Putinin Əliyevlə telefon söhbəti əsnasında tərəflər arasında bir çox aktual məsələlər müzakirə olunub

0

Rusiya Prezidenti Vladimir Putin bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib və telefon söhbəti əsnasında tərəflər arasında bir çox aktual məsələlər müzakirə olunub. Xatırladaq ki, Kreml rəhbəri 10 gün əvvəl Bakıda iki günlük dövlət səfərində olmuşdu. Liderlər Rusiya Prezidentinin həmin səfərinin uğurlu nəticələrindən məmnunluq ifadə ediblər. Təsadüfi deyil ki, Putinin sözügedən səfəri və səfərin nəticələri dünya mediası tərəfindən hələ də müzakirə edilməkdədir.

Putinin Əliyevlə telefon danışığı zamanı aparılan müzakirələr də heç şübhəsiz ki, önümüzdəki günlərdə medianın diqqət mərkəzində olacaq və gündəmə təsirini göstərəcək. Belə ki, həm Rusiya Prezidentinin Mətbuat xidmətinin və həm də Azərbaycan Prezidentinin Mətbuat xidmətinin yaydığı məlumatlardan aydın olur ki, dövlət başçıları Cənubi Qafqazdakı mövcud vəziyyətin müxtəlif aspektləri, o cümlədən Azərbaycan-Ermənistan sülh müqaviləsinin hazırlanması, sərhədlərin delimitasiyası və demarkasiyası, iki dövlət arasında nəqliyyat əlaqələrinin açılması məsələlərinə dair fikir mübadiləsi aparıblar.

Yeri gəlmişkən, telefon danışığının əsas mövzularından biri də Zəngəzur dəhlizinin açılması perspektivləri olub. Liderlər arasında Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat dəhlizinin açılması ilə bağlı fikir mübadiləsi aparılıb. Öz növbəsində Vladimir Putin Rusiya tərəfinin Zəngəzur dəhlizin açılması üçün müvafiq qarşılıqlı məqbul həllərin işlənib hazırlanmasında Bakıya və İrəvana hər cür yardımı davam etdirməyə hazır olduğunu təsdiqləyib.

Bu da bir daha onu göstərir ki, Zəngəzur dəhlizinin açılması Rusiya üçün hələ də öz aktuallığını qoruyub saxlamaqdadır. Lakin Rusiya ilə bərabər, ABŞ və Çin də bu dəhlizin açılmasına xüsusi maraq göstərən qlobal aktorlar sırasındadır. Böyük güclərin hər birinin Zəngəzur dəhlizi ilə bağlı öz konkret hədəfləri var. Bu isə öz növbəsində Azərbaycanın geosiyasi manevr imkanlarını artırır. Bu da o deməkdir ki, bütün hallarda Zəngəzur dəhlizi ilə bağlı son sözü Azərbaycan deyəcək.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Leave A Reply

Your email address will not be published.

Tərcümə »