Macarıstanın Baş naziri Viktor Orban Ursula fon der Lyayenin Avropa Komissiyasının (AK) sədri vəzifəsində qalmasına qarşı çıxıb və son beş ili Avropa İttifaqı tarixində ən pis il adlandırıb.
“Report” xəbər verir ki, bu barədə o, “Funke” media qrupuna verdiyi müsahibədə danışıb.
“Fon der Lyayenin ikinci müddətə təyin olunmasına niyə mane olmaq istəyirsiniz” sualına Orban belə cavab verib:
“Aşağı səmərəliliyinə görə. “Yaşıl” transformasiya tamamilə uğursuz idarəetmədir; miqrasiya paketi problemi həll etmir. Avropaya daha effektiv liderlik lazımdır, bunu edə biləcək kifayət qədər istedadlı siyasətçilər var. Son beş il Aİ tarixində bəlkə də ən pis beş il olub. Avropa Komissiyasının və Brüssel elitasının tərəqqisi zəifdir”.
Baş nazir qeyd edib ki, Avropa Parlamentinə seçkilər zamanı insanlar Brüsseldə dəyişiklik istədiklərini göstərdilər:
“Ancaq işlər indi necə görünsə, eyni hakim koalisiya hakimiyyətdə qalacaq. Hazırda baş verənlərdən özümü xoşbəxt hiss etmirəm. Bizim struktur problemimiz var”.