Putin Bakıda Azərbaycan-Ermənistan sülh sazişinin imzalanması, eləcə də sərhədin delimitasiyası və kommunikasiyanın açılmasında təşəbbüsü yenidən ələ almaq niyyətini açıqladı. ABŞ-ın təşəbbüslərinə qarşı əks-həmlə olan bu gedişin baş tutub-tutmayacağı hadisələrin inkişafında bəlli ola bilər, mövcud vəziyyətdə Putinin bəyanatı daha çox vasitəçiliyə növbəti dəfə “elçi düşmək” məqsədi daşıyır.
Belə situasiya – ABŞ və Rusiya arasında təşəbbüs mübarizəsi sülh danışıqlarına, eləcə də ikitərəfli formata zərər verir. Ki, rəsmi Bakı hadisələrin yenidən bu istiqamətdə inkişafında maraqlı deyil. Əliyevin danışıqlar məsələsinə toxunmaması da bundan qaynaqlanırdı. Lakin Putin Bakıda olarkən xarici işlər naziri Ceyhun Bayramov “İzvestiya” nəşrinə müsahibəsində “Moskva masasına” açıq olduğumuzu bildirdi.
“Biz müxtəlif platformalardan heç vaxt imtina etməmişik. Rusiya Federasiyasının platforması bizim üçün həmişə münasib olub. Bundan sonra biz bu platformadan istifadə etməyə hazırıq. Son zamanlar məhz Ermənistan tərəfi buna razılıq verməyib”, – nazir qeyd edib.
Bu açıqlama o demək deyil ki, Azərbaycan Ermənistanla ikitərəfli formatdan imtina edir, əksinə, Bakı Moskvaya “yox” demədən topu İrəvanın meydançasına göndərir.
Birincisi, Ermənistan Zəngəzur dəhlizinin də daxil olduğu üçtərəfli razılaşmalara istinad edildiyi Rusiya masasında iştirak etmək istəmir;
İkincisi, Ermənistanın belə bir istəyi bölgədəki planlarını onun üzərindən həyata keçirən Qərb ölkələri tərəfindən qəbul edilməyəcək;
Bakı İrəvanın bu təklifdən imtina etmək ehtimalının böyük olduğunu nəzərə alaraq, Rusiyanın diqqətini Ermənistana yönəltmək, həm məsuliyyəti üzərinə götürməmək, həm də Moskva-İrəvan xəttində yaranmış çatları dərinləşdirmək gedişi edir. İndi top Ermənistandadır və Putin Bakıda dediyi kimi, Paşinyanla danışanda Rusiyanın vasitəçiliyinin qəbul edilməsinə çalışacaq.
Ermənistan danışıqların Moskvada davam etdirilməsinə razı olarsa, Azərbaycan ciddi risklərlə üzləşməyəcək. Çünki Rusiya masasında bizim əleyhimizə olan Qarabağ məsələsi artıq həll edilib, iki əsas məsələ – kommunikasiyanın açılması və sərhədin delimitasiyasında Bakı və Moskvanın gündəliyi yaxındır.
– Kommunikasiyanın açılmasında Zəngəzur dəhlizi layihəsini Rusiya da istəyir;
– Azərbaycan danışıqların Moskva masasına köçürülməsi və regiondankənar oyunçuların uzaqlaşdırılması qarşılığında Naxçıvana yolun dəhliz məntiqi üzərindən açılması ilə yanaşı, sərhədin delimitasiyasında Rusiyada mövcud olan xəritələrin əsas götürülməsinə nail ola və SSRİ dövründə ermənilərə verilən əraziləri aktuallaşdıra bilər;
Bütün variantlarda Ermənistan çətin vəziyyətdə qalır.
Asif Nərimanlı