Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış etməsi gözlənilən idi. Çünki son aylarda və xüsusən də son həftələrdə siyasi kuluarlarda və media müstəvisində, o cümlədən sosial mediada bu barədə müzakirələr gedirdi. Bu mənada proqnozlar, təxminlər özünü doğrultdu. Belə ki, avqust ayında növbədənkənar parlament seçkilərinin keçiriləcəyi gözlənilir.
Biz bu təşəbbüsü dəstəkləyirik və seçkilərin vaxtının 1-2 ay önə çəkilməsinə də normal yanaşırıq. Bu, bütün dünya ölkələrinin siyasi proseslərində tez-tez rast gəlinən bir təcrübədir. Hətta özünü “demokratiyanın beşiyi” sayan Fransa da hazırda erkən parlament seçkilərinə hazırlaşır. Qardaş Türkiyənin də ən yaxın tarixində dəfələrlə erkən parlament və ya prezident seçkilərinin keçirilməsinin şahidi olmuşuq. Odur ki, bizim də bu təcrübəyə müraciət etməyimiz normaldır. Azərbaycanda seçkilərin bir-iki ay irəli çəkilməsində heç bir müstəsnalıq və qeyri-adilik yoxdur. Dünyanın əksər ölkələrində olduğu kimi bizim də qanunvericiliyimiz seçkilərin vaxtının irəli çəkilməsinə icazə verir.
Bunun üçün heç şübhəsiz ki, kifayət qədər obyektiv səbəblər də var. Bildiyiniz kimi 44 günlük Vətən müharibəsindən və 2023-cü ilin 19-20 sentyabrında həyata keçirilmiş antiterror tədbirlərindən sonra ölkəmizdə və bütövlükdə Cənubi Qafqazda yeni reallıqlar yaranıb. Ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olunub, erməni separatizminin kökü kəsilib. Bu baxımdan prezident seçkilərinin davamı olaraq bütün suveren bölgələrimizdə parlament seçkilərinin də keçirilməsi zəruridir. Beləliklə, növbədənkənar parlament seçkiləri müstəqillik dövründə ilk dəfə olaraq Qarabağ və Şərqi Zəngəzuru da real surətdə əhatə edəcək. O bölgələrdən millət vəkilliyinə namizəd qismində seçkilərə qatılan şəxslər artıq Bakıda, Sumqayıtda, İmişlidə və məcburi köçkünlərin kompakt şəkildə yaşadıqları digər məkanlarda deyil, azad edilmiş ərazilərdə keçirilən seçkilər nəticəsində mandat qazanacaqlar. Bu, olduqca önəmli məqamdır.
Parlament seçkilərini növbədənkənar keçirilməsini zəruri edən əsas səbəblərdən biri də heç şübhəsiz ki, seçkilərin vaxtının COP29 sammiti ilə eyni vaxta düşməsidir. Belə ki, seçkilərin vaxtının önə çəkilməsi həm parlament seçkilərinə, həm də COP29-a yüksək səviyyədə hazırlaşmağa imkan verəcək, təşkilati işlərdə hər hansı problemlərin yaşanmasının qarşısını alacaq. Ona görə də seçkilərin önə çəkilməsini düzgün qərar hesab edirəm. Bütöv Azərbaycanımızda keçirilən ilk parlament seçkiləri milli birlik və həmrəyliyimizə töhfə verəcək.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri