“Zəfər tarixi” III Esse Olimpiadası”nın finalçıları müəyyən olundu

0

Əziz həmkarlar

Bir neçə gün əvvəl xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Bakı İnsan Hüquqları Məktəbi İctimai Birliyi tərəfindən təşkil olunan “Məktəblilər arasında “Zəfər tarixi” III Esse Olimpiadası”na təqdim olunan Esselər Münsiflər heyəti tərəfindən ekspertiza olunub, yoxlanılıb və qiymətləndirilmişdir.

Mürəkkəb və məsuliyyətli seçim mərhələsində hörmətli Münsiflər Heyəti tərəfindən finalçılar müəyyən olunmuşdur.

Bildiyiniz kimi, ümumtəhsil sistemimizin müsbət tərəfləri ilə yanaşı bir çatışmayan cəhət də vardır ki, o da, məktəblilərin yazı (esse), fikirlərini sərbəst şəkildə yazılı sürətdə ifadə etmək, yaradıcılıq və mütaliə səriştələrinin kifayət qədər olmamasıdır.

Bir sözlə, nəinki məktəblilər, ümumiyyətlə gənclər yetərincə kitab oxumurlar, milli və dünya ədəbiyyatını izləmirlər, yazışma səriştələrini inkişaf etdirmirlər (bir tərəfdən, bütün təhsil sistemi və işə qəbul prosesi testologiya üzərindən təşkil olunduğundan, digər tərəfdən smartfonlar, qacetlər, noutbooklar qələmi əvəz etdiyindən).

Esse nədir? Fransız sözündən əmələ gəlib. Oçerk deməkdir. Yəni, problemi sərbəst şəkildə şərh edən kiçik həcmli əsər.

Esse — ən çox ədəbiyyatda istifadə olunur. Kiçik və ya orta həcmdə olan, bir çox elmi sahəyə müraciət olunan nəşr janrı. Essedə məqsəddəki fikri bildirmək üçün fəlsəfi ifadə, yanaşma, təhlildən istifadə edilir. Ədəbiyatşünaslıq, avtobioqrafik, biografik məqalələr, psixoloji, tarixi, politoloji, siyasi və başqa təhlillər, əsasən esse janrı üzərində qurulmuşdur.

Bu baxımından təşkil etdiyimiz və sayca üçüncü olan Esse Olimpiadası, fikrimizcə, böyük təhsil və maarifləndirmə əhəmiyyəti kəsb edir, istedadları üzə çıxarır, mütaliəni, yazıçılığı, məktəbli yazarların faydalı inkişafını təmin edir.

Məhz bu səbəbdən, baxmayaraq ki, bu ilin Olimpiadası COP29 tədbiri ilə əlaqədar may- iyul ayına təsadüf etdi, Olimpiadamıza kifayət qədər Esse təqdim olundu (1231 Esse).

Ən peşəkar ədəbiyyatşünaslardan, filoloqlardan, Azərbaycan dili və ədəbiyyatı müəllimlərindən ibarət olan hörmətli Münsiflər Heyəti bütün Esseləri bir ay müddətində diqqətlə və məsuliyyətlə tələb olunan parametrlər üzrə yoxlayıb qiymətləndirmişdirlər.

Finalçıların sayı 20 nəfər nəzərdə tutulsa da, ötən illərdə olduğu kimi, Şəhid və Qazi ailələrinin istedadlı övladlarına əlavə olaraq 12 yer tərəfimizdən ayrılmışdır.

Bu səbəbdən vıcdanımızı, ədalətimizi, peşəkarlağımızı, dürüstlüyümüzü ortaya qoyub əsl, həqiqi Esselərə dəyər verməyi özümüzə borc bilirik.

Ötən Olimpiadalarda da belə olub və bir-birlərindən istedad coşan finalçı uşaqlar bu yanaşmamızın əyani sübutudur.

Hər bir uşağın uğuru, təmsil etdiyi məktəbdən asılı olmayaraq, bizim uğurumuzdur, ölkəmizin, dövlətimizin, Vətənimizin uğurudur.

Beləliklə, əlavə etdiyim siyahıda bütün finalçıları, onların valideynlərini 31.07.2024-cü il tarixində saat 11.00-da “Volqa” otelində Diplomlarla və qiymətli hədiyyələrlə təntənəli təltif olunma mərasiminə dəvət edirik.

Otelin ünvanı: Xəlil Rza Ulutürk küçəsi, 2005 (Koroğlu metrostansiyasının yaxınlığında).

Bütün finalçılara zəng olunacaq və dəvətnamə göndəriləcək.

Arzu edən məktəb direktorları, konfrans zalında məhdud yerlərin olmasını nəzərə alaraq iştirak üçün, zəhmət olmasa, öncədən mənimlə əlaqə saxlasınlar.

Olimpiadanın keçirilməsinə dəstək olan Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə və bütün kollektivinə bütün Olimpiada iştirakçıları adından səmimi qəlbdən təşəkkür edirik.

Hər kəsə uğurlar arzu edirik!

Finalda və növbəti Olimpiadalarda görüşənədək!
Zəfər günlərimiz çox olsun!
Allah bütün Şəhidlərimizə rəhmət eləsin, Ruhları şad olsun, Allah Qazilərimizə möhkəm can sağlığı nəsib etsin!

Hörmətlə,
Azər Ələkbərov,
hüquq üzrə fəlsəfə doktoru,
Bakı İnsan Hüquqları Məktəbi İctimai Birliyinin sədri.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »