“Bığlı, qaşlarını almayan xanımlar kişilərin…” – Psixoloqdan qalmaqallı açıqlama

0

Müasir dövrün ən qabaqcıl trendlərindən biri və ən əsası estetik əməliyyatlardır. Bu addımı atan insanlar üz və bədən quruluşlarını sıfırdan dəyişmək üçün müxtəlif estetik proseslərə üz tuturlar. Hətta göz rəngini bəyənməyərək, onu belə dəyişən şəxslərin sayı az deyil. Əvvəl ən çox burun əməliyyatlarına tələb var idisə, indi üz və bədənin müxtəlif nahiyələrində plastik cərrahiyə əməliyyatı həyata keçirilir. Yeni dövrün tələblərinə uyğunlaşmaq istəyən insanlar nədənsə, bu üstünlüyü sadəcə xarici görünüşünü dəyişdirməklə əldə etmək istəyirlər. Sözügedən məsələ cəmiyyətdə heç də birmənalı qarşılanmır. Estetik əməliyyatları təqdir edənlər kimi, tənqid edən şəxslər də az deyil. Maraqlıdır, 21-ci əsrin insanı niyə özünü, genetikasından gələn quruluşu bəyənmir və süni gözəllik arayışına çıxır?

Mövzunun kökündə bir çox fərqli məqamlar dayanır. Psixoloq İlhamə Mustafayeva “Yeni Sabah”a açıqlamasında sözügedən məqamlara toxunub:

“Bu mövzu çox aktual və çox yaralı mövzudur. Əslində təbii olaraq öz xarici görünüşünə fikir vermək, hər zaman formada qalmaq həm fizioloji, həm gigiyenik, həm də estetik olaraq normaldır. Çünki biz cəmiyyətdə yaşayırıq və bu, bizdən səliqəli olmağı tələb edir, həm də bu bir tərəfdən də psixi sağlamlığın əsas göstəricilərindən biridir. Lakin əgər bir insan öz xarici görünüşü ilə həddən artıq məşğul olursa, hər daim özündə qüsur axtarır və bu qüsurları aradan qaldırmaq üçün davamlı prosedurlar və estetik əməliyyatlar edirsə, bu artıq psixikanın naxoşlamasıdır. Bu bir psixi pozuntudur və bunun elmi adı dismorfofobiyadır. Belə bir pozuntusu olan insanlar hansısa özəlliklərinə və qüsurlarına görə həddən artıq narahatlıq keçirirlər, xarici görünüşlərinin normal olmadığı haqda bezdirici fikirlər onları idarə etməyə başlayır. Həyəcan, təşviş və qorxu yaşayırlar. Hesab edirlər ki, bu qüsurları düzəltməlidirlər. Bu hal ən çox yeniyetmə və gənclərdə müşahidə olunur deyilsə də, orta və digər yaş qruplarında da özünü göstərir. Bu insanlar ya qüsurlarını uydururlar, ya da şişirdirlər”.

Psixoloq qeyd edib ki, estetik əməliyyatlara tələbin artmasında əsas səbəblərdən biri bu gün cəmiyyətdə çox insanın xarici görünüş olaraq bir standart altında birləşməsidir:

“Hamı kimi olmaq, standartlara uyğunlaşma, özü kimi ola bilməmə, özünü adekvat görə bilməmə, təbiiliyindən çəkinmə və s. bu kimi məqamları özünə dərd edən insan hamının istifadə etdiyi maskanı geyinir ki, standarta uyğun olub xoşa gəlsin. Bunun da kökündə yatan əsas səbəblər özgüvən əksikliyi, özünü adekvat qiymətləndirə bilməmə, komplekslərdən asılı olmaq və s dir. ki, bu da insanı xarici görünüşü ilə daha çox maraqlanmağa və onunla həddən artıq məşğul olmağa sövq edir. İnsan beynində öz xarici görünüşü haqda bir obraz yaradır və ona uyğunlaşmağa çalışır. Bu obraz bu gün ən çox sosial şəbəkələrdə nümayiş etdirilən obrazlara yaxın olur. İnsan düşünür ki, belə olsam daha xoşa gələrəm, daha diqqət cəlb edərəm. Bu gün çox insanın gözəllik haqda obrazı cəmiyyətdə mövcud olan gözəllik obrazına uyğun olur. Əslində insan obraza aşiq olur insana yox. Necə ki əvvəl bığlı xanımlar, qaşını almayan, tüklərini almayan xanımlar kişilərin xoşuna gəlirdi, çünki o zaman cəmiyyətin gözəllik haqda yaratdığı obraz ondan ibarət idi. Bu gün isə cəmiyyətin gözəllik haqda yaratdığı obrazlara baxmaq sünilik yaradır və çox zaman ürək bulandırır”.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »