Üçrəngli bayrağımız işğaldan azad edilmiş bütün torpaqlarımızda əbədi dalğalanacaq

0

Artıq 4 ildir ki, əziz və doğma Qubadlımız azaddır!

Dörd ildir ki, avqustun 31-i gəlib çatanda, “Qubadlı rayonunun işğalından 25 il ötdü”, “Qubadlı rayonunun işğalından 27 il ötdü” kimi başlıqlar yazıb, hüzn dolu ildönümləri qeyd etmirik.

Şanlı Ordumuzun qəhrəmanlığı, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin sərkərdəliyi ilə 44 günlük Vətən Müharibəsində qazandığımız böyük Zəfər Qubadlımızın da işğalına son qoydu, yurdumuz azadlığına qovuşdu.

Qubadlılılar Ermənistanın mənfur işğalçılıq siyasəti nəticəsində düz 27 il doğma ev-eşiyindən didərgin salınmış, məcburi köçkün həyatı yaşamağa məcbur olmuşdu. Lakin 2020-ci il oktyabrın 25-i Azərbaycanın ən yeni tarixinin növbəti şanlı səhifəsinə çevrildi.

Ali Baş Komandan İlham Əliyevin həmin gün xalqa müraciəti işğaldan azad edilən növbəti ərazilərimiz sırasında Qubadlının da adının çəkilməsi ilə bitdi: “İndi Azərbaycan xalqının səbirsizliklə gözlədiyi siyahıları böyük məmnuniyyət və qürur hissi ilə xalqımın diqqətinə çatdıracağam. Beləliklə, dünən azad edilmiş yaşayış məntəqələrinin siyahısını doğma xalqıma çatdırıram. Zəngilan rayonunda azad edilmiş kəndlər: Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd. Cəbrayıl rayonunun azad edilmiş kəndləri: Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər. Qubadlı rayonunun dünən azad edilmiş yaşayış məntəqələri: Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan və Qubadlı şəhəri! Dünən mən artıq bu barədə Azərbaycan xalqına bu sevincli xəbəri verdim. Bir daha bu şad xəbəri bütün Azərbaycan xalqına çatdırmaq istəyirəm. Zəngilan, Cəbrayıl, Qubadlı rayonunun sakinlərinə, bu kəndlərdə yaşamış sakinlərə xoş xəbər çatdırmaq mənim üçün böyük şərəfdir”.

Beləliklə, Qubadlıda, Füzulidə, Cəbrayılda, Hadrutda, Şuşada və digər yurd yerlərimizdə düşmənə elə bir dərs verildi ki, onlar Azərbaycanın Dəmir Yumruğunun sarsıdıcı zərbəsini heç vaxt unutmayacaqlar. Artıq 4 ildir ki, Qarabağın və Şərqi Zəngəzurun bütün torpaqları erməni işğalından azad olunub və 2023-cü ilin 19-20 sentyabrında uğurla həyata keçirilən antiterror əməliyyatının nəticəsində suverenliyimiz tam bərpa olunub.

İndi Böyük Qayıdış dövrünə qədəm qoymuşuq. İşğaldan azad edilmiş digər ərazilərimiz kimi Qubadlıda da sürətli bərpa-quruculuq işləri aparılır. İnşAllah qubadlılılar da tezliklə öz doğma yurdlarına geri dönəcəklər.

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş əziz şəhidlərimizin ruhları qarşısında baş əyirik. Onların şücaətini, fədakarlığını tarix boyu xatırlayacağıq! Üçrəngli bayrağımız işğaldan azad edilmiş bütün torpaqlarımızda bundan sonra əbədi dalğalanacaq! Yaşasın Azərbaycan!

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri, Birinci Qarabağ müharibəsinin iştirakçısı

Leave A Reply

Your email address will not be published.

Tərcümə »