Hindistanın baş naziri Narendra Modi 1992-ci ildə ölkələr arasında diplomatik münasibətlərin qurulmasından sonra ilk dəfə Ukraynaya gedib.
Bu barədə Hindistanın NDTV məlumat yayıb.
Modinin Kiyevə səfərinin təfərrüatları gizli saxlanılır.
Telekanalın məlumatına görə, səfər bir neçə saat davam edəcək. İndi Hindistanın baş naziri hoteldədir.
Modinin Polşadan qatarla gəldiyi məlum olub. Hindistanın baş naziri avqustun 22-də Varşavada Polşa prezidenti Andjey Duda və baş nazir Donald Tusk ilə görüşüb. Tərəflər gələcək illər üçün əməkdaşlıq planı hazırlayıb və qarşılıqlı fəaliyyət səviyyəsini strateji tərəfdaşlığa yüksəltmək qərarına gəliblər.
Hindistan Xarici İşlər Nazirliyinin daha əvvəl bildirdiyi kimi, Modi Ukraynada prezident Volodimir Zelenski ilə görüşəcək. Onlar ikitərəfli əlaqələrin bir sıra aspektlərini, o cümlədən siyasi, ticarət, iqtisadi, investisiya, təhsil, mədəniyyət, eləcə də humanitar mübadilə və humanitar yardımı müzakirə etməyi planlaşdırırlar. Onlar Ukraynadakı münaqişə mövzusuna da toxunacaqlar.
Varşavada keçirdiyi mətbuat konfransında Modi bildirib ki, Hindistan sülh və sabitliyin tezliklə bərpası üçün dost ölkələrlə istənilən əməkdaşlığa hazırdır. Onun fikrincə, bütün münaqişələr dialoq və diplomatiya yolu ilə həll edilməlidir.\\musavat\\