Qəzzada xəstəxanalar yanacaq çatışmazlığı səbəbilə fəaliyyətini dayandırır

0

Qəzza zolağının şimalındakı əsas xəstəxanalardan biri elektrik generatorları üçün yanacaq çatışmazlığı səbəbilə fəaliyyətini dayandırır.

APA xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı tibb müəssisəsinin nümayəndəsinə istinadən məlumat yayıb.

Əl-Avda xəstəxanasının direktoru Məhəmməd Salehin sözlərinə görə, tibb müəssisəsi elektrik generatorları üçün yanacaq almasa, 24 saat ərzində fəaliyyətini dayandıracaq.

“Bütün əməliyyatlar, ümumilikdə 56 əməliyyat təxirə salınıb. Yanacaq tezliklə verilməsə, xəstələrdə qanqren və iltihab yaranacaq. Nəticədə ya əzalarını kəsəcəklər, ya da öləcəklər. Qeysəriyyə əməliyyatı da risk altında olan bölmələrdəndir”, – deyə o bildirib.

Bundan əlavə, telekanal Qəzzanın şimalında yerləşən Kamal Advan xəstəxanasında da yanacaq çatışmazlığından xəbər verib. Bu tibb müəssisəsi də yanacaq və dərman çatışmazlığı səbəbilə növbəti 24 saat ərzində fəaliyyətini dayandırmaq məcburiyyətində qalacaq.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »