Azərbaycan paytaxtında fransız müstəmləkəçiliyinə qarşı qurultay keçirilməsi Makronun məkrli siyasətinə qarşı ən layiqli cavabdır

0

Fransa, obrazlı dillə desək, “mərdi qova-qova namərd edən” ölkələrdəndir. Belə ki, rəsmi Bakı Fransa prezidenti Emmanuel Makronun 44 günlük İkinci Qarabağ müharibəsindən sonrakı dönəmdə Azərbaycana qarşı davamlı olaraq yol verdiyi təxribatçı hərəkətlərinin qarşılığında bu ölkə ilə, necə deyərlər, onun öz dilində danışmağa qərar verib. Makron iyulun 18-də Böyük Britaniyanın paytaxtı Londonda keçirilən Avropa Siyasi Birliyinin 4-cü Zirvə toplantısında Ermənistanın silahlanma siyasətinə haqq qazandıran və Azərbaycana qarşı açıq qərəzli mövqe nümayiş etdirən sərsəm fikirləri ilə “alovlu natiqlik” məharətini nümayiş etdirdiyi dəqiqələrdə, Azərbaycanın paytaxtında isə Qvadelupanın Azadlığı naminə Xalq Birliyinin təşkilatçılığı və Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib və Antil adalar qrupundan olan nümayəndələrin iştirakı ilə Bakıda birinci Qurultay keçirilirdi.

İki gün davam edən qapalı müzakirələrin yekunu kimi Fransa koloniyalarında müstəqillik uğrunda mübarizə aparan siyasi partiya və hərəkatların rəhbər şəxsləri vahid cəbhənin – Fransa Koloniyalarının Beynəlxalq Azadlıq Cəbhəsinin yaradılmasına dair razılığa gəliblər. Qurultayda iştirak edən 17 Fransa və Niderland koloniyalarının səlahiyyətli rəsmiləri Beynəlxalq Azadlıq Cəbhəsinin yaradılması haqqında yekun Bəyannaməni imzalayıb, eləcə də Cəbhənin Nizamnaməsini təsdiqləyiblər. Beynəlxalq Azadlıq Cəbhəsinin yaradılması Fransa müstəmləkəçiliyinə qarşı mərkəzləşdirilmiş platformanın, vahid çətirin yaradılması deməkdir. Qurultay iştirakçıları müstəqillik uğrunda mübarizədə daha sıx təşkilatlanma, habelə Fransa kolonializminə qalib gələrək müstəqillik əldə etmək yolunda fəaliyyətlərinin əlaqələndirilməsinə qərar veriblər.

Beynəlxalq Azadlıq Cəbhəsinin yaradılması haqqında yekun Bəyannamədə Fransa kolonializmi, Parisin irqçi və repressiv siyasəti pislənilib, bu xüsusda Yeni Kaledoniya və digər müstəmləkə ərazilərində Fransa hökuməti tərəfindən həyata keçirilən cinayətlər kəskin surətdə qınanılıb. Beləliklə, 60 ildir ki, Fransa müstəmləkəçiliyinə qarşı ayrı-ayrılıqda xaotik mübarizə apardıqlarına görə birgə cəbhə yarada bilməyən koloniyalar indi Bakının dəstəyilə belə bir vahid cəbhəni yaratmağa nail oldular. Buna görə Beynəlxalq Azadlıq Cəbhəsinin yaradılması haqqında yekun Bəyannamədə ölkəmizin dekolonizasiya prosesindəki vacib rolu, habelə Bakı Təşəbbüs Qrupunun müstəmləkə ərazilərinin azadlığı uğrunda apardığı mübarizəyə verdiyi dəstək və sadiqlik xüsusi vurğulanıb və Azərbaycana minnətdarlıq ifadə olunub.

Beləliklə, Beynəlxalq Azadlıq Cəbhəsi qlobal müstəmləkəçiliklə (xüsusən də Makron Fransasının neokolonializm siyasəti ilə) mübarizədə yeni və effektiv platforma olacaq. Bu Cəbhə Fransa koloniyalarının dekolonizasiya prosesində səylərini birləşdirməyə və onların öz müqəddəratlarını təyin etmə məsələlərini dünya ictimaiyyətinin diqqətinə dolğun şəkildə çatdırmaq məsələsində mühüm rol oynayacaq. Bəli, məhz Makronun nadan, köntöy siyasəti vəziyyəti bu yerə gətirib çıxardı. Fransa Cənubi Qafqazda revanşizmi körükləmək, süni gərginlik yaratmaq və sülh prosesinə mane olmaq cəhdlərinin qarşılığı olaraq Beynəlxalq Azadlıq Cəbhəsinin yaradılması faktı ilə üz-üzə qaldı. Başqa sözlə desək, Makron özü bizi vadar etdi ki, biz də Fransa ilə bu tonda danışaq, bu cür davranaq. Azərbaycan Prezidenti İlham Əliyevin fransız müstəmləkəçiliyinə qarşı prinsipial mövqeyi beynəlxalq hüquqa söykənir. Bu gün Azərbaycan paytaxtında fransız müstəmləkəçiliyinə qarşı qurultay keçirilməsi Makronun məkrli siyasətinə qarşı ən layiqli cavabdır. Azərbaycan müstəmləkəçiliyə qarşı həmrəylik və mübarizə mərkəzinə çevrilir.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Leave A Reply

Your email address will not be published.

Tərcümə »