Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinə 380 nəfərdən çox namizəd artıq qeydə alınıb. Ölkədə fəaliyyət göstərən siyasi partiyalardan 25-i seçkilərdə öz namizədləri ilə təmsil olunacaqlar. Həmçinin müstəqil namizədlərin də sayı kifayət qədər çoxdur. İndi əksər namizədlər parlament seçkilərinin açıq təbliğat-təşviqat mərhələsinə hazırlaşır. Bu mərhələ avqustun 9-da start götürəcək. Bir sözlə, indi həm partiyalar, həm də müstəqil namizədlər qarşıdakı seçki marafonunda öz güclərini sınamaq üçün bütün güclərini, resurslarını səfərbər ediblər.
Ənənəvi radikal müxalifət (AXCP, “Milli Şura”) isə çoxdan kiflənmiş “boykot” taktikasına üstünlük verdiyinə görə yenə də siyasi proseslərin kənarında (futboldakı oyundankənar vəziyyət kimi) qalmalı olub. Halbuki, seçki dönəmində boykot taktikası siyasi partiya üçün heç də optimal, müdrik seçim deyil. Çünki partiyaların və onların sədrlərinin əsas işi elə məhz seçkilərdə iştirak etməkdir. Bu baxımdan Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli və digər radikallar əslində növbədənkənar seçkiləri deyil, özlərini boykot ediblər, özlərini “offsayd”da qoyublar. Onlar boykot taktikasını seçməklə həm özlərini, həm də AXCP və “Milli Şura”nı bir növ “dalan”a salıblar. Çünki boykot qərarı onların zəif cəhətlərini üzə çıxarır.
Beləliklə, məlum olur ki, 35 illik müxalifətçilik tarixçəsi olan AXCP hələ də seçkilərə hazır deyil və mövcud hakimiyyətlə mübarizə aparmaq üçün özündə gərəkən potensialı görmür. Bunun əvəzində isə, onlar seçdikləri boykot taktikasına haqq qazandırmaq üçün hazırkı seçki prosesini qaralamağa, əks təbliğat aparmağa üstünlük verirlər. “Milli Şura”nın təmsilçisi Gültəkin Hacıbəylinin sosial mediadakı paylaşımları da məhz bu kirli məqsədə xidmət edir. Belə ki, radikal müxalifətin “primadonna”sı sayılan bu xanım son paylaşımlarından birində iddia edib ki, “müxalifətdən olmayan, hətta YAP üzvü olub hakimiyyət tərəfindən dəstəklənməyən deputatlığa namizədlərə imza verən insanların qapısını döyürlər, “niyə filankəsə səs vermisiniz?” deyə gözümçıxdıya salırlar, incidirlər, polisə aparırlar. Görün biz – Milli Şura üzvləri bu seçki adlı tamaşada iştirak etsəydik nələr olardı? Hər şey bir yana, onlarla, bəlkə yüzlərlə “imza məhbusu”-muz olacaqdı”.
G.Hacıbəylinin özünəbəraət xarakterli bu paylaşımına rəy yazan Müsavatçı namizədlərdən biri isə imza verən vətəndaşlara təzyiq edilmədiyini onun nəzərinə çatdırıb və qeyd edib ki, “bilmirəm, harada belə hadisə baş verib, lakin mənə imza verən şəxsləri incitmə halı yoxdur”. Gültəkin Hacıbəyli sözügedən namizədin konkret sualına konkret cavab verə bilmədiyinə görə dərhal söhbətin mövzusunu ayrı istiqamətə yönəltməyə çalışıb. Faktsızlıq, dəlilsizlik bu radikal müxalifətçi xanımı həqiqətən də çox pis vəziyyətdə qoyub. Ona görə də vəziyyətdən çıxış yolunu sadəcə siyasi riyakarlıq etməkdə görüb.
Bu kimi hallar onu göstərir ki, radikal müxalifətin “uzaqgörən strateq”ləri uğursuz boykot taktikasının özlərinə vurduğu zərbəni ört-basdır etmək və bu taktikaya hansısa formada haqq qazandıra bilmək üçün qarşıdakı seçki kampaniyasının gedişində, necə deyərlər, dəridən-qabıqdan çıxacaqlar. Bu isə onların fiaskosunun təzahürü olacaq. Bir siyasi qüvvə öz enerjisini seçkilərdə iştiraka və qalib gəlməyə deyil, nədən boykot taktikasını seçdiyini ciddi-cəhdlə əsaslandırmağa xərcləyirsə, o qüvvə heç vaxt böyük siyasi uğurlara imza ata bilməz.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri