Şuşa Bəyannaməsi regionda sülh və təhlükəsizliyin bərqərar olmasında mühüm əhəmiyyət kəsb edir

0

Müasir Azərbaycanın xarici siyasət tarixində Şuşa Bəyannaməsi ölkənin dinamik diplomatiyasının və çoxtərəfli beynəlxalq formatlarda daha səmərəli iştirakının dayaq nöqtəsidir. Şuşa Bəyannaməsi strateji sazişdir və onun məqsədi Ankara ilə Bakı arasında geosiyasi əməkdaşlığın daha da  genişlənməsi və yaranan təhdidlərin fəsadlarının azaldılmasıdır.  Həmçinin, Şuşa Bəyannaməsi Cənub-Şərqi Avropada və Qafqazda iqtisadi artımın güclənməsi, infrastrukturun inkişafı və regional təhlükəsizliyin qorunması üçün çox vacib vasitədir. Bu bəyannamə Avropanın ən yeni tarixinə geosiyasi həmrəyliyi, iqtisadi çiçəklənməni və bütün qitə üçün təhlükəsizliyi təmin edən vacib vasitədir.  2022-ci il  ildə “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunun qəbul edilməsi  tək Azərbaycan və Türkiyə üçün deyil, Cənubi Qafqaz və Avropa üçün də yeni bir dönəm kimi qiymətləndirilməlidir.

Maraqlı bir məqam odur ki, 15 iyun- Azərbaycan tarixində ikinci dəfə xüsusi bir mahiyyət daşıyan günə çevrildi. 31 il əvvəl bu gündə Azərbaycan parçalanmaq, bir dövlət kimi siyasi xəritədən silinmək təhlükəsindən qurtardısa, bu gün isə Azərbaycan güclü və qalib dövlət olaraq bir daha bölgədə və dünyada sülhün və rifahın bərqərar olması üçün öz töhfəsini təqdim edir. Bu baxımdan da Şuşa Bəyannaməsi müstəsna siyasi, mənəvi və tarixi əhəmiyyətə malikdir. Bu sənəd Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları ilə xarakterizə olunan Azərbaycan-Türkiyə münasibətlərini daha da möhkəmləndirərək  yeni bir mərhələyə qədəm qoyur. Cənab Prezident İlham Əliyevin dediyi kimi: “Birgə Bəyannamə – Müttəfiqlik haqqında Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır. Bəyannamənin adı Müttəfiqlik haqqında Bəyannamədir və bu ad özü-özlüyündə hər şeyi göstərir, hər şeyi deyir. Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu Bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək iş birliyimizin təminatçısıdır”. Azərbaycan və Türkiyə arasında Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsində birgə milli mənafelər baxımından siyasi, humanitar, iqtisadi, elm, təhsil, mədəniyyət, hərbi və təhlükəsizlik sahələrində, o cümlədən media sahəsində əlaqələndirilmiş və birgə fəaliyyətlərin təşviq edilməsi xüsusi yer tutur.

Azərbaycan ilə Türkiyənin əməkdaşlıq əlaqələri unikal müttəfiqlik nümunəsidir. Və bunun tarixi çox qədimdir. Çünki bizi bir çox amillər birləşdirir. Ortaq etnik köklərimiz, mədəniyyətimiz, dilimiz, dinimiz, milli dəyərlərimiz, milli maraqlarımız, tarixən bir-birimizə arxa-dayaq olmağımız  bu birliyi, bu qardaşlığı, bu təəssübkeşliyi təmin etmişdir.  Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “ Bu gün biz dünya miqyasında, dünya çapında nadir əməkdaşlıq, iş birliyi, müttəfiqlik nümunəsi göstəririk”. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi kimi: “Bizim gücümüz Azərbaycanın gücü, Azərbaycanın gücü də bizim gücümüzdür”.  Ona görə də birmənalı vurğulaya bilərik ki, Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır.

Müstəqilliyimizin ilk günündən, xüsusilə də Vətən Müharibəsi günlərində Azərbaycana böyük mənəvi və siyasi dəstək verən Türkiyə Prezidenti R.T. Ərdoğanın bu  səfəri  və imzalanan Bəyannamə Ermənistandakı revanşist qüvvələrə və onların havadarlarına, eləcə də regionda sülh prosesini ləngitməyə çalışan qüvvələrə verilən xüsusi və mühüm bir mesajdır.  Həmçinin, bu sənəd Ermənistanda revanşizmin və Qars müqaviləsinin ləğvi barədə iddiaların səsləndirildiyi, bəzi dövlətlərin regionda  yenidən qarışıqlıq yaratmaq istədikləri   bir zamanda imzalandı. Ölkə baçşısı İlham Əliyev də çıxışında qeyd etdi ki, “ Birgə Bəyannamədə tarixi Qars müqaviləsinə istinad edilir. Tarixi Qars müqaviləsi düz 100 il bundan əvvəl imzalanmışdır. Bu da böyük rəmzi məna daşıyır. Azad edilmiş Şuşa şəhərində 100 ildən sonra müttəfiqlik haqqında imzalanan Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir”.  Qars müqaviləsinin ləğv edilməsi ilə bağlı ayrı-ayrı vaxtlarda həm ermənilər, həm də onlara havadarlıq edən qüvvələr fikirlər səsləndirmiş və bunun üçün cəhdlər göstərmişlər. Lakin Şuşada imzalanan  Bəyannamə  Azərbaycan və Türkiyə müttəfiqliyini daha da möhkəmləndirdi. Eyni zamanda, Qarabağın təhlükəsizliyi və qısa müddətdə yenidən qurulması məqsədilə bundan sonra da hər iki ölkənin imkanlarını səfərbər ediləcəyini rəsmən təsdiqlədi. Müqavilənin imzalandığı məkanın seçilməsi də xüsusi bir rəmzi, simvolik məna daşıyırdı. Birincisi, dünya ictimaiyyəti bir daha  erməni barbarlığını, vandalizmini görsünlər, 30 ilə yaxın əsarətdə saxladıqları şəhərləri, kəndləri necə dağıdıblar, talan ediblər. İkincisi isə, erməni işğalçılarının xaraba qoyduğu binanın uçurulmuş divarları fonunda hər iki dövlətin başçısı bütün dünyaya sülhün,  sakit şəraitdə yaşamağın vacibliyi mesajını göndərirlər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan  dünya ictimaiyyətini bir daha xalqımızın  erməni faşizmi üzərində qələbəsini qəbul etməyə və yaranmış yeni reallıqdan faydalanmağa çağırdı:” Bölgədə təsiri olan hər kəsi həqiqətləri görməyə, Azərbaycan xalqının Zəfərini qəbul etməyə və gələcəyə baxmağa dəvət edirik. Atəşkəs razılaşmasından sonra artıq bölgədə bütün tərəflər üçün yeni əməkdaşlıq imkanları yaranıb. Bölgədəki yeni reallığa fayda vermək istəyən hər kəsin nifrət və təhrik siyasətindən əl çəkərək sülh və əməkdaşlığı təşviq etməyə istiqamətlənməsi əsas şərtdir”. Prezident İlham Əliyevin də bildirdiyi kimi, “Bu səfərin tarixi əhəmiyyəti bundan sonra uzun illər ərzində dillərdə olacaqdır”.

Həmin sənəddə diqqəti cəlb edən məsələlərdən biri də beynəlxalq əhəmiyyət kəsb edən layihələrin reallaşmasıdır. Azərbaycanın Cənubi Zəngəzur dəhlizi böyük geosiyasi və iqtisadi əhəmiyyətə malikdir. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaqdır. Zəngəzur dəhlizinin açılması İkinci Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir. Cənab İlham Əliyev öz çıxışında bildirdi ki, “ Bu gün biz Türkiyəni və Azərbaycanı dəmir yolu ilə, avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışırıq, bu dəhlizi əməli işlərlə yaradırıq”. Bu həmin layihənin reallaşması ilə bağlı yaranmış müxtəlif fikirlər ən qəti və aydın cavab oldu.

Beləliklə, bir daha qeyd etmək lazımdır ki, Bəyannamədə göstərilən bütün müddəalar keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır. İki qardaş dövlət arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi müstəsna siyasi, mənəvi və tarixi əhəmiyyətə malikdir. Azərbaycan həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq formatında balanslı bir siyasət aparır. Cənubi Qafqazda regional inkişaf və əməkdaşlıq perspektivləri qlobal gündəlikdə duran mühüm məsələlərdən birinə çevrilmişdir. Azərbaycan gələcəyə nəzər salmağa, vahid inteqrasiya edilmiş Cənubi Qafqaz regionunun bir hissəsi olaraq öz gələcəyini planlaşdırmağa hazırdır. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında iştirak edir. Çinin “Bir kəmər, bir yol” təşəbbüsünü Azərbaycan fəal dəstəkləyir. Azərbaycan beynəlxalq maliyyə institutları ilə Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı və Çin tərəfindən təsis olunmuş İnfrastruktur və İnvestisiya Bankı fəal əməkdaşlıq edir. Neft-qaz, enerji, nəqliyyat və loqistika, kommunikasiya kimi iqtisadi layihələr regional əməkdaşlığı qaçılmaz edir.  Cənab prezidentin irəli sürdüyü  “Azərbaycan toqquşma məkanı deyil, əməkdaşlıq yeri olmalıdır” tezisi  bir daha dövlətimizin əməkdaşlıq səylərinin aydın təzahürüdür. Bu gün  Azərbaycanın həm regionda, həm də bütövlükdə dünyada mühüm strateji əməkdaşa çevrildiyini, onun nüfuzunun getdikcə daha da artır.

Hicran Hüseynova,
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri,
professor

Leave A Reply

Your email address will not be published.

Tərcümə »