“Qapqara” verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişin budəfəki sayının qonağı yazıçı, kinodramaturq İlqar Fəhmi olub.
Bakının özünə xas adətlərindən danışan yazıçı mentalitetimizdə sevmədiyi, dəyişmək istədiyi xüsusiyyətlərdən bəhs edib:
“Mənim xoşlamadığım şey Bakıda qanuna münasibət idi. O da bizim mentalitetimizdən irəli gəlirdi. Bakı camaatı sovet qanunlarını sevmirdi. Qanun anlayışının özü bir yad ünsür elementi kimi idi və ona görə də qanunu qəbul edib yaşamaqdan daha çox o qanunla mübarizə aparırdılar. Qanunun əleyhinə gedənlərin daha çox hörməti var idi, nəinki qanun keşikçilərinin”.
İlqar Fəhmi insanların Bakıya gəlib dəyişməsi, korlanması fikrinə də münasibət bildirib:
“Sovet dövrü ədəbiyyatında belə bir şey var, sanki Bakı insanları korlayan, mənəviyyatını pozan bir şəhərdir və saf, təmiz insanlar bura gəlir, yaşayır və burada o çirkabın içinə düşür, korlanır. Sonra həmişə o ilkin saflığının, təmizliyinin xiffətini çəkir. Sanki Bakı insanları korlayan, əxlaqını pozan bir məkan olur. Bu, əslində, uşaqlıqdan bəri həmişə xətrimə dəyib. Əks tərəf də elə düşünüb ki, bura cənnət idi, gəldilər, korladılar. Gələn deyir ki, mən yaxşı idim, gəldim bura, məni korladılar. Burada olan isə deyir ki, bura yaxşı idi, gəldi, korladı. Bəs korlayan hansıdır, korlamayan hansıdır? Əgər sən gəlib korlanırsansa, sənin özündə korlanmaq meyli var idi. Üç-beş nəfər gəlib burada kiminsə təsiri altına düşübsə, onda Bakı nə etsin? Sənin zatında əyrilik varsa, sən şəhərə gəlib, universitet oxumaqla adam olmayacaqsan. Sən zatıqırıqsansa, akademik də, professor da olsan, zatıqırıq qalacaqsan”.
Ətraflı Baku TV-nin süjetində: