ATƏT-in avqustun 1-dən fəaliyyətə başlaması Azərbaycanın bu nüfuzlu qurumla sıx əməkdaşlığa açıq olduğunun göstəricisidir

0

Sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar seçkiqabağı təşviqat mərhələsi artıq başlayıb. Avqustun 31-i saat 08:00-a qədər davam edəcək bu prosesdə hər bir namizəd öz siyasi potensialını ortaya qoymaq, platformasını seçicilərinin diqqətinə çatdırmaq və demokratik prinsiplər əsasında seçki rəqabəti aparmaq imkanı əldə edəcək. Mətbuatda dərc olunan məlumatlardan da görürük ki, deputatlığa namizədliyi irəli sürülmüş ayrı-ayrı şəxslər avqustun 9-dan etibarən seçicilərlə kütləvi görüşlər keçirməyə başlayıblar.

Yüzlərlə beynəlxalq müşahidəçilərin izləyəcəyi 1 sentyabr seçkilərinin təbliğat-təşviqat mərhələsinin qızğın və maraqlı keçəcəyinə şübhə etmirik. Radikallıqda və inkarçılıqda ifrata varmış Azərbaycan Xalq Cəbhəsi Partiyasını (AXCP) çıxmaqla, ölkədə fəaliyyət göstərən bütün partiyalar bu seçkilərdə iştirak etmək üçün öz namizədlərini irəli sürüblər. AXCP həmişəki kimi “oyundankənar” vəziyyətdə qalmaq taktikasını seçərək seçkilərə hazırlıqsızlığını ört-basdır edir. Ancaq AXCP-dən fərqli mövqe nümayiş etdirərək növbədənkənar parlament seçkilərinə qatılan Müsavat Partiyası isə 25 namizədlə mübarizə aparacaq. Ümumən isə, 25 siyasi partiyadan 459 nəfərin namizədliyi verilib, onlardan 305-i qeydə alınıb.

Yeri gəlmişkən, ATƏT-in Demokratik Təsisat və İnsan Haqları Bürosu (ATƏT/DTİHB) da artıq müşahidələrə başlayıb. Onlar öz nümayəndələrini seçki dairələrinə yerləşdirirlər və seçkiyə hazırlığı müşahidə edirlər. ATƏT-in avqustun 1-dən fəaliyyətə başlaması Azərbaycanın bu nüfuzlu qurumla sıx əməkdaşlığa açıq olduğunun göstəricisidir. Bu qurumun ilkin müşahidələri seçkiöncəsi proseslərin normal məcrada cərəyan etdiyini göstərir.

Öz növbəsində 1 sentyabr tarixində keçiriləcək növbədənkənar seçkilərdə seçicilərin aktiv olacağına da şübhə etmirik. Hər birimiz fəal olmalı və seçki günü səsvermədə iştirak etməliyik. Çünki biz bu seçkilərdə iştirakımızla qalib Azərbaycanın yeni parlamentini seçəcəyik. Yeni parlament ölkəmizin inkişafı naminə mühüm qanunların qəbul olunmasında fəallıq nümayiş etdirəcək.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Leave A Reply

Your email address will not be published.

Tərcümə »