qalib ölkənin qüruru və gücü hiss olunurdu.
Bəli, ən yeni tariximizdə ilk dəfədir ki, namizədlər seçiciləri ilə görüşlər zamanı keçmiş “Qarabağ münaqişəsi”nin həlli istiqamətində çalışacaqları, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası üçün əllərindən gələni edəcəkləri barədə vədlər vermədilər. Çünki Müzəffər Ali Baş Komandanımız İlham Əliyein rəhbərlik etdiyi rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi və 23 saatlıq lokal antiterror əməliyyatında tarixi Zəfərə imza ataraq bu məsələni kökdən çözüb. Bu, gerçəkdən də misilsiz nəticədir.
Ona görə də ötən gün Laçında, Şuşada, Xankəndidə, Xocalıda və işğaldan azad edilmiş digər ərazilərimizdə soydaşlarımızın 33 ildən sonra ilk dəfə olaraq doğma yurdlarında qürurlu Azərbaycan vətəndaşı kimi səs vermələrinin özü də sözügedən tarixi Zəfərin təntənəsidir. Bu, işğala son qoyan, quruculuğa başlayan dövlət və xalqın Zəfər seçkisidir. Azad edilmiş ərazilərə Böyük Qayıdışın davam etdiyi bir vaxtda Zəfər seçkisinin keçirilməsinin mənəvi tərəfi ilə yanaşı mühüm siyasi və geosiyasi əhəmiyyəti də var. Seçkilərə öz yurdundan qatılan soydaşlarımız bununla bir daha bütün dünyaya nümayiş etdirirlər ki, bu torpaqların gerçək sahibləri bizik.
İşğaldan sonra yüzminlərlə soydaşımız Azərbaycanın dörd bir yanına səpələnərək məcburi köçkün həyatı yaşamağa məhkum olmuşdu. Erməni barbarları bütün Qarabağı və Şərqi Zəngəzuru viran qoymuşdular. Lakin məğlubiyyət, məhrumiyyət və işğal dövrü artıq geridə qalıb. İndi soydaşlarımız öz doğma yurdlarına dönür və əzəli torpaqlarımızda həyat qaldığı yerdən davam etməyə başlayır. Biz dövlət və xalq olaraq Qarabağda tariximizin yeni səhifələrini yazırıq. Seçki də bu səhifələrdən biridir. Uzun illərdən sonra ilk dəfə Xocalıda, Şuşada, Xankəndidə Milli Məclisə seçkilərin keçirilməsi siyasi iradəmizin nümayişidir. İşğaldan azad edilən ərazilərdə seçkilərin keçirilməsi suverenliyimizin, bütövlüyümüzün möhkəmləndirilməsidir. Biz inanırıq ki, seçkilərin nəticələri xalqımıza və dövlətimizə xeyirli olmaqla yanaşı, Cənubi Qafqazda daimi sülh və sabitliyin bərqərar olmasına da öz töhfəsini verəcək.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri