Burada Müqəddəs Varfolomeyin cəsədinin hissələri saxlanılır
Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin avqustun 19-da Bakıda Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralında olublar.
AZƏRTAC-ın məlumatına görə, dövlət başçılarını salamlayan Bakı və Azərbaycan yepiskopu Aleksiy Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralı barədə məlumat verib.
O qeyd edib ki, avqustun 19-u İsa Peyğəmbərin mücəssəməsi günüdür: “Bu məbəd 2003-cü ildə azərbaycanlı mesenatların səyləri və Heydər Əlirza oğlu Əliyevin bilavasitə qayğısı ilə bərpa olunub və rəsmi olaraq açılıb. Bakı şəhərində məbədlərin bir çoxu Azərbaycan hökumətinin vəsaiti ilə bərpa edilib. Ona görə də Azərbaycanın bütün pravoslavları adından İlham Heydər oğluna təşəkkür etmək istəyirəm”.
Prezident İlham Əliyev öz növbəsində pravoslav vətəndaşların özlərini evlərindəki kimi hiss etmələrinə şad olduğunu bildirib: “Bu, hamının vahid dost ailə kimi yaşaması, dövlətimiz üçün böyük dəyərdir. Həm xristian, həm müsəlman, həm də yəhudi bayramlarını birlikdə keçiririk. Odur ki, burada belə bir vəhdət var”.
“Yeni Müsavat” qəzeti Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralı və ya “Jen Mironosits” pravoslav kafedral kilsəsinin tarixini araşdırıb. Bakı yeparxiyasının mərkəzi-Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralı 1909-cu ildə memar M.Verjbitskinin layihəsi əsasında rus üslubunda, məşhur Azərbaycan milyonçusu və xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin şəxsi maddi yardımı və ianələr hesabına inşa edilib. Kilsənin açılışında o dövrün görkəmli siyasi və din xadimləri iştirak ediblər. 1920-ci ildə sovet hakimiyyəti dövründə kilsə ilk bağlanan ibadət yerlərindən biri olub, onun baş keşişi isə güllələnib. Məbəd kommunist rejimi vaxtı anbara çevrilib, bir müddət sonra isə idmançıların ixtiyarına verilərək, idman zalı kimi istifadə olunmağa başlanıb. 1990-cı ildə qanlı Yanvar hadisələri zamanı kilsənin dam örtüyünə iki mərmi düşüb. Bunun nəticəsində dam tamamilə dağılıb, döşəmə çöküb, divarlar isə çatlamışdı.
Məbədin binası 1991-ci ildə Rus Pravoslav Kilsəsinin sərəncamına verildikdən sonra burada təmir-bərpa işləri aparılıb. Moskvanın və bütün Rusiyanın Patriarxı II Aleksiy Azərbaycana səfəri zamanı 2001-ci il mayın 27-də bu məbədi müqəddəs elan edib və ona baş kafedral kilsə statusu verib. Açılış mərasimində sabiq prezident Heydər Əliyev, hökumət üzvləri, səfirliklərin nümayəndələri və dini icmaların başçıları iştirak ediblər.
Sözügedən pravoslav ibadət yerində Bakı şəhərinin himayəçisi Müqəddəs Varfolomeyin qurumuş cəsədindən olan hissələr saxlanılır. Belə ki, Qız qalasında aparılan qazıntılar zamanı azərbaycanlı arxeoloqlar qədim məbədin qalıqlarını aşkar ediblər və bu qalıqları apostolun ehtimal edilən ölüm yerinin üzərində tikilmiş bazilika ilə səhv salıblar. Yerli kilsə ənənəsi Varfolomeyin ölüm yerini Qız qalasının ətəyində köhnə Bakının “İçərişəhər” ərazisi ilə eyniləşdirir. Burada, mövcud tarixi məlumatlara görə, Arta bütpərəst məbədinin bünövrəsinin qalıqları üzərində qədim xristian kilsəsi ucaldılıb. 19-cu əsrin əvvəllərində bu kilsənin xarabalıqları üzərində Rus Pravoslav Kilsəsinin xeyir-duası ilə Müqəddəs Varfolomey şərəfinə 1936-cı ilə qədər mövcud olmuş ibadətgah ucaldılıb.