“Neftçi” Azərbaycan yığmasının üzvü Qara Qarayevi əvəzedici komandaya göndərib.
“Qafqazinfo”nun məlumatına görə, buna səbəb Bakı klubunun yeni baş məşqçisi Roman Qriqorçukun 31 yaşlı oyunçunu əsas heyətdə görmək istəməməsidir.
Ukraynalı mütəxəssis “Sabah”a 0:2 hesabı ilə uduzduqları görüşdən sonra da bunu etiraf edib. Lakin təcrübəli məşqçi yarımmüdafiəçini əvəzedici heyətə göndərmək qərarının onun tərəfindən verilmədiyini üstüörtülü olsa da, açıqlayıb.
Bəs Qara Qarayevin əsas heyətdən kənarlaşdırılmasının səbəbi nədir?
Bu baş verənlərin “Neftçi”nin isveçli idman direktoru Yens Andersondan qaynaqlandığı ortadadır. Qriqorçukun gəlişindən sonra da baş məşqçinin razılığı olmadan heyətə futbolçular cəlb edən skandinaviyalı Q.Qarayevi də məhz bu səbəbdən əvəzedici komandaya göndərmək qərarını verib.
Belə ki, klub təlim-məşq toplanışında olarkən düşərgədə maraqlı hadisələr baş verir. Qriqorçukun xəbəri olmadan heyətə Edvin Kuç adlı futbolçu cəlb edilir. Ukraynalı çalışdırıcı isə bu oyunçunu bəyənmədiyini rəhbərliyə bildirir. Amma idman direktoru Yens Anderson Kuçun heyətdə qalacağını deyir. Nəticədə Roman Qriqorçuk bu keçidin onlara fayda verməyəcəyini və yarımmüdafiə xəttinə yeni oyunçu lazım olduğunu diqqətə çatdırır.
Fotoda: Yens Anderson
Rəhbərlik isə çarəsiz qalıb hazırda orta xəttə oyunçu axtarışlarını davam etdirir. Amma transfer üçün heyətdən hansısa futbolçu kənarlaşdırılmalıdır. Çünki büdcə daha bir oyunçunun keçidinə imkan vermir. Yens Anderson isə çarəni Qara Qarayevi klubdan göndərməkdə görüb. O, hətta təcrübəli oyunçunu çağıraraq özünə yeni klub tapmasını tapşırıb.
Maraqlıdır ki, Qara Qarayev “Qarabağ”dan ayrılarkən “Sabah” və “Zirə” onu heyətdə görməkdə israr etsələr də, futbolçu “Neftçi”ni seçir. Çünki klub rəhbərliyi Qarayevə vədlər verir. Bildirilir ki, o, əsas heyətdə oynamaqla yanaşı, karyerasını bitirdikdən sonra qalıb Bakı klubunda çalışa bilər. Lakin indi vəziyyət fərqlidir və Qarayev klubsuz qalmaq ərəfəsindədir. Çempionat başladığı üçün onun özünə yeni komanda tapması da çətindir. Futbolçu özü də rəhbərliyə bu etirazını bildirib. O deyib ki, hazırkı durumda özünə klub tapmaq çətin olacaq. Əgər bu cür durum davam edərsə, Qarayev 31 yaşında futbolçu karyerasını başa vura bilər.
Qara Qarayevin hazırkı durumu bir vaxtlar Rəşad Sadıqovun “Neftçi”dəki vəziyyətini xatırlatdır. Belə ki, almaniyalı məşqçi Hans-Yurgen Gede 2008-ci ildə Bakı klubunda çalışarkən Rəşad Sadıqovu planlarına daxil olmadığı üçün əvəzedici heyətə göndərmişdi. Futbolçu daha sonra doğma klubunu tərk etmək məcburiyyətində qalmışdı.