“Hidayətin çempionluğu ilə hər birimiz çox dərin və böyük hisslər yaşadıq”.
Bunu İdman.biz-ə Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli deyib.
O, Paris-2024 Yay Olimpiya Oyunlarında 73 kq çəkidə çempion titulunu qazanan Hidayət Heydərovun uğurunu şərh edib. Məmmədlinin sözlərinə görə, dördilliyin ən mötəbər yarışında Azərbaycan himninin səslənməsi qürürvericidir: “Onun üzərində hamı kimi mənim də əziyyətim var. Hidayət Olimpiya çempionu kimi kürsüyə qalxdıqda və himnimiz səsləndiriləndə bir anlıq qızıl medal qazandığım Pekin-2008-ə qayıtdım və orada özümü gördüm. Axırıncı dəfə də məhz Olimpiya çempionu olarkən ağlamışdım. Daha sonra isə bu il Hidayət Abu-Dabidə dünya və indi Olimpiya çempionluğunu qazandığı zaman ağladım. 16 ildən sonra 73 kiloqram çəkidə cüdoçumuzun qalib olması mənim üçün ikiqat xoşbəxtlik oldu”.
Qeyd edək ki, Hidayət finalda fransalı Joan-Benjamin Qabaya qalib gəlib.