Azərbaycan ilə ABŞ arasında sıx əməkdaşlıq uğurla davam etdiriləcək

0

Azərbaycan və ABŞ-ın dövlət başçılarının hər iki ölkənin önəmli təqvim günlərində, xüsusən də Müstəqillik Günü ilə bağlı bir-birinə təbrik məktubu ünvanlamaları artıq uzun illərdir ki, təqdirə layiq müsbət ənənə halını alıb. Prezident İlham Əliyevin ötən gün ABŞ Prezidenti Cozef Baydenə Müstəqillik Günü münasibətilə göndərdiyi növbəti təbrik məktubu da bu xoş ənənənin davamıdır. Bundan əvvəl isə ABŞ-ın dövlət başçısı azərbaycanlı həmkarına həm 28 May – Müstəqillik Günümüzlə, həm də Bakı Enerji Həftəsi ilə bağlı təbrik məktubları göndərmişdi.

Bu ənənəni davam etdirən və 4 İyul – Müstəqillik Günü münasibətilə amerikalı həmkarı Cozef Baydenə təbrik məktubu göndərən Prezident İlham Əliyev Amerika xalqına öz adından və Azərbaycan xalqı adından ən səmimi təbrikləri və xoş arzularını çatdırmaqdan məmnunluq duyduğunu ifadə edib. Dövlətimizin başçısı Azərbaycanın Amerika Birləşmiş Ştatları ilə münasibətlərinə xüsusi əhəmiyyət verdiyini amerikalı həmkarının diqqətinə çatdırıb.

Eyni zamanda sözügedən təbrik məktubunda qeyd olunub ki, ölkələrimiz mürəkkəb regional çağırışların həlli istiqamətində, terrorizmə qarşı mübarizə və beynəlxalq təhlükəsizlik məsələlərində hər zaman yaxından əməkdaşlıq ediblər. Eləcə də enerji sahəsindəki uzunmüddətli və səmərəli birgə fəaliyyətimiz xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev Birləşmiş Ştatların Azərbaycanın enerji strategiyasının gerçəkləşməsinə və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan Cənub Qaz Dəhlizinin reallaşmasına verdiyi qətiyyətli dəstəyini yüksək qiymətləndirdiyini vurğulayıb.

Dövlət başçımızın məktubunda diqqəti çəkən digər önəmli məqam isə Azərbaycanın Ermənistan ilə sülh gündəliyinin irəli aparılması üçün daim siyasi iradə nümayiş etdirməsinin xüsusi olaraq qeyd edilməsidir. İlham Əliyev Ermənistan ilə münasibətlərin normallaşdırılmasına, bölgədə davamlı sülhün bərqərar edilməsi, sülh müqaviləsinin hazırlanması prosesinə ABŞ-nin hər zaman dəstək vermək əzminin rəsmi Bakı tərəfindən təqdirlə qarşılandığını bildirib. Yeri gəlmişkən, ABŞ diplomatiyasının son həftələrdə bu istiqamətdə xüsusilə fəallaşdığını görürük. Belə ki, Bayden administrasiyası artıq Azərbaycan və Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasının və eyni zamanda Zəngəzur dəhlizinin açılmasının qatı tərəfdarı kimi çıxış edir.

ABŞ Prezidenti Cozef Baydenə Müstəqillik Günü münasibətilə göndərdiyi məktubunda Azərbaycan lideri həmçinin humanitar, mədəniyyət və turizm sahələrində, sivilizasiyalararası dialoqun təşviqində də Azərbaycan-ABŞ münasibətlərinin genişlənməsində maraqlı olduğunu vurğulayıb: “Xalqlarımızın mənafeləri naminə qarşılıqlı maraq doğuran bütün sahələrdə, xüsusilə də iqlim dəyişmələri və yaşıl enerjiyə keçid məsələlərində ABŞ ilə birgə səylər göstərməyə hazır olduğumuzu vurğulamaq istəyirəm. ABŞ-nin noyabr ayında Bakıda keçiriləcək COP29-a, tədbir çərçivəsində ümumi iqlim məqsədlərinin irəli aparılması yolunda dəstəyi böyük əhəmiyyət kəsb edir. Biz eyni zamanda humanitar, mədəniyyət və turizm sahələrində, sivilizasiyalararası dialoqun təşviqində də Azərbaycan-ABŞ münasibətlərinin genişlənməsində maraqlıyıq”.

Məktubun məzmunu onu göstərir ki, Azərbaycan tərəfi ABŞ ilə bir çox sahələrdə olduğu kimi yüksək texnologiyalar, rəqəmsal və yaşıl keçid, kənd təsərrüfatı, investisiyalar, aviasiya və digər sahələrdə də əməkdaşlığımızın inkişaf etdirilməsində maraqlıdır. Dövlətimizin başçısı bunun üçün böyük perspektivlərin mövcud olduğunu ABŞ liderinin diqqətinə çatdırıb. Bəli, bu gün Azərbaycan ilə ABŞ arasında qarşılıqlı faydalı iqtisadi-ticari əlaqələrimizin şaxələndirilməsi üçün olduqca geniş imkanlar var və Azərbaycan tam müstəqil siyasət yürüdən bir ölkə kimi Qlobal Cənuba daxil olan tərəfdaşları ilə yanaşı, ABŞ və Avropa İttifaqı (Aİ) ilə də əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Ona görə də Prezident İlham Əliyevin Co Baydenə məktubunda nikbin məqamlar üstünlük təşkil edir. Belə ki, dövlətimizin başçısı bildirib ki, dost və tərəfdaş olan Azərbaycan ilə ABŞ arasında müxtəlif sahələri əhatə edən sıx əməkdaşlıq ölkələrimizin maraqları və xalqlarımızın rifahı naminə bundan sonra da uğurla davam etdiriləcək və bu yolda birgə səylər göstəriləcək. Prezidentin məktubu ABŞ-Azərbaycan münasibətlərində yeni səhifənin açılması üçün zəmin yaradır.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Leave A Reply

Your email address will not be published.

Tərcümə »