Gözlənildiyi kimi, Gürcüstan millisinin qapıçısı Luka Quqeşaşvili “Qarabağ”dan ayrılıb.
Qolkiper “Panserraikos”la anlaşıb.
2026-cı ilə qədər Yunanıstan Superliqasında yarışan klubun qapısını qoruyacaq.
2022-ci ilin yanvarından “köhlən atlar”ın formasını geyinən kiper üç dəfə Azərbaycan çempionu olub, iki dəfə ölkə kubokunu qazanıb. Luka bu müddətdə 43 oyun keçirib.
O, Premyer Liqada 33, Azərbaycan kubokunda 3, avrokuboklarda 7 dəfə meydana çıxıb.
“Qarabağ” gürcünü 2,5 il öncə “Yagelloniya”dan 1 illik icarəyə götürüb. Üstündən 6 ay keçəndən sonra onun transfer hüququ Polşa klubundan alınıb və 3 illik müqavilə imzalanıb.
Gürcüstan millisinin heyətində AVRO-2024-ə yollanan Lukanın Almaniyadan Azərbaycana dönməyəcəyi əvvəlcədən bizə bəlli idi.
Hələ iyunun ilk günlərində bu barədə oxucularımıza məlumat vermişdik. Həmçinin bildirmişdik ki, o, Avropanın bir neçə klubu ilə danışıqlar aparır.
Onların arasında “Aberden” favorit idi. Şotlandiya təmsilçisi sözügedən “əlcək sahibi”nə 3 illik kontrakt təklif eləmişdi.
Elə isə “səbəbkar niyə son anda “Aberden”ə yox, “Panserraikos”a üz tutdu” sualı verilə bilər. Məsələ ondadır ki, yunanlar Lukaya əsas heyət sözü verib.
“Panserraikos” rəhbərliyi ilə sıx əlaqələri olan gürcü menecerlər oyun praktikasının azlığından əziyyət çəkən qapıçıya köməklik göstərəcəklərini vəd ediblər. (sportinfo.az)