İyulun 6-sı axşam şimal və qərb rayonlarından başlayaraq 8-i gündüzədək bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ayrı-ayrı yerlərdə, xüsusən də Balakən-Şəki, Quba-Qusar, Qazax-Gəncə, Daşkəsən-Gədəbəy, Qarabağ və Şərqi Zəngəzur yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.
Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.
Bundan başqa İyulun 6-sı axşamdan 8-i gündüzədək bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı və narıncı xəbərdarlıq verilib.
Sarı xəbərdarlığa uyğun olaraq Sədərək, Şərur, Kəngərli, Ağstafa, Qazax, Şəmkir, Tovuz, Samux, Gədəbəy, Bərdə, Tərtər, Göygöl, Ağdam, Yevlax, Mingəçevir, Ağcabədi, Balakən, Zaqatala, Şəki, Qaxda fasilələrlə şərq küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Narıncı xəbərdarlığa əsasən Naxçıvan, Babək, Culfa, Şahbuz, Ordubad, Naftalan, Goranboy, Gəncə, Daşkəsən rayonlarında şərq küləyinin əsəcəyi və küləyin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir.