Alim Xəzərdə batma hadisələrinin səbəbini açıqladı

0

“Dənizdə batma hadisələrinin çoxalmasının birinci səbəbi insanların ehtiyatsızlığı, təhlükəsizlik qaydalarına əməl etməməkləridir. Xəzərin səviyyə dəyişmələri burada ikinci dərəcəli rol oynayır “.

İctimai Rəy xəbər verir ki, bunu APA-ya açıqlamasında AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizi sahilləri və dibinin geomorfologiyası şöbəsinin müdiri, coğrafiya üzrə elmlər doktoru Əmir Əliyev deyib.

O bildirib ki, Xəzərin səviyyəsi 1995-ci ildən başlayaraq 20 ilə yaxındır ki, azalır:

“Xəzərin səviyyəsi o vaxtdan bəri, təxminən iki metrə qədər aşağı düşüb. Bu zaman dənizdə çəkilmələr olur və daşlar ortaya çıxır. Dəniz dibi axınları su çox olanda bilinmir. Su az olanda isə dəniz dibi axınların həm sürəti, həm də istiqaməti dəyişir. Əgər yaxşı üzgüçü deyilsinizsə və bu axına düşübsünüzsə, suda batmağınız qaçılmazdır. Çəkilmələr olan yerlərdə dənizin dib relyefi tamam başqa olur”.

Alimin sözlərinə görə Xəzərdəki çəkilmələrin dənizdə batma hadisələrində rolu danılmazdır:

“Xüsusilə, Abşeronda dəniz sahilində bu hal daha çox müşahidə olunur. Çəkilmələr nəticəsində dəniz dibinin relyefi dəyişir, daşlar ortaya çıxır və dəniz dibi axınlar bu zaman daha təhlükəli olur. Suyun çox olduğu yerlərdə belə axınlar təhlükəli deyil. Çünki insan suyun üzərində üzür və bu kimi axınlara düşmə ehtimalı azalır “.

O, həmçinin dənizdə batma hadisələrinə təsir edən burulğan və küləkli günlərin artmasından da söz açıb:

“Dənizdəki burulğan hadisələri suyun sıxlığından, küləyin sürətindən asılıdır. Nəticədə, dənizdə maneələr arasında olan axınlar da çoxalır. Burulğan da batmanı qaçılmaz edir. Küləkli günlərə gəldikdə isə təbii ki, külək dənizdə güclü dalğalar yaradır və bu, öz növbəsində, təhlükəli hava şəraitidir. Əgər sahil dayazdırsa, orada maneələr, daşlar, dərinliklər varsa, dalğalar özünü daha çox büruzə verir “.

Bütün bu proseslərin fonunda iqlim dəyişmələrinin dayandığını vurğulayan Əmir Əliyev Xəzərin də bu dəyişmələrə ciddi şəkildə məruz qaldığını xatırladıb.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »