İlham Əliyev “Gənclik”dəki parkda görülən işlərlə tanış oldu

0

Prezident İlham Əliyev Bakıda “Gənclik” metrosu yanında yaradılan yeni parkda işlərin gedişi ilə tanış olub.

İctimai Rəy xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlətimizin başçısına parkda görülən və həyata keçiriləcək işlər barədə məlumat verdi.

Paytaxtımızın daha da müasirləşdirilməsi, şəhərin abadlaşdırılması istiqamətində görülən işlər yaşıllıq zolaqlarının və parkların salınması ilə paralel şəkildə davam etdirilir. Belə istirahət məkanlarından daha biri Azərbaycan Prezidentinin 2023-cü il 18 avqust və 2024-cü il 13 yanvar tarixli sərəncamlarına əsasən Nərimanov rayonunda salınan yeni parkdır.

“Antena” parkı kimi tanınan bu ərazi əvvəllər baxımsız vəziyyətdə olub. İstirahət parkının yenidən qurulması və bərpası ilə əlaqədar bu ərazidə yararsız vəziyyətdə olan bəzi tikililər sökülüb. Söküntü işlərindən sonra parkın ərazisi daha da genişləndirilib və 19 hektara çatdırılıb.

Qeyd olundu ki, parkın ərazisindəki mövcud tarixi inzibati bina saxlanılıb və həmin binada bərpa işləri aparılacaq.

Yenidən qurulan parkda sakinlərin mənalı istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şərait yaradılacaq. Belə ki, burada müasir tələblərə cavab verən iki restoran inşa olunur. Həmçinin burada 2 fəvvarə də quraşdırılacaq. Bu da istirahət məkanına əlavə gözəllik verəcək.

Müasir istirahət kompleksinin ərazisinin 13,8 hektarında yaşıllıq sahələri salınacaq. Burada işıqlandırma sistemi yeni layihə əsasında ən müasir standartlara uyğun şəkildə qurulacaq. Parkda piyada və velosiped yolları çəkiləcək, uşaq-əyləncə və idman meydançaları yaradılacaq.

Bildirildi ki, yenidən qurulan parkla yaxınlıqdakı “Dədə Qorqud” parkını əlaqələndirəcək tunelin də inşasına başlanılıb.

Dövlətimizin başçısına, eyni zamanda, Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Binə qəsəbəsi ərazisində yeni salınmış istixanası barədə də məlumat verildi. Qeyd olundu ki, istixanada 1 milyonadək gül yetişdiriləcək. Bu da ölkəmizə gül idxalının həcmini əhəmiyyətli dərəcədə azaltmağa imkan verəcək.

Yenidən qurulan park, həmçinin Azərbaycan dövlətinin ekoloji tarazlığın qorunması, yaşıllıqların artırılması, o cümlədən “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində görülən işlərə daha bir töhfə olacaq.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »