Rəsmi Bakı bizi əhatə edən ölkələrdə sabitliyin və dinc inkişafın mövcudluğunda maraqlıdır

0

HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehrandakı hücum nəticəsində öldürülməsi bölgədə sabitliyin hökm sürməsinə xüsusi önəm verən Azərbaycanın da maraqlarına ziddir. Rəsmi Bakı bizi əhatə edən ölkələrdə sabitliyin, təhlükəsizliyin və dinc inkişafın mövcudluğunda maraqlıdır. Lakin bir müddət öncə Rusiyada “Krokus Siti” ticarət mərkəzində qanlı terror aktının törədilməsi, bu gün isə cənub qonşumuzun paytaxtında HƏMAS liderinin qətlə yetirilməsi bölgəmizin dincliyini ciddi şəkildə təhdid edən hadisələr kimi nəzərdən keçirilməlidir.

İsmayıl Haniyənin Tehranda öldürülməsi heç şübhəsiz ki, Yaxın Şərqi əhatə edən xaosun daha da dərinləşməsinə səbəb olacaq. Bu cür kritik hadisələr bir çox hallarda hətta böyük müharibələrə də gətirib çıxarır. İsrailin və İranın rəhbər şəxslərinin aqressiv ritorikası da onu göstərir ki, bölgədə yeni eskalasiyanın baş verməsi istisna deyil. Nəzərə alsaq ki, belə bir müharibənin başlanmasında maraqlı olan kifayət qədər qüvvələr, aktorlar var, Haniyənin raket hücumu nəticəsində Tehranda qətlə yetirilməsi böyükmiqyaslı müharibənin başlanması üçün həqiqətən də qığılcım və ya bəhanə rolunu oynaya bilər.

Bu baxımdan, Qəzzaya və Livana hücumlarla eyni vaxtda İsmayıl Haniyəyə qarşı sui-qəsdin həyata keçirilməsi heç də təsadüf yox, sinxron hadisələrdir. Bu hadisələr hamısı bir-birilə zəncirvari bağlıdır. İndi hibrid müharibə ilə açıq müharibənin elementləri bir-birinə qarışıb. Haniyənin qətli isə Yaxın Şərq böhranının həllinə yox, onun daha da şiddətləndirilməsinə hesablanıb. Ancaq İsrail də, İran da regionda qarşıdurmaların daha da şiddətlənməsinə rəvac verən qızışdırıcı addımlardan çəkinməlidir. HƏMAS liderinə sui-qəsd bölgəyə sülh gətirməyəcək. Terror çözüm yolu deyil və kimə qarşı törədilməsindən asılı olmayaraq istənilən terror cəhdi qəbul edilməzdir.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Leave A Reply

Your email address will not be published.

Tərcümə »