Xəbər verdiyimiz kimi, ötən gün parlamentdə çıxış edən Ermənistan Baş naziri Nikol Paşinyan keçmiş Qarabağ separatçı dəstəsinin 2 saat ərzində təslim olduğunu və Azərbaycana milyardlarla dollar dəyəri olan silahları işlək vəziyyətdə, döyüş sursatları ilə birgə təhvil verdiyini açıqlayıb.
Paşinyan bu sözləri deyərkən Azərbaycan Ordusunun 2023-cü ilin 19-20 sentyabrındakı 23 saat 43 dəqiqə davam edən antiterror əməliyyatı və Qarabağdakı separatçıların tam təslim olmasını nəzərdə tutub.
28 sentyabr 2023-cü ildə separatçı və qanunsuz qurumun buraxıldığını elan edən baş separatçı Samvel Şahramanyan isə Paşinyanın bu sözlərinə qarşı çıxıb. O bildirib ki, Qarabağdakı silahlılar heç vaxt müstəqil olmayıb, onlar Ermənistan ordusunun tərkibində fəaliyyət göstərib və Ermənistan Baş Qərargahından da idarə edilib.
O, bu sözlərinə Qarabağdakı separatçıların “təhlükəsizlik şurasının katibi” olmuş Samvel Babayandan sitatı əlavə edib. Belə ki, Babayan da “Qarabağ ordusunun” “son günə kimi Ermənistan hökumətinə tabe olduğunu və Ermənistan Müdafiə Nazirliyinin struktur bölməsi kimi fəaliyyət göstərdiyini” deyib.
“Orada milyardlarla silah qoymağımızla bağlı isə demək istəyirəm ki, Nikol Paşinyan bu silahların kimin balansında olduğunu, onlara kimin cavabdeh olduğunu yaxşı bilməli idi”, – Şahramanyan vurğulayıb.
Başqa sözlə, bu vaxta qədər guya “müstəqil fəaliyyət” göstərdiklərini iddia edən Qarabağdakı keçmiş separatçılar Azərbaycan torpaqlarını işğalda saxlayan qüvvələrin məhz Ermənistan ordusu olduğunu, Ermənistandan maliyyələşdiyini, Qarabağdakı bütün silah-sursatın Ermənistan Müdafiə Nazirliyinin balansında olduğunu etiraf etməklə əslində 30 illik yalanlarını ifşa ediblər.//Axar.az