Bəli, İranı idarə edən mollalar Tanrıya təşəkkür etməlidirlər ki, qonşuluqda Azərbaycan Respublikası kimi sakit, qeyri-davakar, səmimi və etibarlı bir dövlət var. Yoxsa ABŞ-ın, İsrailin daimi təhdidlərinin və yaxud, Pakistanın raket zərbəsinin qarşısında aciz, çarəsiz qalan bu zavallılar İranın olmayan imicini xilas etmək, sifətini saxlamaq üçün kimi təhdid edərdilər?
İctimai Rəy xəbər verir ki, araşdırmaçı jurnalist Bəybala Mirzəyevin dediyinə görə, İsrailin son təhdidlərinin və ABŞ Hərbi Dəniz Qüvvələrinin İran körfəzində yerləşməsi, eyni zamanda ABŞ quru qoşun bölməsinin Xameneinin şəstlə “İranın qırmızı xətti” elan etdiyi Zəngəzurda (Qafan, Meğri istiqamətində) toplaşması səbəbindən fars-molla rejimi yenə də “güc”ünü ən səmimi, ən xoşgörülü və ən dinc qonşusu olan Azərbaycana göstərmək qərarına gəlib.
Belə ki, ABŞ-ın və İsrailin qorxusundan körfəzdə təlim keçirməyə cürət etməyən İran Hərbi Dəniz Qüvvələri ötən gün Xəzər dənizinin Azərbaycanla sərhəd istiqamətində hipotetik (yəni ki, nəzəri, ehtimal olunan) hədəflərə hücum edib.
İran mediasının məlumatına görə, təlimin məqsədi dəniz qüvvələrinin hazırlığını maksimum dərəcədə artırmaqdır.
Maraqlıdır, İrana təhdidlər ayrı istiqamətdəndir, ancaq İran gəlib Xəzərdə təlim keçirir, başı batmış SEPAH isə yenə Azərbaycanı hədələyir.
Axı Azərbaycan tərəfi uzun illərdir həmişə bəyan edir ki, “biz heç bir ölkəyə bizim ərazimizdən qonşularımıza hücum etməyə icazə vermərik”. Və bu sözünün üstündə də durur. Eləcə də bu gün ABŞ ordusunu İranla sərhədə yığan da Azərbaycan yox, molla rejiminin ən yaxın “dostu və müttəfiq”i olan Ermənistandır…
Bəs bu halda Xameneiyə və SEPAH-a İsraili, ABŞ-ı və Ermənistanı deyil, məhz Azərbaycanı hədəfə almağı məsləhət görən şəxs və ya qüvvə, görəsən, bunu hansı ağılla edir?
Yoxsa, məqsədləri Azərbaycanı da zorla düşmənə çevirərək, İranın potensial düşmənlərinin sayını artırmaqdır?
Bu, nə xəstə zehniyyətdir axı?
Bu qədər atağan-vurağansınızsa, elə birbaşa real düşməninizin üzərinə gedin də.
P.S.
Görünür, Azərbaycan onlar üçün ildırım ötürən rolunu oynayır.
P.P.S.
Azərbaycan İranın (xüsusən də SEPAH-ın) bizə qarşı bu hərbə-zorbasının, haray-həşirinin, asaram-kəsərəminin molla rejiminin gücsüzlüyünün əlaməti olduğunu başa düşdüyü üçün təmkinli davranır və mollaların hədələrinə sadəcə gülümsəyir. Başqa sözlə desək, Azərbaycan mollalara baş qoşmur. Dərinə getmir. Amma mollalar da bizim səbrimizi çox da sınağa çəkməməlidirlər. Çünki dinc və sülhsevər Azərbaycanın da səbrinin limiti var.