Azərbaycan 2 erməni hərbçisinə aid olan meyit qalıqlarını qarşı tərəfə təhvil verib.
İctimai Rəy xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.
Məlumatda deyilir ki, 2023-cü ilin sentyabr ayında həyata keçirilmiş antiterror əməliyyatından sonra işğaldan azad olunmuş ərazilərdə aparılmış axtarış işlərinin nəticəsində Daşkəsən rayonu istiqamətində Buğdadağ yüksəkliyinin və Kəlbəcər rayonu istiqamətində Dəvə dağının yaxınlığında iki insana aid olduğu ehtimal edilən sümük qalıqları aşkarlanaq götürülüb. Qalıqların 2022-ci ilin sentyabr ayında Ermənistan-Azərbaycan sərhədində baş vermiş döyüş əməliyyatı zamanı həlak olmuş iki Ermənistan hərbçisinə aid olması müəyyənləşdirilib.
Həmçinin Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsinin genetik araşdırmalar mərkəzində həyata keçirilmiş molekulyar-genetik ekspertiza ilə həmin meyit qalıqlarının itkin düşmüş iki Ermənistan hərbçisinə aid olması öz təsdiqi tapıb.
Azərbaycan Respublikası xoşməramlı niyyətini və humanizm prinsiplərinə sadiqliyini növbəti dəfə nümayiş etdirərək 21 iyun 2024-cü il tarixində üçüncü tərəfin və ya hər hansı digər vasitəçinin iştirakı olmadan iki erməni hərbçisinin meyit qalıqlarını Ermənistana təhvil verib.