Erməni səfirlərinin delimitasiyanın nəticələri ilə tanış olmaq üçün sərhədə aparılması “aysberq”in görünən tərəfidir

0

Ermənistan sülh üçün real addımlar atmağa yox, sülh tərəfdarı olduğunu imitasiya etməyə üstünlük verir. Bu ölkənin “peşəkar imitasiya ustası” olan xarici işlər naziri Ararat Mirzoyanın avqustun 29-da Ermənistanın xarici ölkələrdə fəaliyyət göstərən səfirləri ilə Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətinin Xeyrimli (ermənilər bizim bu tarixi torpağımızı Kirants adlandırır) kəndinə gətirməsi və onlara Azərbaycanla yeni sərhədin necə olduğunu göstərməsi də Ermənistanın “sülhsevər” ölkə imicinin formalaşdırılmasına xidmət edir.

Erməni mediasının verdiyi xəbərə görə sözügedən səfər zamanı erməni diplomatlar iki ölkə arasında sərhədin delimitasiyası prosesinin nəticələri ilə tanış olublar. Ancaq əsas məqsəd təbii ki, Mirzoyanın erməni diplomatlara özünün “turistik bələdçilik” məharətini göstərməkdən ibarət olmayıb. Ermənistanın digər ölkələrdə akkreditə olunmuş səfirlərinin delimitasiyanın nəticələri ilə tanış olmaq üçün sərhədə aparılması “aysberq”in görünən tərəfidir. Əsas fakt isə budur ki, avqustun 26-28-də Dilicanda Ermənistanın baş naziri Nikol Paşinyan, ölkə prezidenti Vaaqn Xaçaturyan, XİN başçısı Ararat Mirzoyan, eləcə də digər rəsmi şəxslər və xarici ölkələrdə akkreditə olunmuş erməni diplomatların iştirakı ilə səyyar qapalı iclas keçirilib.

Bəs, səfirlərin iştirakı ilə qapalı iclasın keçirilməsində məqsəd nədir? Ermənistan mətbuatında bu barədə heç bir məlumat dərc olunmayıb. Görünür Zəngəzur dəhlizi uğrunda mübarizənin yenidən qızışması Nikol Paşinyanı və Ararat Mirzoyanı belə bir ekstren formatda iclas keçirməyə vadar edib. Ermənistanın işi təkcə delimitasiya ilə yekunlaşmır. 10 noyabr tarixli Üçtərəfli Bəyanatın 9-cu maddəsinə əsasən, Ermənistan həmçinin Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında sərnişinlərin, yüklərin manesiz hərəkətinə zəmanət verməlidir. Söhbət ilk növbədə Zəngəzur dəhlizinin açılmasından gedir.

Lakin təəssüflər olsun ki, Ermənistan tərəfi Qərbdəki havadarlarına arxalanaraq yenə də hər vasitə ilə Zəngəzur dəhlizinin açılmasının qarşısını almağa çalışır. Səfirlərlə Dilicanda keçirilən iki günlük qapalı iclas da yəqin ki, onların bu istiqamətdə operativ təlimatlandırılmasına xidmət edir. Rəsmi İrəvan ənənəvi xislətinə uyğun olaraq hər bir məsələdə destruktiv mövqe tutur. Ancaq İrəvanın bütün maneələrinə baxmayaraq regiondakı nəqliyyat-kommunikasiya dəhlizlərinin açılması labüddür. Ermənistan kimi “marionet” dövlət qlobal güclərin marağında olan Zəngəzur dəhlizinin açılmasını əngəlləyə bilməz.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Leave A Reply

Your email address will not be published.

Tərcümə »