Ermənistan müxalifəti hələ də reallıqdan qopmuş vəziyyətdə qalmağa davam edir

0

Ermənistan parlamentinin müxalifətdən olan deputatı Eduard Şarmazanov Rusiyanın Ermənistana mövcud təsirləri haqda jurnalistlərin sualını cavablandırarkən deyib ki, “Paşinyan üçtərəfli bəyanatdan imtina etməsəydi, hazırda Qarabağ ermənilərin olacaqdı. Ancaq üçtərəfli bəyanatdan Paşinyan imtina etdi, bu da nəticəsi”. Ermənistanın keçmiş prezidenti Serj Sərkisyanın sadiq nökərlərindən biri kimi tanınan E.Şarmazanovun bu açıqlaması bir daha onu göstərir ki, Ermənistan müxalifəti hələ də reallıqdan qopmuş vəziyyətdə qalmağa davam edir.

44 günlük İkinci Qarabağ müharibəsinin bitməsindən 4 il keçməsinə baxmayaraq erməni müxalifəti gələcəyə boylanmaq, keyfiyyətcə dəyişmək və Ermənistanın gələcəyi haqqında düşünmək əvəzinə, hələ də keçmiş xülyalarla yaşamaq və sərsəm “Miatsum” planını gündəmdə saxlamaq mövqeyindən çıxış edir. Zaman və reallıqlar çoxdan dəyişsə də, erməni müxalifəti xislətindən əl çəkmək istəmir. Onlar dərk edə bilmirlər ki, Cənubi Qafqazda yeni reallıqlar Nikol Paşinyanın üçtərəfli bəyanatdan imtinası yox, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etməsi nəticəsində formalaşıb.

İşğal faktorunun aradan qaldırılmasından sonra Şuşa və Xankəndi də daxil olmaqla, bu gün bütün Qarabağ və Şərqi Zəngəzurda nəhəng quruculuq-bərpa işlərinin aparılması və “Böyük Qayıdış” Proqramının həyata keçirilməsi, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışının davam etməsi bir daha azərbaycanlıların bu torpaqların əzəli və əbədi sahibləri olduğunu göstərir. Azərbaycan Ermənistanın işğalına son qoymaqla beynəlxalq hüququn təmin olunmasına və tarixi ədalətin bərqərar olmasına nail olub.

Dünya birliyi də 44 günlük İkinci Qarabağ müharibəsinin və lokal antiterror əməliyyatının nəticələrini artıq qəbul edib. Ermənistan müxalifəti bu reallıqla barışmalı və sülhə mane olmaq xəttindən əl çəkməlidir. “Bəlkə də qaytardılar” psixologiyası nə erməni müxalifətinə, nədəki bütövlükdə Ermənistana uğur qazandırmayacaq. Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və sülh sazişinin imzalanması qaçılmazdır. Şarmazanovlar, keşiş Baqrat kimi qiyamçılar bu prosesi əngəlləyə bilməyəcəklərini dərk etməlidirlər.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Leave A Reply

Your email address will not be published.

Tərcümə »