Paris-2024: Bu gün Azərbaycanın iki idmançısı medal uğrunda yarışacaq

0

Bu gün Azərbaycanın üç güləşçisi və çəkicatmadakı təmsilçisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında çıxış edəcək.

Qadın güləşçilərin mübarizəsində Azərbaycanın yeganə təmsilçisi olan Mariya Stadnik ilk görüşünə çıxacaq.

O, 1/8 finalda almaniyalı Anastasiya Blayvasla üz-üzə gələcək. Bu, Stadnikin karyerasında 5-ci olimpiadadır.

Yunan-Roma güləşçilərinin yarışında isə Sənan Süleymanov Bolqarıstanı təmsil edən Ayk Mnatsakanyanla qarşılaşacaq. 77 kq çəki dərəcəsində qüvvəsini sınayan Süleymanov da yarışa 1/8 finaldan qoşulacaq.

Hər iki görüş Bakı vaxtı ilə saat 13:00 radələrində keçiriləcək.

Daha bir yunan-Roma güləşçimiz Sabah Şəriəti isə bürünc medal uğrunda görüşdə mübarizə aparacaq. 130 kq çəki dərəcəsində yer alan Şəriəti Amin Mirzəzadə (İran) – Seunqçan Li (Koreya) görüşünün qalibi ilə qarşılaşacaq.

Üçüncü yer uğrunda görüşlər saat 20:15-də start götürəcək.

Azərbaycan çəkicatanı Anna Skidan isə finalda rəqiblərini üstələməyə çalışacaq. Təsnifat mərhələsində 32 atlet arasında 6-cı yeri tutaraq finala vəsiqə əldə edən atletimiz medal uğrunda yarışacaq. Həlledici mərhələdə 12 idmançı çıxış edəcək.

Mübarizəyə Bakı vaxtı ilə təxminən saat 21:57 radələrində start veriləcək.|Report

Leave A Reply

Your email address will not be published.

Tərcümə »