Bakıda içkili halda yolda uzanan şəxs həbs edilib.
İctimai Rəy “Qaynarinfo”ya istinadən xəbər verir ki, hadisə Nizami rayonu, R.Rüstəmov küçəsində baş verib.
Saxlanılan 1963-cü il təvəllüdlü Saatlı rayon, Mollavaizli kənd sakini R.M. hadisəyə görə özünün yox, arağının üstünə spirt töküb onu sərxoş edənlərin günahkar olduğunu bildirib.
“Arağımın üstünə spirt tökməklə məni bu vəziyyətə saldılar”, – deyə həmin şəxs bildirib.
O, Rusiya Federasiyasından deportasiya olunduğunu deyib:
“Yaşayış yerim Saatlı rayonundadır, dilənçi deyiləm, müxtəlif işlərdə işləyirəm, lakin hazırda işim dayanıb”.
Onun Azərbaycanda saxta dollar hazırlaması, Rusiyada isə davaya qarışması ilə bağlı barəsində cinayət işləri olub. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, bir daha belə bir hərəkətə yol verməyəcəyini bildirib. Həmçinin başında travma olduğunu əlavə edib.
Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib və 8 gün müddətinə həbs edilib.