Azərbaycanda SÜNİ YAĞIŞLAR yağdırılacaq? – RAKETLƏ və LAZERLƏ buludların yeri dəyişdirilir… – Təbiətə kömək ya təbii fəlakət?
Bununla yanaşı, iqlim dəyişikliyinə təsir edən amillərin sırasında bəzi nüanslar da gözdən qaçmaya bilir. Nə dərəcədə iqlimə mənfi təsiri öyrənilməsə də, bu barədə videolar və fikirlər mətbuatda dərc olunmaqdadır. Belə texnologiyalardan biri lazer üsulu ilə buludların yerinin dəyişdirilməsi və süni yağışların yağdırılması ilə bağlıdır. Yayılan məlumatlarda və görüntülərdə iddia edilir ki, sözügedən üsulla edilən dəyişikliklər təbiətin balansını pozmaqdadır.
Qeyd edək ki, bu ilin mart ayında İsrailin Milli Su Qurumu – “Mekorot” şirkəti Azərbaycanda su qıtlığının qarşısını almaq üçün süni yağış yağdırmaqla bağlı layihə təklif edib. Layihə həmin ay “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-yə təqdim olunub. Məlumatda “Təkliflərimiz arasında süni yağışın yağdırılması da var. Buludların içərisində aerozollar var. Gümüş yodid kristallarını aerozollara səpəndə onlar ağırlaşır, yağış yağır. Bunu ölkənin şimalında və cənubunda reallaşdırmaq olar. İsraildə 1972-ci ildən ötən ilə kimi bu üsuldan istifadə etmişik. İndi isə ona ehtiyacımız yoxdur. Bu layihə böyük vəsait tələb edir, amma gələcəkdə istifadəsi o qədər də xərc tələb etməyəcək. Sözügedən layihə ilə bağlı planlaşdırma düzgün aparılmalıdır. Radarlar olmalıdır, səpiləcək nöqtələr hesablanmalıdır”,- deyə bildirilib.
İctimai Rəy xəbər verir ki, mövzu ilə bağlı Referans.az-a ekoloq Fikrət Cəfərov danışıb. O bildirib ki, Azərbaycanda iqlim dəyişikliyi ilə mübarizədə hazırda çox işlər görülür:
“Birinci növbədə qeyd edərdim ki, bu işlərin sırasında nəqliyyatın avtonəqliyyata keçirilməsi və yanacağın yeni standarta keçirilməsidir. Azərbaycanda bu gün iqlimi ən çox çirkləndirən nəqliyyat vasitələrindən havaya buraxılan zəhərli tüstülərdir. Ölkədə həddindən çox köhnə avtomobillər var. Çalışılır ki, indi elektroavtobuslar, elektroavtomobillərdən istifadə edilsin. Ekologiya və Təbii Sərvətlər Nazirliyi meşələrin bərpası ilə bağlı işlər görür. Son 10-15 ilə ərzində Bakıda yaşıllıq sahələri 2-3 dəfə artıb. Ümimiyyətlə, belə fikir var ki, yeni tikilən yaşayış binaların ətrafında 25 faiz ərazi yaşıllıqlar salınsın. Azərbaycanın iqlim dəyişikliyində ümumilikdə iştirakı azdır, böyük öhdəliklərin üzərinə düşmür. 90-cı illərlə müqayisə edərkən Azərbaycan 2 və ya 3 dəfə çox az qaz və çirkləndirici maddələrin atılması, məhv olması prosesində iştirak edib. COP29 keçəndən sonra Azərbaycan ola bilsin ki, iqlim dəyişiklikləri ilə bağlı mübarizədə lider kimi təşkilatlansın”.
Ekoloq yeni texnologiyalarla yağışların yağdırılması məsələsindən də söz açıb:
“Bu gün dünyada ekologiyanın idarə olunması üçün ayrı-ayrı üsullar var. O cümlədən, iqlimin tənzimləmə mexanizmlərini də bura əlavə etmək olar. Bir tərəfdən bu vacib məsələlərdəndir. Ancaq bunun dəqiq təsirini öyrənmək çox çətindir. Bu il Azərbaycanda dolu həddindən artıq məhsuldarlığa ziyan gətirdi. Demək olar ki, rayonlarda 40-50 faiz məhsuldarlığı məhv etdi. Sovet dövründə Azərbaycanın dağlıq rayonlarında xüsusi qurğuları var idi və buludları raketlə dəyişdirirdilər. Bunun nəticəsində dolunun əvəzinə yağış yağırdı, yağdırırdılar. Bu gün bu işlər Azərbaycanda yoxdur. Bunları yenidən bərpa eləmək lazımdır. Ona görə ki, birbaşa bitkilərə ziyan gətirir. Bu üsul iqlimə təsir deyil, ziyan gətirən faktorları yumşaltmaq məqsədi daşıyır.
Lazer texnologiyası ilə buludların yerinin dəyişdirilməsinin ziyanı da ola bilər, xeyiri də. Bunu bilməkçün texnologiyanı bilmək lazımdır. Hansısa maddəni havaya səpməklə yağışın yağdırılmasının istiqmətini dəyişirdirirlər. Belə texnologiyalar var, amma, lokal xarakter daşıyır. 5-6 km arasında belə üsulu tətbiq eləmək olar. Amma, ümumi halda iqlimin dəyişilməsinin qarşısını almaq çox çətindir. Bəşəriyyət konkret işlər görür, amma, gecikir. Yayın ortasıdır, baxın necə istilər keçir”.